525.Az

Çingiz Aytmatov ümumtürk ədəbiyyatının mənəvi siması kimi - Çingiz Aytmatov-95


 

Çingiz Aytmatov ümumtürk ədəbiyyatının mənəvi siması kimi - <b style="color:red"> Çingiz Aytmatov-95</b>

Çingiz Aytmatov müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçıdır. Mövzu və ideyasından asılı olmayaraq onun hər bir əsəri dünya ədəbiyyatında yeni bir ədəbi hadisəyə çevrilib. 1965-ci ildə yazdığı "Əlvida, Gülsarı" əsəri (ilk adı "Yorğa atın ölümü") onun yaradıcılığının ilk rusdilli nümunəsi hesab olunur. XX əsrin 70-ci illəri Ç.Aytmatov yaradıcılığında povest ənənəsinin uğurlu davamı kimi xarakterikdir. Ədibin qələmə aldığı "Ağ gəmi" (1970), "Erkən gələn durnalar" (1975), "Dəniz kənarıyla qaçan Alabaş" (1977) povestləri professional nəsr nümunələri kimi diqqəti cəlb edir.

Görkəmli nasir "Gün var əsrə bərabər" (1980) romanı ilə yaradıcılığında povestdən romana keçidin əsasını qoydu. Yazıçının 1986-cı ildə yazdığı "Cəllad kötüyü" romanı nəsr təfəkkürünün yeni nümunəsi kimi uğur qazandı. "Gün var əsrə bərabər" romanına əlavə olaraq yazılmış "Çingiz xanın ağ buludu" povesti ədibin 90-cı illər bədii yaradıcılığında əhəmiyyətli məqamlardan biridir. Ç.Aytmatovun zəngin yaradıcılıq irsi yüksək qiymətləndirilərək üç dəfə Dövlət mükafatına (1968, 1977, 1983) və Sosialist Əməyi Qəhrəmanı adına (1978) layiq görülüb. Ç.Aytmatovun Sovet hökuməti tərəfindən yüksək mükafatlara və fəxri adlara layiq görülməsi əslində onun daxilən qəbul etmədiyi və xidmət göstərə bilmədiyi o vaxtkı ideologiya və siyasətin başında duranların məhdud sərhədləri aşıb dünya ədəbi-bədii fikir tarixində özünə layiqli yer tutan sənətkar istedadının məcburi və danışıqsız qiymətləndirilməsindən irəli gəlirdi. Ç.Aytmatov yaradıcılığı özünün spesifikasına və fərdi xüsusiyyətlərinə görə daha çox fərqlənir. Adi həyat hadisələrinə, bu hadisələrin sadəliklərinə fəlsəfi münasibət, zirvədən müşahidə etmək və daxilə enmək bacarığı Aytmatov sənəti üçün xarakterikdir. Ç.Aytmatov sənət və xalq qarşısında həmişə məsuliyyəti ilə seçilib. Bu da təsadüfi deyil. Yazılarının birində bunun səbəblərini o, belə izah edirdi: "İnsanlar mənə onların adından danışmaq hüququ veriblər, mən də bütün həyatım boyu sübut etməliyəm ki, onlar yanılmayıblar". Yazıçı istər tarixi, istərsə də müasir mövzulu əsərlərində insan taleyinə, insan maraqlarına geniş yer verir. Və bu maraqları daha çox bəşəri ideallara uyğunlaşdırır, diqqəti qeyri-insani, qeyri-bəşəri ehtiraslarla əsl insan maraqlarının üz-üzə dayanması və toqquşmasına yönəldir, bu situasiyada mənanı açıqlayır. Onun yaradıcılığı üçün məqbul və səciyyəvi olan bu vəziyyətdə təsvir olunan hər hansı adi bir şey mahiyyət etibarilə dəyişməyə məruz qalır. Müəllif öz idealı olan obrazların, aşılamaq istədiyi ideyaların həm faciəsini, həm qələbəsini bu durumda çatdırır.

Ç.Aytmatov "Cəmilə" (1958) povestini real həyat hadisələri əsasında qələmə almışdı. O, 1944-cü ildə gündüzlər dövlət işində çalışmaqla bərabər, gecələr sahələrdə kolxozçulara da kömək göstərmişdi. Bu dövrdə Cəmilə və Daniyarı şəxsən görmüş və onların sevgi macəralarına şahidlik etmişdi. Bu əsərin mərkəzində, o vaxtkı ədəbi-tənqidi məqalələrdə qeyd olunduğu kimi, ailə-məişət qanunlarına zidd, qeyri-etik normaların təbliği dayanmırdı. Əksinə, "Cəmilə" povesti Lui Araqonun təbirincə desək, "məhəbbət haqqında yazılmış ən gözəl əsər" kimi dünyanı heyran qoydu. Povest 15 yaşlı yeniyetmənin təhkiyəsi ilə nəql olunur. Bu gənc oğlan yazıçının prototipidir. Onun təhkiyəsində oxucu Cəmilənin kimliyi, həyata baxışı, Daniyarla olan münasibətləri haqqında məlumat əldə edir. Əsər boyu bütün digər hadisə və əhvalatlar, başqa obrazların xarakteri də bu təhkiyələrdə açıqlanır. Müəllif bu əsərdə Cəmilə ilə Daniyarın timsalında məhəbbətin müqəddəs gücünü ilahiləşdirir və onlara haqq qazandırır.

