525.Az

Zaxarovanın Ermənistana çağırışı göstərir ki... - Kənan Novruzov yazır


 

Zaxarovanın Ermənistana çağırışı göstərir ki... - <b style="color:red">Kənan Novruzov yazır</b>

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, rəsmi İrəvanın  Bakı ilə danışıqlarda fəal iştirakı tərəflər arasında “cari gərginliyin” azaldılmasına kömək edə bilər.

Onun sözlərinə görə, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı mövcud gərginliyin azaldılmasına töhfə verəcək. Zaxarova xatırladıb ki, Rusiyanın mövqeyi üçtərəfli razılaşmalara uyğun olaraq bütün öhdəliklərin ən yüksək səviyyədə yerinə yetirilməsindən irəli gəlir.

Məlum olduğu kimi, son günlər ermənilər Xankəndi-Laçın yolundan keçən Xəlfəli kəndində süni gərginlik yaradırlar. Onlar Xankandiyə silah daşınmasına cəhd edirlər. Təkcə bu faktın özü İrəvanın destruktiv mövqeyindən xəbər verir. 

Rus sülhməramlıları istəsələr qarşıdurmanın qarşısını ala bilirlər. Çünki gərginlik onların nəzarət zonasında baş verir. Amma rus hərbçiləri prosesə, demək olar, reaksiya vermirlər. Əgər onlar təxribata görə ermənilərə xəbərdarlıq etsə idi, oxşar cəhdlər bir daha təkrarlanmazdı. Dolayısı ilə demək istədiyimiz budur ki, sülhməramlılar öhdəliklərini yerinə yetirmir, ermənilərin provokasiyalarına göz yumurlar. Bunu Rusiya rəsmiləri də bilir və başa düşürlər ki, indiki halda Azərbaycanı nədəsə ittiham edə bilməzlər. 

Zaxarovanın açıqlamasında ən diqqətçəkən məqama Ermənistana etdiyi çağırışdır. O, bu dəfə tərəflərin hər ikisini yox, məhz İrəvanı dialoqa çağırıb. Bu göstərir ki, Moskva da provokasiyaları İrəvanın törətdiyini anlayır. Rusiya bir vasitəçi kimi, Ermənistanın sülh gündəliyindən yayındığını, vaxt qazanmağa çalışdığını görür və bunu anlayır. 

Bundan başqa bir məqama diqqət çəkmək istərdik: Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda və Yeni Dehlidə müvafiq olaraq azərbaycanlı və ermənistanlı həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşdü. Məhz həmin görüşdən sonra ermənilər təxribata əl atdılar. Görünür, İrəvanla Moskva hansısa məsələlərdə razılığa gələ bilməyib və belə olan halda Zaxarova Ermənistanın lehinə açıqlama verə bilməzdi. 

Rusiyanın Ermənistana çağırışını Azərbaycan üçün uğurlu hesab etmək olar. Tərəflər arasında gərginliyin gələcəkdə bir az da artacağı istisna deyil. Buna baxmayaraq, Zaxarovanın açıqlamasına bənd olub arxayınlaşa bilmərik. Əgər Rusiya indiyədək öz imzasına hörmət edib, üçtərəfli razılıqların bəndlərinin icrasını tələb etmirsə, deməli, sabah da indikindən tamam fərqli mövqedə çıxış edə bilər. Unutmaq olmaz ki, siyasətdə daimi dostlar yox, daimi maraqlar olur. Kremlin marağı isə Cənubi Qafqazdakı mövcudluğunu qorumaqdan ibarətdir. Biz bunu yaddan çıxarmamalı, ancaq öz maraqlarımızı nəzərə almalıyıq.

 





10.03.2023    çap et  çap et