525.Az

"ABŞ Laçın yolu ilə bağlı Bakının təklifini dəstəkləyir"


 

TOFİQ ZÜLFÜQAROV: "AZƏRBAYCAN QANUNLARINA QARŞI MÜBARİZƏ APARMAQ İSTƏYƏNLƏR MƏHV EDİLMƏLİDIR" 

"ABŞ Laçın yolu ilə bağlı Bakının təklifini dəstəkləyir"<b style="color:red"></b>

Ermənistanın martın 5-də törətdiyi növbəti təxribat Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının vacibliyini gündəmə gətirdi. Bakıdan verilən rəsmi bəyanatlarda da bu məqam önə çəkildi. Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatlar, silah-sursat və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasını həyata keçirən erməni silahlıları hərbçilərimizə atəş açıb, atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar olub. Baş verən hadisə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Bakıya səfərində də gündəmdə olub. Amerikalı rəsminin "ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır", söyləməsi Vaşinqtonun Azərbaycanın təklifini dəstəklədiyini söyləməyə əsas verir.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ay Münhendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində bu təklifin həm Avropada, həm Amerikada məntiqli hesab olunduğunu deyib. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifi rəsmən verilib.

Sitat: "İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır".

Beynəlxalq güclər Azərbaycanın təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşürlər, eyni zamanda, onu da anlayırlar ki, Ermənistandan Azərbaycan ərazisinə daşınan silah-sursat separatçıların əl-qol açmasına, gərginliyin artmasına səbəb olur, yeni müharibə riskini artırır.

Baş verən hadisəni, eləcə də proseslərin necə inkişaf edəcəyini "525"ə şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, baş verənlər onu göstərir ki, mütləq və mütləq Azərbaycanın sərhədlərində qanunlara uyğun olaraq nəzarət bərpa olunmalıdır: "Biz görürük ki, Ermənistan özünün pozuculuq siyasətini davam etdirir və terror aktlarını bu şəkildə həyata keçirir. Yəni, silahlı ermənilər Azərbaycan ərazilərinə müdaxilə edib və bizim hərbçilərə qarşı terror aktı törədiblər".

Sabiq nazir o fikirdədir ki, ABŞ Laçın yolu ilə bağlı Azərbaycanın təklifini dəstəkləyir: "ABŞ rəsmisinin Bakıda Laçın yolu ilə bağlı səsləndirdiyi fikri birmənalı olaraq dəstəkdir. Söhbət ondan gedir ki, Azərbaycan 10 noyabr bəyanatında götürdüyü öhdəliklərə uyğun olaraq o yolda təhlükəsizlik məsələlərin sülhməramlılara tapşırıb. Təhlükəsizlik məsələsi Azərbaycanın qanunlarına uyğun şəkildə həyata keçirilməli, bu qanunlara zidd fəaliyyətə yol verilməməlidir. Mən şəxsən ABŞ-ın bu məsələdə ardıcıl şəkildə öz mövqeyini nümayiş etdirdiyini görürəm. Zəngəzur dəhlizi ilə bağlı da onlar bu fikri səsləndirdilər. Vaşinqton bəyan etdi ki, bu və ya digər kommunikasiyaların bərpası təkcə ölkələrin suverenliyi çərçivəsində baş verə bilər. Bu baxımdan artıq xeyli müddətdir gündəmə gətirilən sərhəd və gömrük nəzarət məntəqəsi yaradılmalıdır. Belə olduğu halda bir çox təhlükələrin və terror fəaliyyətinin qarşısı alına bilər".

Regionda vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələrdən danışan  T.Zülfüqarov hesab edir ki, Qarabağda yaşayan ermənilər arasında təxminən üç mövqedə olan qruplar mövcuddur. "Yəni bir hissə fikirləşir ki, bəli, müharibənin nəticəsində Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edib, onlar Azərbaycanın qanunları uğun olaraq öz həyatlarına davam etməkdə hər hansı problem görmürlər. İkinci qrup isə öz gələcəyini Qarabağda görmür və düşünürlər ki, mülklərini satıb getsinlər. Nəhayət, üçüncü qrup o mövqedədir ki, onlar belə davam etməlidirlər. Yəni hərbi üsullardan, təxribatlardan, terror əməllərindən istifadədən söhbət gedir. Belə təfəkkürün daşıyıcısı olan Ruben Vardanyan mitinq keçirdi, "biz vuruşacağıq" dedi, şüarlar səsləndirdi. İndi görürük ki, bu üç təbəqənin arasında mövqelər fərqlənir. Azərbaycan tərəfi məhz birinci və ikinci təbəqə ilə işləməyə hazırdır. Nümunə üçün kim Qarabağda yaşamağa davam etmək istəyir, Azərbaycan qanunlarına uyğun davranmalıdır. Azərbaycan vətəndaşlığını qəbul etməli, öz mülkiyyətində olan evi, torpağı qanunlarımıza uyğun olaraq qeydiyyatdan keçirməlidir. Sonra isə onlar özləri qərar verməlidirlər. Yəni, Azərbaycan qanunlarına uyğun olaraq bu mülkiyyətə sahib olan ermənilər istəsələr qalıb yaşayarlar, istəməsələr də mülklərini satıb çıxıb gedə bilərlər. Biz bu insanlara şərait yaratmalıyıq və bunu etmək üçün də mövqeyimizi ortaya qoymuşuq. Bizim sülhə meyilli olmağımız çox qabarıq şəkildə görünür. Amma ermənilər bizim kimi davranmayıblar axı. Onlar hara gəlirdilər insanları ya öldürür, ya etnik təmizləməyə məruz qoyurdular. Əhalimizin mülkiyyətini talan ediblər və s. Biz isə bütün dünyaya ayrı bir davranış göstəririk. Burda hesab edirəm ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunlara uyğun olan bir mövqedir. Azərbaycan qanunlarına qarşı mübarizə aparmaq istəyənlərə gəlincə, təbii ki, hər yerə onlara terrorçu deyirlər. Belə insanlarla söhbət qısa olmalıdır. Onlar Azərbaycan qanunlarına uyğun olaraq məhv edilməlidirlər".   

T.Zülfüqarov əlavə edib ki, üçüncü qrup ermənilər reinteqrasiya proseslərindən ehtiyat edirlər və qorxurlar: "Başa düşürlər ki, orda yaşayan əhalinin əksəriyyəti artıq bu müharibədən yorulub. Öz övladlarını itirmək, həmişə müharibə şəraitində yaşamaq, kiminsə xeyrinə yeni müharibənin qurbanına çevrilmək istəmirlər. Bu baxımdan orda çox vacib siyasi proseslər gedir. Bu cür təxribatlar ki, gördük məhz onunla bağlı olan məsələlərdir. Eyni zamanda məlumdur ki, bu təxribatların arxasında Ermənistandan başqa digər qüvvələr də var. Onların məqsədi heç də ermənilərin qələbəsi, ya da Azərbaycanın qələbəsi deyil, müharibənin, münaqişənin davamını təmin etmək, bu müharibə vasitəsilə bölgəni idarə etməkdir. Biz bu təhlükəni yaxşı görürük və başa düşürük ki, buna qarşı da öz siyasətimizi davam etməliyik".

 

 





09.03.2023    çap et  çap et