525.Az

Şairlər yarımçıq ömür yaşayır - Zeynalabdin Novruzoğlundan poetik nümunələr


 

Şairlər yarımçıq ömür yaşayır - <b style="color:red"> Zeynalabdin Novruzoğlundan poetik nümunələr</b>

Zeynalabdin NOVRUZOĞLU

 

Şairlər yarımçıq ömür yaşayır

 

Əcəllə ölməyi bacarmır, nədi?

Şairlər yarımçıq ömür yaşayır.

Çoxu heç bilmir ki, qocalmaq nədi?

Şairlər yarımçıq ömür yaşayır.

 

Otuzu çox bilir, qırxa bəs deyir.

Şahların önündə sözü tərs deyir.

Sözünü qaytarmır - doğra, kəs, deyir...

Şairlər yarımçıq ömür yaşayır.

 

Dərisi soyulan, özü diri var,

Çoxunun alnında güllə yeri var.

Şair doğulan da ölümdən qorxar?

Şairlər yarımçıq ömür yaşayır.

 

Lap uşaq ömrü də yaşaya bilər,

Ömrünü təzədən başlaya bilər.

Ölənnən sonra da danışar, gülər

Şairlər yarımçıq ömür yaşayır.

 

Yüz əsər yaradıb, dastan qoşsa da,

Yaşı lap doxsanı, yüzü aşsa da...

Nə qədər, nə qədər çox yaşasa da,

Şairlər yarımçıq ömür yaşayır.

Bir ovuc torpağam

 

Mən bir ovuc torpağam ki,

buz bağlamışam,

Həmin buzun arasında od saxlamışam.

Yandığım o atəşləri od sanmamışam,

Tütə-tütə, yana-yana yaşamışam mən,

Buz üstündə yanan oda oxşamışam mən.

 

Dəmir əyib daş qırmışam dizimin üstdə,

Düz olana yer vermişəm gözümün üstdə...

Sən qəlbimə dəymə, naşı, canımı istə,

Dost yolunda can verməyi

öyrənmişəm mən.

Dost zərbəsi görə-görə

göynəmişəm mən.

 

Bərk ayaqda daha artıq bərkiməyim var,

Dözümümdən, iradəmdən

özgə nəyim var?

Bir quru can! Əcəl gəlsə, peşkəş aparar...

Belə ömür yaşamışam, bəsimdi mənim,

İnsafına tapşırıram hesab çəkənin!..

 

Bulağın göz yaşları

(Əsirlikdə olan bir bulağa)

 

Sinəsi dağ görüb, dağlar görübdü,

Dağı, dərələri ağlar görübdü.

Ağlaya-ağlaya neyə dönübdü,

Bu bulağın göz yaşları qurumaz.

 

Qara bulud qara çəkər üstünə,

Gedər, bilməz yerin altı, üstü nə?

Bu çən-duman, bu qapqara tüstü nə?

Bu bulağın göz yaşları qurumaz.

 

Axdığı yer yanıq güllər bitirər,

Dərən olmaz, gül özünü itirər.

Quru ləçəkləri külək götürər,

Bu bulağın göz yaşları qurumaz.

 

Ocaq yeri onu odsuz yandırar,

Yad baxışdan göz qaçırdar, yan durar.

Qanlı görsə, damarında qan donar,

Bu bulağın göz yaşları qurumaz.

 

Bir gözəldi, öpərdilər üzündən,

Tuti dilli - doymazdılar sözündən...

Bu gün onun xəbəri yox özündən,

Bu bulağın göz yaşları qurumaz.

 

Zülfü dağılıbdı sinəsi üstə,

Təbibsiz, dərmansız neyləsin xəstə?

Dərmanı bayatı, ya da şikəstə,

Bu bulağın göz yaşları qurumaz.

 

Güvəndiyi dağdı, daşdı, qayadı,

Ümidi Allaha, ilə-ayadır.

Ağlayır ki, çinar qurumayaydı,

Bu bulağın göz yaşları qurumaz.

 

Bir el onu əzizlərdi, öyərdi,

Qəfil köçdü, acı hicran göyərdi.

Gedən gəlib bu halını görəydi,

Bu bulağın göz yaşları qurumaz...

 

Füzulini oxuyanda

 

Füzulini oxuyanda

Sözlər bir-bir çiçək açır.

Ulduz kimi parıldayıb,

Şimşək təki işıq saçır.

Füzulini oxuyanda

Hər sözün öz rəngi olur.

Sözün sözlə cəngi olur,

Sözün sözlə rəqsi olur.

Füzulini oxuyanda

Söz toxunur, ilmələnir,

Cilalanır, kəlmələnir -

Bir ilahi ahəng olur.

Füzulini oxuyanda

Füzuli çox nəhəng olur.

Füzulini oxuyanda

Çox şairlər yazıq olur.

Bir qəzəli beş şairdən,

On kitabdan ağır olur.

Füzulini oxuyanda

Adam yaman fağır olur.  

 





10.03.2023    çap et  çap et