525.Az

"Çay yığan qızlar" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Çay yığan qızlar" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatma Əsgərlidir. Onunla məşhur rəssam Böyükağa Mirzəzadənin "Çay yığan qızlar" əsəri haqqında danışmışıq. Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda, Abşeronun Fatmayı kəndində anadan olub. O, sənətə təsadüf nəticəsində gəlib. Atası oğlunun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayır. Onun yaradıcılığına müxtəlif dövrlərin Avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərib. Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. 1950-60-cı illəri Böyükağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar.

 

 

- Fatma xanım, rəsmin yaranma tarixçəsi haqqında nə bilirik?

- Böyükağa Mirzəzadənin "Çay yığan qızlar" əsəri 1967-ci ildə yaranıb. Əsər yağlı boya, kətan ilə işlənib.

- Tablo hazırda harda saxlanılır?

- Bu əsər Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Əsərdə əsasən, soyuq rənglərdən istifadə olunub. Gördüyümüz kimi yaşıl və qırmızı rənglər əsas yer tutur. Geyim və səbətlər isə özünəməxsus fərqli tonda göstərilir. Bir sözlə, rəsmin mövzusu ilə rəng koloriti bir-birini tamamlayır.

- Əsərin kompozisiyası necədir?

- Bu əsər rəssamın yaradıcılığında əsas yerlərdən birini tutur. Əsərdə Böyükağa Mirzəzadə ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhvalını dəqiqliklə əks etdirməyə nail olub. İncəsənət vurğunu olan rəssamın bədii sənət nümunələri arasında zərifliyi ilə seçilən balerinaların, rəqqasələrin incə təsvirləri, bəzən səhnə arxasında keçirdikləri həyəcanları bütün reallığı ilə izləyiciyə təqdim olunur.

Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin.

- Rəsmdə gördüyümüz xanımlar yəqin nəğmə oxuyur.

- Bəli, çay yığan qızlar xorla nəğmə oxuyardılar. Çəltik yığan qızların isə öz nəğmələri vardı:

İki gözəl gördüm dünən bulaqda,

Biri al geyinib, birisi ağda.

Böyükağa Mirzəzadənin fəhlə və kolxozçuların həyatına həsr olunmuş tematik rəsmləri həyat reallığını əks etdirir. Mirzəzadə neft mövzusuna müraciət edərək, də industrial mənzərəni yaradır.

Görkəmli fırça ustası digər əsərlərində olduğu kimi burada da klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırır.

Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr-dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi ola bilərik.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bu əsərdə qızların çay yığımından bəhs olunur. Burada biz qızların çay yığımına göstərdiyi həvəsi görürük. Bu isə əsərin qəhrəmanlarının, o cümlədən, onların real həyatdakı obrazlarının zəhmətsevərliyindən xəbər verir. " Çay yığan qızlar" da daxil olmaqla rəssamın bir çox əsərləri bu gün öz müəllifini yaşatmaqla yanaşı, həm də Azərbaycan təsviri sənətinin nəyə qadir olduğunu bir daha sübut edir.

Aytac SAHƏD

 





09.03.2023    çap et  çap et