525.Az

Türk ədəbiyyatının səngiməyən rüzgarı - Yusif Ziya Ortaç - Şahanə Müşfiq yazır


 

Türk ədəbiyyatının səngiməyən rüzgarı - Yusif Ziya Ortaç - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Ey şair, uğraşma kendi dərdinlə;

Millətin ağlayan qəlbini dinlə.

Bax, hüdudlar eynən bir qızıl yara,

Ölüm qanad gərmiş bu şən diyara!

Atılmış meydanlara yüz minlərcə gənc,

Qəlbində şəhidlik üçün bir özənc,

Bir yanda yuvaları yıxılmış, yanmış,

Günahsız qanlarla torpaq boyanmış!

Bu misraların müəllifi, böyük türk şairi Yusif Ziya Ortaç bu çağırışı sadəcə söz xatirinə, ya da şeir yazmaq üçün etməmişdi. O bu bir neçə misrada öz əqidəsini, amalını, yarım əsrlik ədəbi yaradıcılığının əsas qayəsini ifadə edir. Onun həyat və yaradıcılığına nəzər salanda görürük ki, uşaqlığı və gəncliyi ölkənin ən çətin, qarışıq dövrünə düşən şair gördüklərini, yaşadıqlarını özünün düşüncə süzgəcindən keçirərək əsərlərində əks etdirməklə qalmayıb, sonrakı həyatında proseslərə təkan vermək üçün siyasi, ictimai fəaliyyətlə də məşğul olub.

Yusif Ziyaəddin Ortaç 1895-ci ildə İstanbulun Bəylərbəyi səmtində mühəndis Süleyman Sami bəylə İzmir zadəganlarından İzzəddin bəyin qızı Huriyə xanımın ailəsində dünyaya gəlib.

İstanbul Vefa Liseyində oxuyub. Orta məktəb illərində şeir yazmağa əruz vəzni ilə başlayan Yusif Ziyanın ilk şeiri 1914-cü ildə "Kəhkeşan" jurnalında dərc olunub. Dr. Abdullah Cövdət bəylə tanış olandan sonra "İçtihat" jurnalına şeirlər göndərməyə başlayıb və burada yayımlanan şeirləri ilə şair kimi tanınıb. Ailəsi Bəbək səmtinə köçdükdən sonra Rıza Tofiq bəylə qonşu olan Yusuf Ziya onun vasitəsilə Ziya Gökalpla tanış olur və onun məsləhəti ilə heca vəznli şeirlər yazmağa başlayır. Heca vəznində yazdığı ilk şeiri "Gecə hamamı" "Türk Yurdu" jurnalında dərc olunub.

1915-ci ildə orta məktəbi bitirdikdən sonra Darülfünun-ı Osmanidə imtahandan keçərək ədəbiyyat müəllimi olur və müxtəlif məktəblərdə dərs deyir. Digər tərəfdən ədəbi fəaliyyətini davam etdirən Yusif Ziya 1916-cı ildə "Axından Axına" adlı mənzum kitabını nəşr etdirir. Hərb naziri Ənvər Paşanın sifarişi ilə yazılıb nəşr edilən bu kitabda onun Ordu üçün yazdığı iyirmi iki şeiri yer almışdı.

Yusif Ziya Ortaç əsasən, satirik şeirləri, məqalələriylə tanınır. O, 1918-ci ildə Sedat Simavinin nəşr etdiyi "Tikan" jurnalında "Çimdik" təxəllüsü ilə yumoristik yazılar yazaraq həcv və satirada adını tanıtmağa başlayıb. "Şair" adlı şeir dərgisi ilə nəşr sahəsində özünü sınayan Yusif Ziyanın ilk nömrəsi 1918-ci il dekabrın 12-də işıq üzü görən jurnalının nəşr həyatı pul çatışmazlığı səbəbindən 1919-cu il martın 20-də başa çatır.

