525.Az

Ermənistan təxribatlardan əl çəkmir


 

BAKININ ADDIMLARI NƏ OLACAQ?

Ermənistan təxribatlardan əl çəkmir<b style="color:red"></b>

Ermənistanın martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi təxribat, ardınca həm şərti sərhəddə, eyni zamanda Rusiya kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsi tərəfindən Qarabağdakı Ordumuzun mövqelərinin atəşə tutulması İrəvanın təxribatlardan əl çəkmək niyyətində olmadığını göstərir. Ermənistanın bütün cəhdləri sülh prosesini bloklamağa, süni gərginlik yaratmaqla bölgəyə daha çox xarici qüvvə cəlb etməyə yönəlib. Necə ki, hazırda şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqı missiyasının nümayəndələrində belə yanlış rəyi formalaşdırmağa çalışırlar. Ermənistanın hərəkətləri Azərbaycanın öz təhlükəsizliyi ilə bağlı daha qətiyyətli addımlar atacağını deməyə əsas verir. Eyni zamanda Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsi yaradılmasına dair təklifin nə dərəcədə vacib olduğunu göstərir. Çünki Ermənistandan Azərbaycan ərazilərinə hər cür silah-sursat, minalar daşınır və sonradan həmin silahlar, minalar Azərbaycan vətəndaşlarının həyatına son qoyur. Mövcud vəziyyət sülh üçün böyük maneədir və İrəvanın sözdə sülh deyib, arxa planda yeni müharibə, qarşıdurma üçün separatçılar vasitəsilə iş apardığını göstərir. Azərbaycan sülhlə bağlı mövqeyini şəffaf şəkildə ortaya qoyub, Ermənistan isə ikitərəfli oyun oynamaqda davam edir. İrəvandan verilən yalan dolu bəyanatlardan fərqli olaraq, Bakı faktlarla danışır və bu faktları müvafiq beynəlxalq qurumlara təqdim edir. Həm ABŞ, həm Avropa İttifaqı rəsmilərinin açıqlamaları da onu deməyə əsas verir ki, hər iki tərəf Laçın yolu ilə bağlı Azərbaycanın təklifini dəstəkləyir. Çünki bu, birbaşa təhlükəsizliklə bağlı məsələdir. Azərbaycan XİN-in dünənki bəyanatında bir daha vurğulandı ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.

Ermənistan ona verilən bütün şansları itirməkdədir. Müstəqil dövlət kimi özü qərar qəbul edə bilməyən bu ölkənin rəhbərliyi bununla da öz xalqının, dövlətinin deyil, başqalarının maraqlarına, mənafeyinə xidmət edir. Amma artıq İrəvan üçün bəhanələr də tükənir. Bəhanə demişkən, baş nazir Nikol Paşinyan indi də Azərbaycanın guya etnik təmizləmə və soyqırımı hazırladığı barədə absurd açıqlama verib. Bəllidir ki, Bakı Ermənistandan fərqli olaraq nə Birinci, nə İkinci Qarabağ müharibəsi zamanı hər hansı hərbi cinayət, soyqırımı törətməyib, mülki insanları hədəfə almayıb. İrəvanın bu cür yalanları sadəcə olaraq yuxarıda da qeyd etdiyimiz kimi, xarici qüvvələri regiona cəlb etmək, sülh prosesinə zərbə vurmaq və vaxt uzatmaq kimi pozucu niyyətindən irəli gəlir.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov son hadisələrə münasibət bildirib. O, "Moskva-Bakı" saytına açıqlamasında deyib ki, baş verən insidentlər Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstəsinə hərbi təchizatının cinayət sxeminin pozulduğundan xəbər verir. Belə silahlı dəstə üçtərəfli müqavilədə qanuni olaraq təsbit edilməyib və onun mövcudluğu üçtərəfli bəyanatın pozulmasıdır.

Politoloqa görə, ötən il dekabrın əvvəlində azərbaycanlı fəalların Laçın yolunda aksiya təşkil etməsindən sonra Ermənistanın Qarabağdakı qanunsuz birləşmələri silahla təmin etmək imkanı itib: "İndi biz görürük ki, tədarük necə dolanbac şəkildə gedir. Azərbaycanın silah-sursat olan separatçıların avtomobilini yoxlaması erməni birləşmələrinin daha böyük təxribatı ilə başa çatıb, nəticədə hər iki tərəfdən ölüm olub. Hadisə Qarabağda qeyri-qanuni erməni birləşmələrinin olması ilə bağlı problemin daha da böyüyəcəyindən xəbər verir. Azərbaycan Ermənistandan bütün silahlı birləşmələri bu ərazidən çıxarılmasını tələb etməkdə getdikcə daha sərt olacaq ki, bu da ədalətlidir. Çünki onlar təhlükəsizlik riskidir. Görünür, Ermənistan bu millətçi hərbi dəstəni Qarabağda saxlamaq üçün hiyləgərcəsinə fürsət axtarmağa davam edəcək".

