525.Az

Hər şeyi keçid dövrünün üzərinə atmaq olmaz


 

Hər şeyi keçid dövrünün üzərinə atmaq olmaz <b style="color:red"></b>

Bu yaxınlarda kollecdə müəllim işləyən  dostlarımla  görüşüb çay süfrəsində ordan-burdan söhbət edirdik, yəni dərdləşirdik. Birdən dostlarımdan birinə zəng gəldi o həmin şəxsi oturduğumuz  yerə dəvət elədi. 10-15 dəqiqədən sonra içəri daxil olan şəxslə tanış olduq. Söhbət zamanı məlum oldu ki, təzə tanışımız  Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra magistraturanı bitirib, elmi işçidir, hazırda universitetdə çalışır. Bir az ordan-burdan danışandan, yerimizi-yurdumuzu bir-birimizə bəlli edəndən sonra söhbət gəlib çıxdı cəmiyyətimizin yaralı yeri olan məmurlar məsələsinə. Balaca məclisimizdə məmurların fəaliyyəti ilə bağlı təbii ki fərqli fikirlər səsləndi. Bir azdan isə  müzakirə mövzumuz  daha da konkretləşdi. Hamımız  az-çox müddətdə Sabunçu rayon sakini olduğumuz üçün istər-istəməz söhbət yönəldi  rayonun təzə icra başçısı Adil Vəliyevin fəaliyyətinə.

Söhbət zamanı təzə tanışımızın fikirləri məndə xeyli maraq oyatdı. Ona görə onun fikirlərini öz əlavələrimi cəmiyyətlə bölüşmək qərarına gəldim.

Yaşca  bizdən  xeyli kiçik  olan təzə tanış olduğumuz universitet müəllimi utana-utana bizə dedi ki, sizlərdən fərqli olaraq mən Bakıda, daha doğrusu, Sabunçuda doğulub-böyümüşəm. Mənim uşaqlığım da, yeniyetməliyim , gəncliyim Sabunçuda keçib. Sabunçu son 1 ildə o qədər dəyişib ki, mən Sabunçunu tanıya bilmirəm...

Sözün düzü, təzə tanışımızın söhbəti həm maraqlı, həm mübahisəli gəldiyi üçün ordan-burdan əks-suallar verməyə başladıq.

Təzə tanışımız yenə utana-utana, həm ədəb-ərkanla bizə bildirdi ki, Sabunçu Bakının digər mərkəzi rayonlarından (Səbail, Nərimanov, Nəsimi s. ) fərqli olaraq həm "kənd tipli rayon" olub ( inzibati vahidlərinin  çoxu kənddir), həm həmişə bir az gözdən uzaq düşüb. Ona görə hətta sovet dövründə Sabunçuya elə diqqət ayrılmayıb. Şəhərin mərkəzi rayonlarından fərqli olaraq Sabunçuda həmişə bir  pərakəndəlik, dağınıqlıq, bir az natəmizlik olub. ən əsası odur ki, Sabunçu şəhərdən çox kəndə bənzəyib. Ona görə deyirəm ki, Sabunçu son 1 ildə büsbütün dəyişdi, rayon indi sözün əsl mənasında şəhərə bənzəyir. mən doğulub boya-başa çatdığım Sabunçunu tanıya bilmirəm...

Sözün düzü, həmsöhbətimizin arqumentləri, həm inandırıcı idi, həm ən əsası səmimi söylədikləri bizə xoş təsir bağışladı. Çünki təzə tanış olduğumuz universitet müəlliminin  Sabunçunun icra başçısı Adil Vəliyevə vəkillik eləməyə ehtiyacı vardı, elə xarakter sahibinə qətiyyən oxşamırdı. Qarşımızda oturan daha çox ziyalı tipi idi doğma rayonunda baş verən müsbət dəyişiklikləri bizə fərəhlə ürəkdolusu danışırdı.

Bizim maraqla qulaq asdığımızı hiss edən təzə tanışımız söhbətini belə davam etdirdi:

Bilirsiniz, Sabunçuda lap sovet dövründən paytaxtımıza yaraşmayan bir səliqəsizlik, pintilik, sıxlıq, basırıqlıq hökm sürürdü. Adil müəllim icra başçısı gələndən sonra Sabunçuya məhz bir səliqə-sahman, təmizlik gəldi. Əvvəllər Sabunçunun, Bakıxanovun ( keçmiş Razin ) küçələrində yeriyəndə adamın ürəyi sıxılırdı. İndi maşallah, bir genişlik, səliqə-sahman var, hiss edirsən ki, məhz  şəhərin küçələri ilə gedirsən. Düzdür, Adil müəllim təzə gələndə bəzi sakinlər, elə mən özüm   düşünürdüm ki, bu qədər söküntü-dağıntı olar? Amma indi həmin söküntünün nəticəsini fərəhlə hiss edirik. Sabunçu 70 illik sovet dönəmində, son 20 ildən artıq müstəqillik dövründə bu qədər abadlaşmayıb.