1919-cu ildə satirik şeirlərdən ibarət "Şən Kitab", qəhrəmanlıq və vətənpərvərlik mövzusunda səkkiz şeirdən ibarət "Şairin duası" və "Aşiqlər yolu", 1920-ci ildə "Cəng Üfüqləri" adlı şeirlər kitabları nəşr olunub.

lll

Yaradıcılığında daha çox vətənpərvəlik mövzularına yer verən şair Qazi Mustafa Kamal Atatürkün əqidəsinə sadiq qalan ədiblərdən olub. O, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü dəfələrlə öz şeirlərində, yaradıcılığında sayğıyla yad edib, müstəqilliyin, azadlığın və inkişaf etməkdə olan məmləkəti onun şah əsəri adlandırıb:

Bu zəfər ölkəsi, bu say ölkəsi, sülhün yuvası,

Bu sərhədlər ki, vuran qəlbi birər ün yuvası,

Bu alov bayrağın altındakı hür torpaqlar,

Hamısı, minnətlə, sənin ismini söylər, saxlar!

On səkkiz milyonu sarmış dağılan zərrələrin:

Hamısı başdan-başa sən! Hamısı sənin şah əsərin!

Müstəqillik savaşında canını fəda edərək şəhidlik zirvəsinə ucalan oğul və qızlar, onların yaralı ailələri hər zaman şairin qəlbini sızladan, şeirlərində ürək yanğısı ilə bəhs etdiyi mövzulardan olub. O, milyonların bu acısını öz ürəyində hiss etdiyini göstərərək, o şəhidin də, oğlu şəhid olan yaralı atanın da özü olduğunu deyirdi şeirlərinin birində:

Məndim, əlbət, bu Çanaqqalanı köksündə tutan,

Qara torpaqlara övladını vermiş, uyudan...

lll

Şeirlə yanaşı dram yaradıcılığı ilə də məşhurlaşan ədibin "Binnaz" adlı üç pərdəli dramı 1917-ci ildə Darülbedayi səhnələrində oynanılıb. Bu əsər türk teatr tarxində hecayla yazılmış ilk mənzum pyesdir.

Yusif Ziya Ortaç adı gələndə ilk yada düşənlərdən biri də 1922-ci ildə Orhan Seyfi ilə birgə çap etdirdiyi "Akbaba" dərgisidir. Ədib bu yumoristik dərgidə həm baş redaktor, həm əsas müəllif, həm də Yazı İşləri müdiri idi. O, bu dərgidıə "Çimdik" və "İzci" imzalarıyla satirik şeir və məqalələr yayımlayırdı. "Akbaba" dərgisi 1928-ci ildə latın qrafikasına keçilməsi ilə tirajının düşməsi, 1930 və 1940-cı illərdə siyası çalxantılar səbəbindən nəşrinə ara versə də, Ortaç ölümünə qədər dərgini yaşatmağı bacarmışdı.

lll

Redaktorluq həyatında bir sıra qısa ömürlü dərgilər də nəşr etdirən Yusif Ziya Ortaç həm müəllimlik, həm də siyasi fəaliyyətlə də məşğul olub. O, 1946-1954-cü illər arasında VIII və IX dövr Ordu millət vəkili seçilib. 

1962-ci ildə sonuncu "Bir rüzgar əsdi" kitabını çap etdirən şair bir şeirində də təmənna etdiyi "ölümün müəmmasını çözmədən" 11 mart 1967-ci ildə İstanbulda qəfil ürəktutmasından vəfat edib və Zəncirliquyu məzarlığında dəfn olunub. 

Bəlkə də şair ölümə çarə tapmamışdı, amma bir-birindən maraqlı, mövzularıyla bütün dövrlər üçün aktual olan şeirləri, tərtəmiz və gözəl türkcəsi, türk ədəbiyyatına qatdığı töhfələr onu ölümsüzlüyə, ədəbi yaşarlığa ucaltdı!

 

 





09.03.2023    çap et  çap et