"Əlvida, Gülsarı" povesti 60-cı illər Ç.Aytmatov yaradıcılığının ən kamil nümunəsidir. Əsərdə insan və şəxsiyyət amili onun bütün milli özünəməxsusluğu ilə cəmiyyət müstəvisinə çıxarılıb. Ona görə də povestdə istər obrazlara, istərsə də hadisələrə münasibətdə sosial-psixoloji tərzin aparıcılığı üstünlük təşkil edir. "Əlvida, Gülsarı"nın bütün uğuru yazıçının hadisələrə insan və zaman kontekstində yanaşmasında üzə çıxır. Povestdə Tanabay və Gülsarı (at) obrazları bərabər hüquqlu qəhrəman tipi kimi düşünülüb. Oxucu  Gülsarının taleyini Tanabayın taleyi bilir. Tanabayın fikirlərinə qulaq asdığı kimi, onun da ürəyini oxumağa maraq göstərir. Əsərdə hadisələr inkişaf etdikcə biz Tanabayın içində "öz idealına şübhə yaradan" sual görürük: "Yaşamaq haçana qədər belə pis olacaq?" Yazıçı öz qəhrəmanını "problemlər içində" batırmır. Əslində Tanabayın iradəsi, dözümlülüyü hər şeyi həll edir.

Ç.Aytmatov sənəti bir çox hallarda reallıqla mifikliyin sintezində yaranır. Düzdür, onun sırf ailə-məişət problemlərilə bağlı əsərlərində daha çox real əhvalat və təsəvvürlər özünə yer tapır. Lakin belə əsərlərdə də ("Cəmilə" povestində) "rənglər silsiləsi"nin qəhrəmanların (Cəmilə və Daniyar) bugünkü və gələcək həyatlarında özünü göstərə biləcək rəmzlərə çevrilməsi müəyyən məcaziliyə uyğun gəlir. Ancaq bunlar sırf mifik anlamda qəbul edilmir. "Əlvida, Gülsarı", "Ağ gəmi", "Gün var əsrə bərabər" kimi əsərlərdə reallıqla mifiklik paralelləşir, müəllif məqsədinə xidmət göstərmək baxımından bəzən birincinin, bəzən də ikincinin aparıcı olduğu nəzərə çarpır. Ona görə də istər "Əlvida, Gülsarı" (Tanabay, Gülsarı, Vəhşi qaz, Ağ dəvə), istər "Ağ gəmi" (Mömin baba, Ana maral), istərsə də digər əsərlərində Ç.Aytmatov obrazlara daha çox "fenomenoloji şərh verir", onlarda "həyat əlaməti axtarır" (N.Cəfərov). Bu kəşfin, bu yeniliyin uğuru kimi biz Tanabay-Gülsarı, Mömin baba-Ana maral eyniliyindən tam mənada danışa bilirik. Çünki "Ağ gəmi"də Mömin baba-Ana maral, "Əlvida, Gülsarı"da isə Tanabay, Gülsarı və s. paralelliyi obrazların və hadisələrin mahiyyətinin açıqlanmasında mühüm rol oynayır.

Ç.Aytmatov "Gün var əsrə bərabər" romanında mif və əfsanələrə geniş yer versə də, yaradıcılığında onları ilk dəfə fantastik süjetlər şəklində təqdim edir. Müəllif əsərdə fantastikanı reallığa uyğunlaşdırır, nəticədə hadisələr həqiqət təsiri bağışlayır. Boranlı Yedigey əsərin baş qəhrəmanıdır. "Hər günü bir əsrə bərabər" olan bu müdrik insan xalq ruhunun ifadəçisidir. Yedigey zəhmətsevər insandır. Onun düşüncələrində əsas yeri mənəviyyata, insanlığa zidd olan problemləri həll etmək tutur. Müəllif bu problemləri həll etməkdə öz qəhrəmanının mənəvi gücünə inanır, eyni zamanda ona etibar edir, bir növ onun simasında özünü görür.

