525.Az

"Biz nə vaxt istədik ona toy edək, onda şəhid oldu balam"


 

"Biz nə vaxt istədik ona toy edək, onda şəhid oldu balam"<b style="color:red"></b>


Bu gün Vətən müharibəsinin daha bir şəhidi Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadənin evində ailəsi ilə birlikdə onunla bağlı xatirələri yad etdik.

Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə 28 aprel 1992-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Şəhid anası Məmmədova Gözəl xanım deyir ki, Məhəmmədəli uşalıqdan çox nümunəvi uşaq idi:

"Balamın 28 yaşı vardı, subay idi. Ondan bir ana kimi bir dəfə də narazıçılığım olmayıb. Onunla biz həm dost idik, həm ana-bala, həm də ki, dərd yoldaşıydıq. Həmişə boş vaxtları olanda mənimlə danışardı, həmişə də deyərdi, anamın telefonunu bağlamayın, nə vaxt istəyir o zaman yekunlaşsın... (Red. Ağlayır)

O, ayaqqabısını geyinirdi, gəlib üzümdən öpürdü. Qapıdan çıxırdı, qayıdıb birdə üzümdən öpürdü. Mənim oğlum müddətdən artıq hərbi xidmətçi işləyirdi. Kaş ona toy edərdik. Biz nə vaxt istədik ona toy edək, həmin vaxtda şəhid oldu. Əlimlə balama bal, əncir mürəbbəsi qoydum, dedim apar. Dedi, ana, növbəti dəfə aparacağam.

2020-ci il sentyabrın 23-də gəlmişdi evə,  həmin günü dəhşət yağış yağırdı. Buna yer açırdım yatsın, yerindən gülab iyi gəldi. Balama dedim, Allah xeyirliyə yozsun! Hər şeyini aparmışdı. Bir jaketi qalmışdı evdə. Son anda vəsiqəsini də götürdü, ancaq jaketi qaldı. Tezdən bacısı ilə atası aparıb jaketi verdilər ki, birdən balam üşüyər.

2020-ci ildə oktaybrın 5-də bizimlə danışanda dedi, erməninin evin yıxmışıq, darmadağın olublar. Atdığım minamyotlar onların postlarını külə çevirib".

Şəhidin atası Məmmədov Asif Məhəmmədəli oğlu deyir ki, tez-tez telefonla danışırdıq. Həmişə narahat idim:

"Deyirdim, Vallah mən sizin postdan çox narahatam, bala. Müharibə başalayandan 2 gün sonra telefonuna zəng çatmırdı. Erməni nəzərdə tutmuşdu ki, Ağdam istiqamətində gedəcəklər, amma bizimkilər planlı şəkildə irəlilədilər. Döyüş vaxtı ermənilər yandırıcı silahla Məhəmmədəli ilə dostu, silahdaşı Telmanı bir yerdə vurublar. Mənim oğlum Suqovuşan, Ağdam, Hacıməmmədli istiqamətlərində döyüşüb.

Adına orta məktəbdə sinif otağı var, ailəmizin şəxsi vəsaiti hesabına abidə bulaq kompleksi tikdirmişik balama.

Biz oğlumuzla, bütün şəhid və qazilərimizlə fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı arzu edirəm! Allah bütün körpə balaları qorusun, amin!"

Azərbaycan Ordusunun əsgəri olan Məhəmmədəli Məhəmmədəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 7 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad, igid qardaşım!

 

 





03.03.2023    çap et  çap et