525.Az

Dünya ədəbiyyatını bir ailə kimi düşünəndə... - Rəvan Cavid yazır


 

Dünya ədəbiyyatını bir ailə kimi düşünəndə... - <b style="color:red"> Rəvan Cavid yazır</b>

Toplumlar modern çağa qədər keçən təxminən iki min ili qiyamət qorxusuyla yaşayıb. Kabus həyatın başqa bir anlamıydı. O zamanlar kabus içində karnavalların qələbəlik səsi axtarılırdı. Sonra aydınlanma dövrü ilə ümid çağı başladı. Bu coşqu iki əsr davam etdi. İyirminci əsrdə ədəbiyyat yeni dövrün qiyamətindən yazdı, yəni xəyalların kabusundan. Qarşı tərəfi də təmsil etmək hüququnu istifadə edən ədəbiyyat bir yandan kabusun içindəki xatirələri yazarkən, digər yandan da xatirələrin içinə sığınmış kabuslardan danışdı. "Heç bir şey göz önündəki faktdan daha aldadıcı ola bilməz" deyən Şerlok Holms  haqlı idi. Epik mətnlər tragik finallara önəm verir, faciə həmişə mətnin əvvəlindən hiss olunurdu. Nağıllar isə "happy end"lə bitirdi. Roman faciə ilə xoşbəxtliyi iç-içə keçirtdi və mətnin sonuna deyil, mərkəzinə yerləşdirdi. Yeni dövrün ədəbiyyatı həm faciənin içindəki xoşbəxtliyi, həm də xoşbəxtliyin içindəki faciəni axtardı.

Romanın işi bütün real faktları aşmaq idi. Bu, ümumi mühakimə və azad ədəbiyyat yaratmağa daha əlverişli idi. Lakin roman hər yerdə eyni dillə oxunmur və eyni cür başa düşülmürdü. "Parçalanma" romanının yazarı Şinua Aşebe öz cəmiyyətindəki faciəvi bir hekayəni yazarkən qərblilər bu romana antropolojik məna yükləyirdilər, Aşebe isə elə məhz bu mənanın qurbanı olanların faciəsini danışırdı. Romanın mövzusunu deyil, romanda nəyin yazılmadığını araşdıran Terri Egleton Qərbdə yaranan yeni mətnləri süzgəcdən keçirirdi. Və digər yanda da Salman Rüşdi "Hindistandan bəhs edən bir romanda nəyə görə hindli biri bəyaz bir ingilisə təcavüz edər?" sualını gündəmə gətirirdi. Bu cür mübahisələr bəşəriliyin önündəki əngəlləri göstərərkən bəlkə də o əngəllərin çarəsini tapmağın yollarını da çoxaldırdı. Qeyri-bərabər inkişaf qanunu hələ də keçərlidirsə, indi mərkəzdən xaricdəki mədəniyyətlərin ədəbiyyatı daha aktualdır. Bəşərilik modern çağda Şekspirlə başladı. Ondan əvvəl Homer də, "Min bir gecə nağılları" da bəşəri idi. Amma onların bəşəriliyi sonrakı dövrlərə yayılaraq yeni həyat taparkən, günümüzdə dünya ədəbiyyatı bu imkanı indiki zamanda tapmaq marağındadır. Bu müzakirələrdə unudulan tərəf bəşəri mətnləri oxuyan bəşəri oxucuların olub-olmamasıdır. Bu gün keçmişə nəzərən daha çox oxuyan, texnologiya sayəsində dünya ilə daha tez əlaqəyə girən, intellektual, gözləntiləri daha çox olan və dərinləşən oxuyucularin şüuru bəşəri ədəbiyyatın əsasını qoymaqdadır.