Ç.Aytmatov Yedigeyin zəhmətkeş və həyatsevərliliyini bütünlükdə insanın mənəvi aləminin zənginliyi, eyni zamanda şəxsiyyət amili ilə sıx bağlayır. Ona görə də əsərdə Yedigeyin "zəhmət adamı" obrazı onun "təsərrüfat adamı" olmasında açıqlanmır, mənəvi aləminin zənginliyində üzə çıxır. "Boranlı Yedigey təkcə öz təbiəti və məşğuliyyət tərzinə görə zəhmət adamı olaraq qalmır. O, ruhən zəhmətkeşdir. Ruhən zəhmətkeş adam isə həmişə düşünür, özünə suallar verir" (Ç.Aytmatov). Sarı Özək kosmodromundan göyə qalxan kosmik raketin məhz niyə gecə vaxtı uçuşa başlaması, onun içində neçə nəfər heyətin olması, indiyə qədər belə uçuşları nəyə görə müşahidə edə bilməməsi barədə Yedigeyin özü-özünə verdiyi suallar əsərdə səslənən çoxsaylı sualların yalnız cüzi bir hissəsini təşkil edir. Oxucu üçün onun xarakteri daha çox  "suallar dünyasında" formalaşan təəssüratlarda açılır. Romanda Yer kürəsinin dərinliklərindən tutmuş kainatın ənginliklərinə qədər uzanan, onu idarə etmək iqtidarında olan insan zəkasının şərə, müharibələrə "qida verməsi" pislənilir.

Ç.Aytmatov bəşəriyyətin gələcək taleyində insan zəkasının rolundan danışarkən, onun milli-mənəvi etnik təfəkkür formasının bu taledəki təsir roluna da böyük diqqət yetirir. Bu mənada manqurdlaşma - yaddaşı itirmə prosesi ilə bağlı əsərdə səslənən əfsanədə bir xalqı bağlı olduğu tarixdən, milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq siyasəti tənqid edilməklə, millətin həyatındakı faciə göstərilməklə yanaşı, həm də bəşəriyyəti müstəmləkəyə, işğala sürükləyən məhkumlar ordusu yaratmaqla onları istismar edən qüvvələr ittiham olunur.

Əsərdə tarixin yaddaşı, milli yaddaş heykəli Nayman Ana ilə manqurdlaşmış oğlu Joloman arasında gedən söhbət milli faciənin ən yüksək nöqtəsi kimi təqdim olunur. Milli yaddaşsızlıq - manqurdlaşma nəticəsində Joloman nə anasını, nə atasını, nə tayfasını, nə də özünü tanıyır. Buna görə də sual kimi səslənən ananın etirazlarında bir milli harayın sədaları eşidilir: "Torpağı almaq olar, malı-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, - deyə ana söylədi, - ancaq adamın hafizəsinə kim qəsd eyləyə bilər, bunu kim fikirləşib tapıb?! Pərvərdigara, varsansa bunu insanların beyninə necə salmısan?! Məgər dünyada zülm, şər azdır?!"

Müəllif Nayman Ananın oğlu tərəfindən oxla vurulub öldürülməsini əsərdə milli maraqla totalitar maraqların toqquşması kimi dünyanın ən böyük "zülm-şəri" hesab edir. Nayman Ananın basdırıldığı Ana-Beyit (Ana məskəni) qəbiristanlığının dağıdılmasına Yedigeyin etiraz və harayı da mahiyyət etibarı ilə bu toqquşmanın davamını xatırladır. Müəllif yaşadığımız əsrin ən böyük faciəvi ziddiyyətini də totalitar maraq sahiblərinin əməlləri ilə bağlayır. Əsərdə manqurdlaşmış Sabitcan, Taksınbayev kimi obrazlar bu əməlləri həyata keçirən icraçılardır. Ç.Aytmatov romanda Yedigey və Sabitcanı qarşı-qarşıya qoymaqla dünya ziddiyyətlərinin mənzərəsi fonunda milli mənəviyyata imperialist maraqların təcavüzünü əks etdirib. Müəllif əsər boyu maraqlı gedişlə ümumiləşmədən fərdiliyə və əksinə, fərdiləşmədən ümumiləşməyə keçidi təmin edərək, hadisələrin təsir gücünü artırıb. Bu əsərdə də müəllif imperiya və hegemonçuluq şəraitində milli unutqanlıq faciələri ilə üz-üzə dayanan adamların həyat problemlərini ön plana çəkir. Buna görə də əslində, dünyanın heç bir yerində olmayan Sarı Özək və Nevada kosmodromları həyatın iki tərəfinin qəbul edilmiş şərti anlamındadır. Yazıçı bu şərtilik daxilində Yer kürəsinin gələcək taleyi üçün zəhmət adamının daşıdığı məsuliyyəti onun özünə xatırlatmaq istəyir.

Ç.Aytmatov görkəmli yazıçı və böyük ictimai-siyasi xadim olaraq xalqının keçmişinə bağlanan, bu günü ilə nəfəs olan və gələcəyinə işıq saçan yaradıcılıq ideyaları ilə təkcə qırğız xalqının deyil, bütün türk dünyası xalqlarının qəlbində əbədi yaşayacaq.

 

 





10.03.2023    çap et  çap et