525.Az

Anar gerçəkliyi - Bilal Alarlı (Hüseynov) yazır


 

Anar gerçəkliyi - <b style="color:red"> Bilal Alarlı (Hüseynov) yazır</b>

Anar şəxsiyyətinə, onun zəngin yaradıcılığına, çoxşaxəli fəaliyyətinə hər zaman böyük rəğbət bəsləmişəm. Sözsüz ki, Anar müəllimdən gördüyüm diqqət və qayğı da ona olan rəğbətimi xeyli artırıb. Mən Azərbaycan Yazıçılar Birliyinin sıravi üzvüyəm. AYB üzvlüyü biletini gəlib Bakıdan götürməmişəm, Anar bu bileti mənə bölgədə təqdim edib. 1998-ci ildə Xəlil Rzanın xatirəsinə həsr olunmuş tədbirdə məni səhnəyə çağırdı, bileti verdi, təbrik etdi və çıxışıma şərait yaratdı.

İkinci qayğını isə bu yaxınlarda, daha doğrusu, pandemiya dövründə görmüşəm. Anar telefon nömrəmi hardansa götürmüş, mənə zəng etmişdi. Bəzi məsələlərdən danışdıq, sonda mənə dedi ki, Xəyal Rzaya de, Prezident təqaüdü üçün siyahı tərtib olunanda səni mənim yadıma salsın.

Pandemiya ilə bağlı Bakıya gec-gec gedirdim. Günlərin bir günündə mənə AYB-dən zəng gəldi və bildirdilər ki, müvafiq sənədləri toplayıb onlayn şəkildə təqdim edim. Topladım və təqdim etdim, Anarın şəxsi təşəbbüsü ilə Prezident təqaüdünə layiq görüldüm. Sənədlərin tərtibi üçün AYB-nin idarəetmə strukturunda çalışanlar da mənə qayğı göstərdilər. Onu da deyim ki, oğlum Faiq Hüseynbəyli məndən çox-çox qabaq, AYB-nin ən gənc üzvlərindən biri kimi, Prezident təqaüdünün təsis edildiyi ilk illərdə bu mükafata layiq görülüb.

AYB-nin ədəbi orqanları həmişə mənim yazılarıma yaşıl işıq yandırıb. "Azərbaycan" jurnalında bir ildə bir neçə dəfə yazım verilən vaxtlar olub. Bir müddət "Ulduz" hər sayında mənim məqalə, hekayə və şeirlərimi verib. Halbuki həmin vaxtlarda bu jurnallarda yazı çap etdirmək arzusunda olanlar çox idi, elə şair və yazıçı var idi ki, yazısı bu mətbu orqanlara gedib çıxmırdı. "Qobustan" jurnalı bölgə folkloru ilə bağlı bütün yazılarıma yaşıl işıq yandırırdı. Hətta qısqananlar da olurdu ki, Bilal Alarlı ədəbi orqanlarda niyə belə çox çap olunur?!

AYB-dən və Anardan elə bir umacağım yoxdur. Amma bir arzum var: ədəbi orqanların nəşri dayanmasın! Mən doxsanıncı illərdə bu orqanların necə böyük çətinliklə nəşr edilməsinin şahidi olmuşam. AYB-nin və onun ədəbi orqanlarının qorunub saxlanmasında Anarın xidmətləri danılmazdır. Mən belə düşünürəm ki, AYB üzvləri Anarı qorumağa borcludur, çünki Anar AYB-ni qoruyub saxlayıb və saxlamaqda davam edir. Bu, aydın bir reallıqdar və bu reallığı gərək hamımız layiqincə anlayaq.

Bura qədər yazdıqlarım Anarın ictimai fəaliyyəti ilə bağlıdır. Onun ədəbi fəaliyyətinə gəldikdə isə, tərəddüdsüz deyə bilərəm ki, yaşlı, orta və gənc ədəbi nəsillər üçün Anar canlı klassikdir. Çağdaş yazıçılardan Anarın yaradıcılığı daha çox araşdırılıb və öyrənilib. Anar çağdaş ədəbiyyat üçün kimdir? Tədqiqatçı, publisist, kinossenarist, dramaturq, folklor araşdırıcısı, yoxsa adi yazıçı? Anarın ədəbi-elmi-publisistik fəaliyyətini siyahı şəklində bir kitaba yığıb-yığışdırmaq mümkün deyil. "Min ilin Oğuz şeiri" adlı toplu tərtib edən, Dədə Qorqud dastanlarının motivləri əsasında kinossenari yazan, dastanla, aşıq ədəbiyyatı ilə, xüsusən Aşıq Ələsgərlə bağlı araşdırmalar aparan, torpaq, su, od, yel mifoloji görüşləri ilə səsləşən "Torpaq. Dəniz. Od, Səma" mövzusunda gəzişmələr edən, sözünü birbaşa demək çətin olduqda yumora üz tutan, "Molla Nəsrəddin-66" kitabıyla cəmiyyətin eybəcərliklərinə işıq salan Anar ədəbiyyata dair bir institutun görə biləcəyi işlərə imza atıb. "Qobustan"ın mənəviyyatımıza nur saçan səhifələrində etnoqrafiya, folklor, arxeologiya, tarix, ədəbiyyat mövzusunda yazıların yer alması böyük təşəbbüsün əməli nəticəsidir.