S.Markov bundan əvvəl Azərbaycanla Qarabağ erməniləri arasında baş tutmuş danışıqlara da toxunub və bunu erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasına yönəlmiş strateji xəttinin təzahürü adlandırıb. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yaranmış problemli vəziyyəti həll etmək üçün nəinki bütün Qarabağın Bakının nəzarəti altına qayıtması, erməni icmasının bu ərazini tərk etməməsi, əksinə, orada qalması və Azərbaycan cəmiyyətinə inteqrasiya olunması çox arzuolunandır: "Bu, Azərbaycanın imicini bütün dünyada xeyli gücləndirər və bir çox başqa məsələlərin həllinə imkan verərdi. Hər kəs yaxşı bilir ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Ermənistan rəhbərliyinin Azərbaycanı Qarabağ ermənilərinin "soyqırımı"nda ittiham etmək cəhdləri bütövlükdə Ermənistan cəmiyyətinin "erməni soyqırımı" anlayışını bütün dünyaya sırımaq istəyinin bir elementidir. Ermənistanda Qarabağdakı hadisələri yüz il əvvəl Osmanlı imperiyasında baş verən hadisələrlə əlaqələndirməyə çalışırlar. Bu iki hadisə süni şəkildə əlaqələndirilir. Ermənilər azərbaycanlıları türk hesab edirlər və onlar üçün Qarabağ türklərlə əbədi savaşın davamıdır. Əslində bu da mifdir, çünki ermənilərlə türklər arasında "əbədi müharibə" yoxdur. Paşinyan müxtəlif Avropa platformalarında bəzi potensial qanlı hadisələrlə Avropa İttifaqını qorxutmağa və bu yolla onları daha da Cənubi Qafqaza sürükləməyə çalışır. Bu, Ermənistan rəhbərliyinin ümumi məntiqinə uyğundur. Başa düşür ki, Qarabağda qala bilməz, Azərbaycan Ordusu daha güclüdür və onu məğlub edə bilməz. Bu şəraitdə Ermənistan rəhbərliyi digər dövlətləri də erməni maraqlarını müdafiə etmək üçün təxribata çəkməyə çalışır. Ermənistan hakimiyyəti Rusiyaya təzyiq göstərməyə çalışırdı ki, Rusiya sülhməramlı kontingentinin 5 illik mandatının sonunda Azərbaycana Qarabağa öz qoşunlarını yeridib və əraziyə nəzarəti ələ keçirməsinə imkan verməsin. Amma Rusiya açıq-aydın Ermənistanın tərəfində vuruşmaq istəmir. İndi Ermənistan Avropa İttifaqını Cənubi Qafqaza sürükləməyə çalışır. Yəni faktiki olaraq Ermənistan Aİ qoşunlarının təkcə Ermənistan ərazisinə deyil, həm də Qarabağa daxil olmasına çalışır".

Politoloq əlavə edib ki, Rusiya Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıyır: "Amma eyni zamanda, Rusiya qalan ərazilərin sülh yolu ilə Azərbaycana qayıtmasını istəyir. Eyni zamanda, Rusiya hesab edir ki, vəziyyət təkcə Azərbaycandan deyil, həm də Ermənistandan asılıdır. Ermənistan rəhbərliyi də münaqişənin hərtərəfli həllinə töhfə verəcək addımlar atmalıdır. Xüsusilə, Qarabağdan silahlı birləşmələri mərhələli şəkildə çıxarmaq, sərhədin demarkasiyası və delimitasiyası məsələsində irəli getmək, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolunda irəliləmək lazımdır.

Ermənistan rəhbərliyi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla əldə olunmuş bir çox razılaşmaların, xüsusən də Zəngəzur dəhlizi, demarkasiya və delimitasiyası ilə bağlı razılaşmaların icrasını ləngitdiyi üçün Rusiya getdikcə daha çox Azərbaycan mövqeyinə meyilli olur. Nəhayət, fövqəladə vəziyyət yaranarsa, Qarabağın qalan hissəsini öz nəzarətlərinə qaytarmaq üçün öz silahlı qüvvələrini istifadə edə bilər. Nəzərə alsaq ki, Ermənistan Rusiyanın düşmənləri ilə hər cür oyuna gedir, bu halda Rusiyanın Azərbaycanın Qarabağ üzərində nəzarəti silah gücü ilə bərpa etmək üçün legitim hüququ olduğunu başa düşməsi daha da güclənir".

 

 





10.03.2023    çap et  çap et