Həmsöhbətimiz  daha maraqlı bir fikir söylədi: bilirsiniz, dövlətimizin paytaxtı Bakının gözəlliyi abadlığı təkcə mərkəzlə bağlı ola bilməz. Bakının "başı" bəzəməklə abadlığa quruculuğa nail olmaq mümkün deyil.  Axı, şəhər təkcə başdan ibarət olmur. Bunun qolları var, gövdəsi var, ayaqları var... Bunlar hamısı gözəl olanda Bakıya abad gözəl şəhər demək olar. Yoxsa Bakı  başı gözəl, amma ayaqları əyri-üyrü, qolları zəif, gövdəsi eybəcər raxit orqanizmə bənzər. Çünki Sabunçu, Suraxanı, Xəzər rayonları Bakının qollarıdır. Məhz bütün bunları nəzərə alan dövlət başçısı İlham Əliyev cənabları Bakıətrafı qəsəbələrin abadlaşdırılmış problemini gündəmə gətirdi ki, Bakı sözdə deyil, həqiqətən gözəl olsun. dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsait ayırdı. Ancaq görəsən hər ayrılan vəsait təyinatına uyğun xərclənirmi? Əsas məsələ budur.  Bax bu məqamda bayaqdan söhbətin əvvəlində müzakirə  elədiyimiz məmur məsələsi, kadr problemi ortaya çıxır.

Məmur yerində olanda cəmiyyətdə narazılıq yaranmır, cəmiyyət razı qalır, ölkə başçısı da.

Ümumiyyətlə, kadr məsələsi, komanda problemi hər bir rəhbərin ən həssas yeridir. Düzdür, müstəqillik tariximiz cəmi 22 il olduğu üçün bizdə hələ kadr korpusu tam oturuşmayıb. Ona görə ölkə başçısı bəzi yararsız kadrları vəzifəsindən uzaqlaşdırmaqla məmur korpusuna yeni bacarıqlı kadrlar gətirir ki, problemlər həll olunsun. Axı, dövlət başçısının ölkənin qarşısında duran problemləri təkbaşına həll etmək üçün ən azı fiziki imkanları çatmaz. Bu mümkün olan deyil.  Ona görə hər bir dövlət məmuru ölkə başçısının ona göstərdiyi etimadı məhz  MƏSULİYYƏT   kimi başa düşməlidir ki, prezident mənim çiynimə məsuliyyət qoydu.

Düzdür, obyektivlik naminə onu da qeyd etməliyik ki, məmurun sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının illərlə yığılmış problemlərini həll etsin. Əslində bizim vətəndaşlar məmurlardan çox şey ummurlar, sadəcə insani münasibət görmək istəyirlər. Belə insani münasibətləri son bir ildə Sabunçu sakinləri rayonun yeni rəhbərliyindən görür.

Bir daha  qeyd edirəm ki, heç bir məmur hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Çünki məmurun borcu vətəndaşları qəbul etmək, onları dinləmək, qarşısındakını insan kimi qəbul etməkdir. Bu artıq bizim insanların problemlərinin həllinin yarısı deməkdir. Çox təəssüf ki, bu adi həqiqəti bəzi məmurlar başa düşmür.

Bir idarə rəisinin qəbuluna düşməyin dəhşətli bir problem olduğu, süründürməçilik  günümüzün acı reallığıdır. Ancaq bu problem Sabunçuda son 1 ildə demək olar ki, öz həllini tapıb. Həm söhbət təkcə icra başçısının özündən deyil, eyni zamanda vətəndaşlarla işləməyi  bacaran işgüzar komandasından gedir. Axı, icra başçısı az bir müddətdə bu qədər işi təkbaşına görə bilməzdi.

Yazının bu yerində yadıma  bir neçə il əvvəl yenicə mühüm vəzifəyə təyin olunmuş bir dövlət məmurunun ilk teleçıxışı düşdü. Həmin məmur deyirdi ki, prezident mənə qəti şəkildə tapşırdı ki,  " get oranı düzəlt".  Aydındır ki, heç bir ölkənin rəhbəri rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını istəməz. Əksinə istəyir ki, ölkə inkişaf eləsin, abadlıq olsun, insanların rifahı yaxşılaşsın. Çünki  ölkədə yaxşı pis varsa ictimai rəydə tarix qarşısında ölkə başçısının adına yazılır. Amma bəzi məmurlar prezidentin "get oranı düzəlt" tapşırığını  öz xarakterlərinə uyğun olaraq, öz başa düşdükləri kimi icra edirlər. Sonra da hər şeyi keçid dövrünün üzərinə atırlar. Axı, Adil Vəliyev , öz işinin öhdəsindən gəlməyən bəzi məmurlar da eyni prezidentin, eyni keçid dövrünün, eyni hakimiyyətin kadrlarıdır. Hər şeyi keçid dövrünün üzərinə atmaq olar?

Bu məqamda ölkə başçısı İlham Əliyev cənablarının bir sözü yada düşür: "Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Onların özləri, yaxınları insanları incidirlər, yersiz hərəkətlər edirlər, özlərini təvazökar apara bilmirlər...

Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən mən".

 





11.07.2014    çap et  çap et