525.Az
İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirməyə hazırlaşır
İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirməyə hazırlaşır.
Lent.az-ın Avropa mediasına istinadən verdiyi xəbərə görə, İsrail ordusunun cənub bölgələri üzrə komandiri Sami Terceman ordunun Qəzzada əməliyyatları genişləndirəcəyini söyləyib: “Əməliyyatlar bir neçə gün davam edəcək. Ordu “Həmas” yaraqlılarını sıradan çıxarır. Qəzzada hələ vurulmayan hədəflər var və ordu həmin hədəfləri vurmağa çalışır”.
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Moşe Yalon, silahlı qüvvələrin baş qərargah rəisi Benni Qantz və hava qüvvələrinin komandanı Əmir Eşel ilə keçirdiyi təhlükəsizlik şurasının iclasında Qəzzada həyata keçirilən əməliyyatlar haqda danışaraq bütün israilliləri birləşməyə çağırıb: “Artıq üç gündür ki, əməliyyatlar davam edir. “Həmas”a və terrorçulara ciddi zərbələr endirmişik. Onlara daha ciddi zərbələr endiriləcək. İsrail silahlı qüvvələrinə peşəkar iş üçün bütün israillilərin adından təşəkkürümü çatdırıram. Ordu mülki və günahsız insanları vurmasa da, “Həmas” mülki fələstinlilərin arxasında gizlənir”.
Müdafiə naziri Moşe Yalon isə “Həmas”a və digər terror təşkilatlarına məxsus yüzlərlə hədəfin vurulduğunu açıqlayıb.
Fələstin prezidenti Mahmud Abbas isə İsrailin bir neçə saatdan sonra Qəzzada hərbi əməliyyatlara başlaya biləcəyini bildirib: “İsrail bu hərəkətiylə bizi torpaqlarımızdan qovmaq istəyir. Ancaq onlara burdan səslənirəm: “Biz heç yerə getməyəcəyik!”.
Fələstinin keçmiş baş naziri, “Həmas”ın lideri İsmayıl Xaniyə də verdiyi açıqlamada İsraili hərbi əməliyyatları dayandırmağa çağırıb: “Düşmənin hədəsindən qorxmuruq. “Həmas” liderlərinin canı uşaqların canından qiymətli deyil. İsrailin İordan çayının qərb sahili və Qüdsdəki fələstinlilərə göstərdiyi azğın münasibəti indi də Qəzzaya hücum etməklə davam etdirir. İsrail bizə hücum edib və biz də özümüzü müdafiə edirik. Sionistlərin hücumu məğlubiyyətlə başa çatacaq”.
Fələstinli rəsmilərin verdiyi məlumatda İsrailin Qəzza zolağına üç gündür davam edən hücumu nəticəsində, ölü sayının 90 nəfəri ötdüyü deyilir. Fələstin səhiyyə nazirliyi yaralı sayının 600 nəfərə çatdığını açıqlayıb. Nazirlikdən yaralıların daha çox mülki insanlar olduğunu da bildirilib.
“Həmas”ın raket zərbələri endirdiyi İsrail şəhərlərində isə tələfat yoxdur.
11.07.2014
çap et