Romanın bəşəriləşməsi oxucunun - fərdin dünyəviləşməsindən keçir. Bəşəriləşmə sadəcə ədəbiyyatın deyil, həm də sosiologiyanın, tarixin də iddiası və arzusudur. Buraya rəsmi, kinonu, musiqini də əlavə edə bilərik. Onlarla ortaq yöndə dünya ədəbiyyatı "bütünə" olan arzunun ifadə şəklidir. Hegel-Lukas kimi ifadə etsək, gözlənilən insanı param-parça etmiş bu toplumlarda yenidən itmiş bütünləşmənin, birlikdəliyin axtarışı, hətta yaratma çabasıdır. Bihudə bir axtarışdırmı bu? İnsanlığın gələcəyi bəlkə də paramparça olması ilə iç-içədir. Necə ki dünyanın genişlənib parçalanacağı ehtimalı var. Amma bu dağılma içində bütünləşmə axtarışı da boş bir xəyal deyildir. Fizikaya nəzər salsaq, Nyuton həqiqəti üzə çıxardı, amma əskikdi, Eynşteyn həqiqəti tapdı, amma yenə az idi, kvantçılar tapdıqları həqiqətləri təqdim etdilər, amma yenə yetmədi. Hər biri eyni məsələnin müxtəlif həllini tapdılar. İndi fizikada bu tapılan həqiqətlərin bütöv bir teoremi axtarılır: həqiqəti bütöv şəkildə ifadə edən. Elə Stefan Havkinq də ölmədən öncə bu teoremi dilə gətirən mətnlər yazdı. Bəlkə də bu qədər bədbin olmağa dəyməz. Kim bilir, ədəbiyyatın da bütövləşmə arzusu, bu yolda sərf etdiyi zaman bir gün özünü doğrulda bilər.

Dünya ədəbiyyatını bir ailə kimi fkirləşəndə daha real görünür. Ailə, bənzərlərin deyil, bənzər olmayanların birliyidir. Fərqli yaş, fərqli cinsiyyət, fərqli boy, fərqli çəki və fərqli xarakterlərin birgə yaşamasıdır. Tək ortaqlıqları eyni dili danışmalarıdır. Ədəbiyyat da eyni dili danışan (roman dili), bunun xaricindəki bütün şeyləri (sosiologiyanı, tarixi, fəlsəfəni, digər janrları, gözləntiləri, qayğıları) fərqli çeşidlərlə eyni mövqeyə yığa bilir. Fərqlilikləri vurğulanan bu müstəvi beynəlmiləl bazarın cansıxıcı, standart və bəlli bir mövzulara dayanan zehniyyətinin aşılmasına da yardım edəcək. Bütünlük, fərqliliklərin azadlıqları ilə mümkündür. Bunu örnək almayan dünya ədəbiyyatı bazar məhsullarının bir hissəsinə çevrilə bilər və Qərb mövqelərini aşmaq arzusunda olarkən, onun bütün kürəyə yayılmasına səbəb olar.

Dünya ədəbiyyatı müxtəlif əhvalların toplamından daha irəli keçərək yeni bir xüsusiyyətin, yeni bir mühakimə metodunun yaranma səsi ola bilər. Əks təqdirdə müxtəlif ölkələrin milli ədəbiyyatı Avropa ədəbiyyatının kənarındakı çəpərlər olmaqdan və həmişə bəşəriliyə can atacaq bir nəsnə kimi qalmaqdan can qurtara bilməyəcək. Yaxşılıq və pislik arasındakı düçüncədə bəzən dünya ədəbiyyatı fərqli dillərə tərcümə olunan milli ədəbiyyatlar toplusu kimi, bəzən də fərqli coğrafiya və mədəniyyətlərin toplusu kimi anılacaq. Anlayışlar arasındakı bu cür fərqli müzakirə nüanslarının yaranması, əslində, dünya ədəbiyyatının tam olaraq nəyi ifadə etdiyini hələ də heç kimin anlamamasıdır. Əvvəldə də qeyd olunduğu kimi, bu ifadənin sözləri (Dünya və Ədəbiyyat) belə konkret qarşısında mövqesiz və dəyişkən halda ikən, müzakirələrin bilinməz bir məcra alması ədəbiyyatın hər gün inkişafına və dəyişkənliyinə sübutdur. Bu müzakirələrdə gözlənilən nəticə konkret bir teorem və ya ortaq mühakimə deyil, dərinləşən baxışların xüsusiyyətlərini fikir alış-verişi şəklinə gətirməkdi. Höte kimi ədəbiyyatçıların, Marks və Engels kimi fikir adamlarının iki yüz il əvvəl dünya ədəbiyyatını müjdələməsi erkən bir iddia kimi görünür, amma uzaqdakı gələcəyi işarə etdikləri də aşkardı. Bütün bunlara baxmayaraq bir imkan var. Bu imkan isə insanların (oxucuların, yazıçıların, naşirlərin) çabası və bilikləri ilə mümkündür. Yoxsa, sadəcə bir gözlənti olaraq qalacaq. İndi o mərhələdəyik.

 





09.03.2023    çap et  çap et