525.Az

Çörək və gül - Maya İmran yazır


 

Çörək və gül - <b style="color:red"> Maya İmran yazır</b>

Mübarizə və fədakarlıq yaradılışındadır onun. Hələ öz hüquqlarının müdafiəsinə XIX əsrin sonu Amerikada başlayan Qadın və elə o vaxtdan başlanğıc götürən "8 mart" tarixçəsi Avropanın da bir neçə ölkəsində eyni məqsədlə gəzib dolaşdı.Gözəl yaşayış üçün "çörək və gül" istəyən qadınların 53 il davam edən mübarizəsi, nəhayət, özünə təqvimdə yer ala bildi.

Həyatda isə, hələ davam edir... 

Çörək arxasınca qaçan, gülsüz qalır.

Gülü olanın da çörəyi "zəhərdir".

Həm gülü, həm də çörəyi olan isə "tək-tüklər" isə "göz-nəfsdən qaçıb harasa gizlənib" qorxa-qorxa yaşayır... 

Ya da bu gün ona bağışlanacaq GÜLÜ sinəsinə basıb qəbiristanlığa üz tutur qara yaylıqlı QADIN... 

Ya da ilboyu yol çəkən gözü, bu gün həm də bir gül gözləyəcək..
Ya da gül kimi sözə həsrət qalacaq bu gün də...

Amma bu gün ən çox qönçə ikən solan, gül olmadan ləçək tökən qadının - ANAnın bayramıdır!

Bütün bayramlarını torpağa basdırıb, nəmli gözlərinə, ölmüş təbəssümünə təbrik yağan, saçı ağ, ömrü qara QADIN bu gün ilk təbrikini yuxusunda alıb, cənnətdəki oğlundan... 

Bu gün bütün bayramlarını ANA VƏTƏNƏ fəda edən ŞƏHİD ANASININ, şəhid yarının, şəhid qızının bayramıdır!

Ən SEVDİYİNİ fəda edə biləcək qədər fədakar olan sevimli qadının bayramıdır! Torpaq qədər müqəddəs, o torpağı VƏTƏN edən şəhid qədər fədakar, ALİ Qadının bayramıdır!

Adında zərifliyi qədər gücü, nəzakəti qədər vüqarı, məsumluğu qədər müdrikliyi daşıyanların bayramıdır!

Bir halda ki, savaşlara səbəb olan qadın sevgi ilə, istiliklə ram olunur, onu daha da qəlizləşdirməyə niyə həvəsliyik ki?!

Bir halda ki, QADIN Pərinuş Səniinin "Məsuməsi" qədər "ömürdən pay verən"dir,
Drayzerin "Cenni"si kimi sevgi həsrətlisi,
C.Cabbarlının "Sevil"i qədər talesiz və cəsurdur,
Orxan Pamukun Füsunu qədər laqeyd, "gediş"lə barışandırsa, bir halda ki, qadın sevgini doğandır, onu böyüdən, bəsləyən, qoruyandır, onu qorumaq çətindirmi?!

Ehtiyacı sevgi, istəyi sevilmək, həyat işığı, gücü, həvəsi, yaşamaq eşqi üçün "çörək və gül"- ruzi və sevgi ilə kifayətlənən qadının özü bir ömürlük bayram deyilmi?

Bu bayramı tapın, kəşf edin, qoruyun və bayram kimi ömür yaşayın!

 

 





08.03.2023    çap et  çap et