525.Az

İranın nüvə bombasında Rusiya izi


 

İranın nüvə bombasında Rusiya izi<b style="color:red"></b>

ABŞ-ın nüfuzlu Fox News nəşri kəşfiyyat mənbələrinə istinadən İranın nüvə silahı yaratmasına Rusiyanın yardım etməsi üçün Moskva ilə Tehran arasında gizli anlaşma əldə edildiyi haqqında məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyanın 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində İrandan aldığı zənginləşdirilmiş uranın Tehrana "mümkün qədər tez" qaytarılması ilə bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam verib. Sərəncamda qeyd edilib ki, ABŞ "hər hansı səbəbdən" Donald Tramp prezidentliyi dövründə geri çəkildiyi sazişə qayıtmasa, Moskva zənginləşdirilmiş uranı qısa zamanda Tehrana təhvil verəcək.

Dövlət Departamenti gizli kəşfiyyat hesabatını şərh etməkdən imtina edərək, Birgə Hərtərəfli Fəaliyyət Planının artıq gündəmdə olmadığını vurğulayıb. Moskvanın Tehranın nüvə proqramında iştirakı məsələsini şərh edən ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rebekka Koffler hesab edir ki, Rusiya İranın nüvə silahına malik olmasını istəmir, lakin Ukraynaya qarşı müharibədə İranın yardımına ehtiyacı var. Tehran bunların müqabilində Rusiyada dron zavodu aça və Moskvaya ballistik raketlər göndərə bilər. Lakin Rusiya bu addımı ilə İsrail və Ərəb ölkələrinin Ukraynaya geniş dəstək verəcəyindən qorxur. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudun Kiyevə səfər edərək prezident Volodimir Zelenski ilə görüşməsi və Ukraynaya 410 milyon dollar yardım edəcəyini açıqlaması təsadüfi deyil. Həmin yardım paketinin 300 milyon dolları Səudiyyə Ərəbistanı hökumətinin qrantıdr və Ukraynaya 300 milyon dollarlıq neft məhsulları verilməsini nəzərdə tutur. Heç şübhəsiz ki, bu Ər-Riyadın Moskvaya mesajıdır və Səudiyyə Ərəbistanın hansı addımları ata biləcəyinə işarədir. Əgər Rusiyanın İranın nüvə proqramına yardımı sübut olunsa, o zaman Ər-Riyad Kiyevə dəstəyini kəskin artıra bilər.

İran isə nüvə silahı əldə etməyin astanasındadır. ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, İran 12 gün ərzində nüvə silahı üçün yetərli ola biləcək zənginləşdirilmiş urana sahib ola bilər. İranın artıq 83.7 faizə qədər zənginləşdirilmiş urana malik olduğu qeyd edilir. İran isə bütün bu məlumatları təkzib edir.

Digər tərəfdən, İran nüvə obyektlərini İsrailin mümkün zərbəsindən qorumaq üçün Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri, müasir qırıcı təyyarələr almaq istəyir. Ekspertlər hesab edir ki, İranın bu silahları alma ehtimalı İsrailin hücumunu sürətləndirə bilər. Lakin bunun üçün ABŞ-ın razılığı lazımdır. Co Bayden administrasiyası son zamanlar İranı nüvə silahı əldə etməkdən çəkindirmək üçün diplomatiyanın effekt vermədiyi qənaətinə gəlməkdədir. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli ötən həftə İsrailə səfər edib. Səfər çərçivəsində İsrail rəsmiləri ilə İranın nüvə silahı əldə etməsinə qarşı mübarizə məsələlərini müzakirə edib. Belə görünür ki, İranın nüvə proqramının dayandırılması istiqamətində müəyyən hazırlıqlar gedir. Rusiyanın İrana dəstəyi isə onun dünyadan daha təcridinə səbəb olacaq.

 

 





10.03.2023    çap et  çap et