525.Az

Məktəb idarəçiliyi: direktorlar təlim-tərbiyədə baş təşkilatçı kimi


 

Məktəb idarəçiliyi: direktorlar təlim-tərbiyədə baş təşkilatçı kimi<b style="color:red"></b>

Müasir dövrdə təhsil prosesində məktəb direktorlarının üzərinə mühüm vəzifələr düşür. Məktəb direktoru müvafiq nizamnaməyə əsasən, məktəbin fəaliyyətini idarə edir, məktəbin inkişaf proqramını, perspektiv planlarını hazırlayır, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır. Daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həyata keçirilməsinin optimal həlli yollarını tapır. Dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil edir, pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir, təlim və tərbiyənin vəhdətini təmin edir, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür. Bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil edir, tədris planı və proqramların yerinə yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirləri həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, şagirdlərin dərin, keyfiyyətli bilik almalarını, təlim-tərbiyə işlərinin məzmunlu, səmərəli aparılmalarını istiqamətləndirir və onların işinə kömək göstərir. Ən başlıcası isə təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Bu funksiyaları vaxtında, ardıcıl, sistemli, davamlı və keyfiyyətlə həyata keçirmək üçün məktəb direktoru dərin elmi-nəzəri biliyə, geniş eridusiyaya, həyati və pedaqoji təcrübəyə, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. O, uşaqları   sevməli və onlara qayğı ilə yanaşmalıdır, bir pedaqoq kimi peşəsinin ustası, ixtisasının sahibi, lider-müəllim olmalıdır.

Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru Emilya Səfərəliyeva deyir ki, məktəb işinin məzmununu dərindən bilmədən, müasir şəraitdə cəmiyyətdə və təhsildə baş verən gerçəkliklərin mahiyyətini dərk etmədən məktəbi idarə etmək mümkün deyil. Məktəb rəhbərlərindən idarəçilikdə demokratik prinsiplərə istinad etmək, məktəbin qarşısında duran məsələlərin həllinə yaradıcı yanaşmaq, işgüzarlıq, intizamlılıq, operativlik, təşkilatçılıq, şəxsi məsuliyyət hissi ilə seçilmək tələb olunur. Məktəb direktoru səlahiyyətli rəhbər, təlim-tərbiyə prosesinin baş təşkilatçısıdır. O, ilk növbədə, pedaqoqdur, tərbiyəçidir. Onun biliyi, təşkilatçılıq qabiliyyəti və enerjisi təlim-tərbiyə prosesinin durmadan təkmilləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə yönəlməlidir: "Məktəb direktorunun bir rəhbər kimi özünütəsdiqində onun şəxsi mənəvi keyfiyyətləri, peşəkarlığı ilə bərabər, qəbul etdiyi qərarların ədalətliliyi də böyük rol oynayır. Çünki insanlar həmişə rəhbərin hərəkətlərində və münasibətlərində onun ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər zaman əməkdaşların hörmətini, etibarını qazanır, kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik olur. Hər hansı bir şəxsin məktəb direktoru vəzifəsinə təyin edilməsi barədə əmr verildikdə təhsili idarəetmə orqanı tərəfindən ona müəssisəyə, oradakı kollektivlərə rəhbərlik etmək hüququ, səlahiyyəti verilir, şəxsi nüfuzla bağlı əmrə heç nə əlavə edilmir. Direktor nüfuzu şəxsi nümunəsi, biliyi, təşəbbüskarlığı və digər mənəvi keyfiyyətləri ilə qazanmalı və özünü bir rəhbər kimi təsdiq etməlidir. Bu parametrlərə cavab verən direktorlarımız az deyil".

Məktəb direktoru, eyni zamanda, yaxşı psixoloq olmalıdır. O, nəinki ümumi psixologiyanı, eyni zamanda, pedaqoji psixologiyanı, yaş fiziologiyası və psixologiyasını yaxşı bilməlidir, əks halda, müxtəlif yaş qruplarına aid olan uşaqlar, yeniyetmələr, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı anlaşma yaratmadan idarəçilikdə uğur əldə etmək çətindir. Müəssisənin rəhbəri işçilərin psixi xüsusiyyətlərini, xarakterini yaxşı bildiyi zaman onları təşkil edib qarşıya qoyulan məqsədə çatmaq üçün səfərbər etmək asan olur, iş uğurla nəticələnir. Məktəb direktoru işçilərdən kimin hansı xüsusiyyətlərə malik olduğunu, xarakterinin zəif və güclü cəhətlərini bildikdə onlara yanaşma yollarını müəyyənləşdirmək, onlarla işçi münasibətlərini qurmaq asanlaşır, kimə hansı işi tapşırmaq, kimin fəaliyyətinə necə nəzarət etmək və sair məsələlər aydınlaşır.

