525.Az

Hindistanın qazancı - Xaqani Cəfərli yazır


 

Hindistanın qazancı - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiyanın Ukraynaya qarşı müharibəsinin geridə qalan bir ilinin əsas qazanclısı Hindistandır. Ötən ilin sonuna olan məlumata görə, Hindistanın Rusiyadan neft idxalı 33 dəfə artıb. Hazırda Hindistan Rusiyadan gündəlik 1.5 milyon barell neft alır. Bu, Hindistanın ənənəvi tərəfdaşları İraq və Səudiyyə Ərəbistanından idxal etdiyi neftdən çoxdur. Hindistanın Rusiyadan neft idxalatını kəskin artırmasının yeganə səbəbi var. Bu Rusiya neftinin çox ucuz olmasıdır.

Avropanın enerji bazarından kənarlaşdırılan Rusiya neft hasilatını qorumaq və beləliklə də neft şirkətlərini müflis olmaqdan xilas etmək üçün "qara qızıl"ı çox ucuz qiymətə satmaq məcburiyyətindədir. Hindistan Rusiyanın düşdüyü bu vəziyyətdən çox məharətlə istifadə edir. Reuters-in məlumatına görə, Hindistan Rusiya neftini maya dəyərinə və hətta bəzən maya dəyərindən aşağı qiymətə alır. Agentliyin məlumatına görə, Rusiyanın Hindistana satdığı Urals markalı neftinə endirimlər bəzi sövdələşmələr üzrə bir barel üçün 32-35 dollara qədər yüksəlib. Üstəlik, buraya neftin daşınması xərcləri daxil deyil. Reuters Rusiya energetika nazirinin müavini Pavel Sorokinə istinadən yazır ki, Rusiya neftinin hasilatçılar üçün təxmini dəyəri hasilat, vergilər və ixrac limanlarına daşınma xərcləri daxil olmaqla bir barel üçün təxminən 15-45 dollar təşkil edir. Onu da nəzərə almaq lazımdır ki, maya dəyəri 15-20 dollar arasında olan neftin ümumi hasilatda çəkisi çox azdır. Rusiya neftinin orta hasilat qiyməti 30-35 dollar arasındadır.

Rusiyanın neft şirkətləri logistika xərclərini azaltmaq üçün öz donanmalarından və daşıyıcı tərəfdaşların gəmilərindən istifadə edərək nefti Hindistana öz imkanları hesabına nəql etməyə çalışırlar. Rusiyanın bu məqsədlə 600 ədəd neft tankeri aldığı və böyük bir donanma qurduğu haqqında məlumatlar var. Rusiya neftini öz tankerləri vasitəsilə daşımaqla xərclərini azaltmağa çalışır. Bu ona sığortaçı şirkətlərin tələblərindən yayınmaq imkanı da verir.

Hindistan isə Rusiyadan idxal etdiyi nefti özünün neft emalı zavodlarında emal edərək neft məhsullarının satışını artırıb. Rusiyanın neft məhsullarına tətbiq olunan sanksiya da Hindistanın xeyrinə işləyib. Avropa və bütövlükdə Qərb bazarlarından kənarlaşdırılan Rusiyanın yerini Hindistan tutub. Hindistan Rusiyadan ucuz qiymətə aldığı neft emal edərək neft məhsullarının ixracını artırmaqla böyük gəlir əldə edir.

Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən, neft Hindistana ABŞ dollarına satıla bilməz. Buna görə də Hindistan Rusiya neftinin dəyərini özünün milli valyutası, rupi ilə ödəyir. Bunun nəticəsində Rusiya şirkətlərində külli-miqdarda Hindistan valyutası, rupi cəmləşib. İndi isə məlum olub ki, Rusiya şirkətləri Hindistana satdıqları neftin əvəzinə əldə etdikləri rupini istifadə edə bilmirlər. Hindistan Mərkəzi Bankı isə həmin rupilərin Moskva birjasında satılmasına və rubla çevrilməsinə icazə vermir. Bununla bağlı Hindistan qanunvericiliyində məhdudiyyətlər var. Ona görə də Rusiya şirkətləri əldə etdikləri rupiləri birjada sata bilmirlər. Yeni Dehli Moskvaya təklif edir ki, əlindəki valyuta ilə Hindistandan mal alsın. Bunun üçün Hindistan Rusiyaya sata biləcəyi 500-ə yaxın malın siyahısını təqdim edib. Buraya porşenlər, yağ nasosları, alovlanma rulonları, bamperlər, toxuculuq sənayesi üçün avadanlıq, o cümlədən, saplar və boyalar, eləcə də metallurgiya üçün 200-ə yaxın məhsul daxildir. Lakin Rusiya şirkətləri Hindistanın təklif etdiyi mallara maraq göstərmir.

Hindistan Rusiyanın düşdüyü vəziyyətdən bəhrələnməsi hələ ötən ilin əvvəlindən başlamışdı. Hindistan bankları hələ ötən ilin aprelindən ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya şirkətlərinə ödəniş etməkdən yayınırlar. Bu isə Rusiyanın almaz hasilatında inhisarçı şirkət olan Alrosa böyük zərər verir. ABŞ-ın tətbiq etdiyi sanksiya nəticəsində Alros şirkəti dollarla əməliyyat apara bilmir. Yeni Dehli ticarətin rublla aparılmasına da maraq göstərmir və bu mövqeyini Rusiya valyutasının məzənnəsinin qeyri-stabil olması izah edir.

Ötən ilin mayında Rusiya kömürünün Hindistanda ən böyük alıcısı olan Tata Steel poladtökmə şirkəti mövqeyini dəyişərək Rusiya ilə ticarəti dayandırmışdı. Tata Steel bu mövqeyini ödənişlərlə bağlı problemlərin yaranması və daşınma zamanı qiymətlərin artması ilə əsaslandırmışdı.

Reuters-in məlumatına görə, Hindistan neft emalı zavodları Rusiyadan dizel yanacağı da almayacaq. Məlum olduğu kimi Qərb dövlətləri Rusiyanın neft məhsullarına, o cümlədən, dizel yanacağına da yuxarı hədd qiyməti tətbiq edib. Hindistan isə daxili bazarını dizellə tamamilə təmin edir. Üstəlik, Hindistanda qüvvədə olan artıq mənfəət vergisi Rusiya yanacağını təkrar ixracat (reeksport) üçün alınmasını da əlverişsiz edir. Hindistan yalnız ən ucuz Rusiya neft məhsullarını almağa hazırdır. Dünyanın ən böyük neft emalı kompleksinin sahibi olan Reliance Industries fevral ayında Rusiya naftasının idxalını, həmçinin, mazut alışını 3 dəfə artırıb.

Göründüyü kimi, Hindistan Rusiyanın düşdüyü vəziyyətdən sui-istifadə edərək yalnız özünün maraqlarına cavab verən sahələrdə Rusiya şirkətləri ilə əməkdaşlıq edir. Ticarətlə yanaşı, siyasi məsələlərdə Rusiya Hindistanın təzyiqlərinə məruz qalır. Hindistan bir neçə dəfə Rusiyadan Ukraynaya qarşı müahribəni dayandırmağı tələb edib. Böyük 20-lərin son toplantısında Hindistan Rusiyadan müharibənin dayandırılmasını tələb edən Qərb dövlətlərinin mövqeyini dəstəkləyib. Bunun nəticəsində Çin şirkətlərindən fərqli olaraq Hindistan şirkətlərinin Qərbin sanksiyalarına məruz qalma ehtimalı azalır. Nəticədə isə Hindistan Rusiyanın Ukraynaya qarşı müharibəsindən ən çox qazanc əldə edən dövlətə çevrilib.

 





09.03.2023    çap et  çap et