Yaradıcılıq kredosu janr məhdudiyyəti bilməyən Anar satira, yumor, fantastika, ən başlıcası, hekayə-povest-roman kimi təhkiyə ənənələrinə öz üslubu ilə gəlmiş, arxaizmlə novatorluğun kontekstində çağdaş oxucunu düşündürən mövzulara müraciət etmişdi. "Ötən ilin son gecəsi", "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərləri əxlaqi-mənəvi dəyərlərin novatorcasına təhlili üzərində qurulub. Anar yaradıcılığında novatorluq arxaik yaşam adətləri ilə mübarizə şəraitində təqdim olunur. Bu mövzuların sifarişi cəmiyyətdən, həyatdan gəldiyi üçün konkret məkana və konkret tarixə sığmır.

Qəti şəkildə demək olar ki, Anar yaradıcılığı folklordan əsaslı şəkildə qidalanır. Anarın folklor dünyagörüşü bu mövzuda kitab, məqalə və toplu tərtibi səviyyəsində qalmır. Onun yaradıcılığında folklor motivlərinin rolu böyükdür. Anarın nəsrin ucalığında dayanmasının mənbələrindən biri onun şifahi xalq ədəbiyyatı ilə bağlılığıdır. Anar folkloru yazılı ədəbiyyata gətirir, "Yaxşı padşahın nağılı"nı yazır, Molla Nəsrəddin (əslində Cəlil Məmmədquluzadə) ünvanına üz tutub satirik hekayələrə müraciət edir. Obrazlar köhnəliyin qalığı ilə yeniliyin təbliği üzərində qurulur. Ötüb keçən, zamanını başa vuran adətlərin çağdaş insanların yaşamında oynadığı mənfi və müsbət rol zərgər dəqiqliyi ilə çözülür. Anar və folklor mövzusunda araşdırmalarla kifayətlənməyən tədqiqatçılar haqlı olaraq onun yaradıcılığının mənəviyyatımıza təsir imkanlarını da öyrənmişlər. Ədəbi dilimizin ahəngdar ifadəsində də Anarın nəsr əsərləri əvəzsiz rol oynayır. Dialektlərdən, folklordan gələn türkəsilli sözlərin bir qismini ilk dəfə Anar öz əsərlərində işlədib. Anarın tez-tez müraciət etdiyi atalar sözü və məsəllər, əfsanələr, rəvayətlər, lətifələr onun əsərlərinə xüsusi zənginlik gətirir. Təkcə Dədə Qorqudla bağlı bir neçə kitabı işıq üzü görüb. "Dədə Qorqud" (1983, 1999), "Dədə Qorqud dünyası" (1983), iki cilddə "Kitabi Dədə Qorqud ensiklopediyası" (2000) həm də bir folklorşünas araşdırmalarının elmi nəticələridir. Folklora münasibəti ssenarilərində də yer alıb.

Anar yaradıcılığında etik problemlərin qoyuluşu, folklor motivlərinə və mifik qaynaqlara müraciət, şifahi xalq ədəbiyyatından gələn obrazların yeni ampulada təqdimi, folklordan gələn dil xüsusiyyətləri ayrıca araşdırılmağa layiq mövzulardır.

Bu yazdıqlarım eyforiyadan uzaq, sakit düşüncələrimin məhsuludur. Mən Anarın titullarını saymıram, çünki bu titullarsız da Anar ədəbiyyatımızın bayraqdarı statusunu qazanıb və fəxrlə bu adı daşıyır.

14 mart Anarın doğum günüdür, yaxın günlərdə onun 85 yaşı tamam olacaq. O, ədəbiyyatımızın iki korifeyinin - Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açıb. O valideynlər dünyadan xoşbəxt köçürlər ki, onların övladları təkcə evinə-eşiyinə işıq salmır, onda gözü olanların arzularını nura bələyir. Rəsul Rza "Oğlum Anara" şeirində deyir:

 

Könlüm sənsiz ağlar, səninlə gülər,

Ata olmayanlar bunu nə bilər?

Tutub çarpayının yanından səhər,

Ayağa durmağın yadıma düşdü.

 

Nigar Rəfibəylinin Anarla bağlı istəkləri şeirlərini də bəzəyir:

 

Dedilər, heyransan gülün ətrinə,

Gül qatdım şeirimin hər bir sətrinə.

Min cəfaya dözdüm sənin xətrinə,

Anarım, Anarım, gözəl Anarım!

 

Baharın ölkəmizə qədəm qoyduğu bir vaxtda dünyaya gəlişiylə bir evi, bir eli nurlandıran Anar ədəbiyyatımızın qaranlıq tarixi məqamlarda da işığı öləziməyən, yol göstərən mayakı oldu. Şeirin, sənətin məbədgahını - Azərbaycan Yazıçılar Birliyini qoruyub saxlaya bildi, nüfuzunu artırdı, yazıçılara dövlət qayğısı göstərilməsinə nail oldu.

Bu böyük yazıçımızın builki yubileyi xalqımızın təntənə ilə qeyd etdiyi İlaxır çərşənbəyə düşür. İlaxır çərşənbə türk xalqlarının qədim Danatma mərasimindən qidalanır, mifoloji kökləri dərindir. Danatma mərasimi təbiətin oyanışının el bayramı səviyyəsində qarşılanması və qeyd olunmasıdır. Bayramınız mübarək, Anar müəllim!   

 

 

 





10.03.2023    çap et  çap et