Emilya Səfərəliyeva hesab edir ki, məktəb  direktoru  bir  idarəedici  kimi  yüksək  intellektə  malik ziyalı insan olmalıdır: "Məktəb təlim, tərbiyə, təhsil məbədi, mədəniyyət beşiyidir. Ona görə də belə müəssisənin rəhbəri yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır. İdarəetmə mədəniyyəti insanın və cəmiyyətin rifahı və xoşbəxtliyinin zəruri şərtidir. İntellektual, etik və hüquqi mədəniyyətlə yanaşı, idarəetmə mədəniyyətinin yüksəldilməsi bütövlükdə təhsil sisteminin təkmilləşdirilməsinə və nüfuzunun artmasına xidmət edərdi. Təhsil idarəçiləri bilməlidirlər ki, onların yüksək daxili mədəniyyəti insanların qarşılıqlı anlaşmasına, onlar arasında harmoniyanın yaranmasına, daha təkmil idarəçiliyin formalaşmasına aparan yoldur. Hazırda ölkədə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük işlər aparılır, təhsil sahəsində İslahat Proqramı çərçivəsində təhsilin müxtəlif aspektlərini əhatə edən Dövlət Proqramları həyata keçirilir, təhsilin maddi-texniki bazası möhkəmləndirilir, məzmunu və onun təşkili formaları yeniləşdirilir, kadr potensialını gücləndirməklə bağlı müəyyən işlər görülür. Təhsildə aparılan islahatların qarşıya qoyduğu problemlərin həlli ilə bağlı dövlət və hökumət tərəfindən nə qədər yüksək səviyyəli qanunlar, qərarlar, əmrlər, təlimatlar və s. qəbul edilir-edilsin, əgər onların fəlsəfəsi - ideyası, məzmunu və mahiyyəti təhsil müəssisələrinin - məktəblərin pedaqoji kollektivləri və onların rəhbərləri tərəfindən lazımınca dərk edilməzsə islahatın həyata keçirilməsində köklü uğur qazanmaq mümkün olmayacaq".

Direktorun sözlərinə görə, məktəbin vəzifəsi istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların şəxsiyyətinin və həyat boyu öyrənmək, cəmiyyət üçün məhsuldar üzv olması üçün vacib olan öyrənməyi öyrənmək, kommunikativ, yaradıcılıq və s. qabiliyyətlərinin inkişafına müvafiq şərait yaratmaqdır:

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, məktəbin uğuru, inkişafı yaxşı direktordan asılıdır. Onun tək amalı məktəbini sözün əsl mənasında ən yaxşı təhsil müəssisəsinə çevirmək olmalıdır. Özünü məktəbi üçün qurban verən direktor, məktəbi çiçəkləndirəcək: "İdarəçilik qabiliyyəti, bilik və bacarığı, şəxsi keyfiyyətləri və ən əsası vicdanlı namizədlərin direktor seçilməsi bilikli, savadlı nəslin yetişməsi deməkdir. Yaxşı direktor məktəbinin adının yüksəlməsinə, öncül təhsil müəssisələri sırasında olmasına, müəllimlərin təhsilalanlara yüksək səviyyədə təhsil verməsinə çalışır. Belə insanları  minlərlə müəllim içərisindən seçmək fikrimcə, çətin iş deyil. Çünki onlar öz bacarıq və potensialları ilə digərlərindən seçilir".

Professor bildirib ki, bugünkü məktəbdə tədris olunan elmlərin əsaslarının məzmunu və metodlarının intensiv şəkildə yeniləşdirilməsi prosesi gedir, təlim-tərbiyə işi dərinləşir və çoxcəhətli olur, məktəbin sosial funksiyaları genişlənir. Bu vəzifələrin uğurla həyata keçirilməsi məqsədə istiqamətləndirilən, yüksək səviyyədə təşkilatlanan və səfərbər edilən pedaqoji kollektivə müyəssər ola bilər. Yaxşı təlim və tərbiyə edə bilən kollektivin formalaşdırılması, ilk növbədə, direktorun işidir. Məktəb direktoru savadlı, elmli, bilikli olmalıdır. Məktəb təlim, tərbiyə, təhsil məbədi, mədəniyyət beşiyidir. Ona görə də belə müəssisənin rəhbəri yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır. İdarəetmə mədəniyyəti insanın və cəmiyyətin rifahı və xoşbəxtliyinin zəruri şərtidir. İntellektual, etik və hüquqi mədəniyyətlə yanaşı, idarəetmə mədəniyyətinin yüksəldilməsi bütövlükdə təhsil sisteminin təkmilləşdirilməsinə və nüfuzunun artmasına xidmət edərdi. Təhsil idarəçiləri bilməlidirlər ki, onların yüksək daxili mədəniyyəti insanların qarşılıqlı anlaşmasına, onlar arasında harmoniyanın yaranmasına, daha təkmil idarəçiliyin formalaşmasına aparan yoldur.

Sevinc QARAYEVA

 





09.03.2023    çap et  çap et