Dünyanın bir çox ölkələri bu gün inflyasiyanın qarşısını almaq üçün sərt monetar siyasətə keçib, yeni addımlar atmağa cəhd edirlər. Hətta dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ da bu problemi yaşayır. Ötən il bu ölkədə inflyasiyanın səviyyəsi bir qədər azalsa da, proqnozlaşdırılandan daha yüksək oldu.
Təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Ölkəmizə gəldikdə isə, proqnozlara görə, cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də infilyasiyanın az olması gözlənilir.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov "525"ə açıqlamasında inflyasiyanın yaranma səbəblərinin xərc, tələb, pul təklifinin artması və xarici amillərlə asaslandırıb: "Xərc inflyasiyası xammalın və resursların qiymətlərin artması, tələb inflyasiyası isə xərclər çoxaldıqca tələbin artması nəticəsində yaranır. Yüksək məbləğdə pulun çap olunması da inflyasiyaya gətirib çıxarır. İdxal inflyasiyası isə xarici ölkələrdəki inflyasiyalar nəticəsində baş verir. Bir vətəndaşın iqtisadi baxımından xarici ölkədən asılılığı varsa, həmin ölkədə yaranmış inflyasiya burdakı vətəndaşa da təsir edir. Eyni zamanda, xaricdə inflyasiya nəticəsində qiymətlər artır və bu da həmin ölkələrdən bizə gətirilən malların qiymətlərinin artırılması ilə müşahidə olunur. Baş verəcək inflyasiyanın qarşısını almaq üçün xüsusi siyasət tətbiq etmək lazımdır. Bu prosesi makro və mikro səviyyədə həyata keçirmək olar. Əgər ölkədə pul çapı təklifi çoxdursa, bu, normal qaydada tənzimlənməlidir. Hazırda ölkəmizdə daha çox yaranan xərc və idxal inflyasiyasıdır. İdxal etdiyimiz məhsulları başqa əvəzedici mallarla əvəz etməliyik ki, inflyasiya artımı baş verməsin. Əgər idxal etdiyimiz məhsulların alternativini yaratmasaq, onun qiyməti xarici bazarda nə qədər artacaqsa, daxili bazarda da o qədər artmış olacaq. Diqqətçəkən məqamlardan biri də dünya ölkələrindəki inflyasiyanın artım faizi ilə bizim ölkədəki inflyasiyanın artım faizi arasındakı fərqdir. Deməli, düzgün qurulmayan daxili faktorlar var və onlara yenidən baxmaq lazımdır. Düşünürəm ki, bu, rəqabətli bazar şərtlərinin formalaşdırılması ilə əlaqədardır. Daha çox rəqabət yaratmaq lazımdır ki, qiymətlər o səviyyəyə çatmasın. Bu dərəcə də inflyasiyanın olduğu halda vətəndaşların özləri də xərclərin azaldılması yönündə addımlar atmalıdır".
Ötən ilin son ayları ilə müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə olunub. Bu gün bizdə inflyasiyanın əsas yaradıcısı kimi xarici amili önə çəkilir. Azərbaycan Mərkəzi Bankı da, Maliyyə Nazirliyi və digər qurumlar da ölkədəki bahalaşmanın əsas səbəbi olaraq xarici amilləri göstərirlər. İnflyasiya elə bir göstərici və prosesdir ki, iqtisadi artımdan da qaynaqlana bilir. Bu, daxili bazarın konyunkturundan - tələbatın ödənilməsi şəraitindən də yaranır. Yəni təklif tələbi ödəmədikdə də inflyasiya baş verir. Etiraf edək ki, inflyasiyanı tənzimləyən alətlərin heç də hamısı Azərbaycanda dünyanın digər inkişaf etmiş ölkələrində olduğu kimi işləmir. Ekspertin də vurğuladığı kimi, bu istiqamətdə yeni iqtisadi və siyasi addımlar atmalı, prosesə ciddi diqqət yetirilməlidir.
Havar ŞƏFİYEVA
çap et