525.Az

150 illik möhtəşəm səhnə yolu - Şahanə Müşfiq yazır


 

150 illik möhtəşəm səhnə yolu - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

İncəsənətin, mədəniyyətin beşiyi olan Azərbaycanımızın teatr tarixi də ta qədimlərə gedib çıxır. Öz mənbəyini xalq teatrından, Meydan teatrından götürən Azərbaycan teatrı tarixin bütün dövrlərində incəsənətin əsas qolu kimi inkişaf edərək bu günümüzə gəlib çatıb.

Professor İlham Rəhimli özünün milli teatrımızın tarixi haqqındakı kitabında yazır ki, Azərbaycanda ilk teatr binasının Şamaxıda tikildiyi və orada tamaşa oynanıldığı barədə "Kavkaz" qəzetinin 6 iyul 1858-ci il sayında məlumat var. Ondan əvvəl isə 1848-ci ildə Şuşada şəhər klubunun olduğu və orada xeyriyyə məqsədilə tamaşalar göstərildiyi məlumdur. Lakin hər iki faktla bağlı əldə dürüst məlumat, afişa və ya tamaşaların kimlər tərəfindən hazırlanması ilə bağlı sənəd olmadığından elmi cəhətdən bunlara əsaslanmaq olmur.

Ona görə də Azərbaycan peşəkar milli teatr tarixinin yaranması 1873-cü ildən götürülür. Həmin ilin 10 martında (təzə tarixlə 22-də) Novruz bayramı münasibəti ilə maarifpərvər ziyalı, "Əkinçi" qəzetinin redaktoru, naşiri, pedaqoq Həsən bəy Zərdabinin rəhbərliyi ilə Realni məktəbinin tələbələri Mirzə Fətəlinin "Lənkəran xanının vəziri" komediyasını Nəciblər klubunda ("Sobiraniya") göstəriblər. Həmin tamaşada rolları Əliyar Haşımov (Xan), Səməd (Mirzə Həbib), Nəcəf bəy Vəzirov (Ziba xanım), Əsgər bəy Adıgözəlov Gorani (Teymur ağa) oynayıblar. Beləliklə, Azərbaycanda peşəkar milli teatrımızın əsası qoyulub.

Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr icması, 1888

Daha sonra həmin heyət aprelin 17-də Zərdabinin rəhbərliyi, N.Vəzirovun təşəbbüsü ilə Axundzadənin "Hacı Qara" komediyasını oynayıb. Lakin bu iki tamaşadan sonra Bakıda bir müddət Azərbaycan dilində tamaşa oynanılmayıb. Çünki Zərdabinin əsas güc və qüvvətini "Əkinçi" qəzetinə yönəltdiyi bu dövrdə N.Vəzirovla Əsgər bəy Adıgözəlov Peterburqa oxumağa gediblər.

1883-cü ildə Bakı milyonçusu, xeyriyyətçi Hacı Zeynalabdin Tağıyev öz taxıl anbarının özülü üzərində teatr binası tikdirib. Həvəskarlar ilk dəfə 1884-cü ilin martın 9-da bu binada "Lənkəran xanının vəziri" tamaşasını oynayıblar. 1892-ci ildən başlayaraq, XIX əsrin sonuna kimi həvəskarlar tamaşalarını əsasən, Tağıyevin teatrında (İndiki Musiqili Teatrın binası) göstəriblər. Bakıdan sonra Tiflis, İrəvan, Aşqabad, Təbriz, Dərbənd, Şuşa, Naxçıvan, Gəncə, Şamaxı və digər Azərbaycan bölgələrində teatr tamaşaları oynanılmağa başlayıb.

Lakin teatrın inkişaf yolu o qədər də asan başa gəlməyib. Hər yenilik kimi, teatr də mühitin qatı müqavimətinə uğrayıb, uzun zaman fasilələri, yer məhdudiyyətləri ilə qarşılaşıb. Bütün bunları aradan qaldırmaq, aktyor və rejissorların həyat və yaradıcılıqlarını qeyri-müəyyənlikdən xilas etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan teatrını dövlət təsisatı kimi qeydiyyata götürüb və 1919-cu ilin 24 oktyabrında "Hökumət teatrosu"nun rəsmi açılışı olub. Afişa və proqramlarda teatrın "Azərbaycan Dövlət türk teatrosu", "Dövlət teatrosu" adlandırıldığı bu möhtəşəm hadisə ölkədə düz 4 günlük bayrama çevrilib. Həmin gün, başda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli olmaqla, bütün hökumət üzvləri də bu tədbirdə iştirak ediblər.

O gündən etibarən Azərbaycan teatrı önəmli inkişaf mərhələləri keçib və nəticədə səhnəmizin Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Hacağa Abbasov, Ülvi Rəcəb, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə, Əbülfət Vəli, Rza Darablı, Səməd Mənsur, Mirmahmud Kazımovski, Mərziyə Davudova, Panfiliya Tanailidi, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova və sair bu kimi istedadlı aktyorları yetişib.

Azərbaycan teatrının inkişafında Ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Onun incəsənətə, xüsusən, teatra hədsiz sevgisi bu istiqamətdə görülən mühüm işləri şərtləndirir. Onun bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2006-cı ildə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq edib.

Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü" kimi qeyd edilməsi qərara alınıb.

Son illərdə Azərbaycan teatrı mühüm inkişaf dövrünə qədəm qoyub. Teatrlarımızın binaları əsaslı şəkildə yenilənib, yaradıcı heyət hər cür təchizatla təmin olunub. İldə bir neçə dəfə ölkəmizdə teatr festivalları, konfranslar keçirilir, teatrlarımız müxtəlif dünya ölkələrində keçirilən beynəlxalq festivallarda uğurla təmsil olunur, bir-birindən maraqlı repertuarları ilə xarici ölkələrə qastrol səfərlərinə gedirlər. Sevindirici haldır ki, bu inkişaf təkcə dövlət teatrlarına deyil, həm də özəl teatrlara aiddir. Artıq iki ildir keçirilən Müstəqil teatrlar festivalı buna bariz nümunədir.

Bu il isə ölkə başçısı Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. İlk zamanlarda böyük müqavimətlərlə qarşılaşan bir sənətin 150 ildən sonra yubileyinin dövlət səviyyəsində qeyd olunması önəmli mədəni hadisə olmaqla yanaşı, işıqlı gələcəyə inam, etibardır.

Teatr xalqın mənəvi sərvətidir. Bu sərvətə ləyaqətlə sahib çıxanlar var olsun!

Bütün teatr ictimaiyyətini və teatrsevərləri bu möhtəşəm gün münasibətilə təbrik edirik!

 

 





10.03.2023    çap et  çap et