525.Az

Dünyanın bu gününə və gələcəyinə Bakıdan baxış 


 

Dünyanın bu gününə və gələcəyinə Bakıdan baxış <b style="color:red"></b>

Bu həftə Bakı daha bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-11-də Azərbaycan paytaxında X Qlobal Bakı Forumu keçirilir. Bu gün işini yekunlaşdıracaq forumun mövzusu da olduqca aktualdır: "Dünya bu gün: Çağırışlar və ümidlər".

Hazırda dünya müxtəlif qlobal çağırışlarla üz-üzədir. Əksər regionlarda baş verən hadisələr, Şərq-Qərb qarşıdurması, həmçinin, bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazda sülhün əldə edilməməsi və digər hadisələr dünya düzəninə hərtərəfli şəkildə öz mənfi təsirini göstərməkdədir. Bu cür forumlar isə qlobal problemləri müzakirə edib, çıxış yolları təqdim etmək, eyni zamanda eşidilmək üçün əhəmiyyət kəsb edir. Builki forumda iştirakçıların təmsilçilik səviyyəsi bu platformanın nüfuzu ilə yanaşı, müzakirələrin də yüksək səviyyəsindən xəbər verdi. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Həmçinin, nüfuzlu ekspertlər də tədbirə qatılıb.

Bu gün artıq mühüm platformaya çevrilən X Qlobal Bakı Forumunun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq getdikcə artmaqdadır.

Builki tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə edildi, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev forumda bir sıra aktual mövzulara toxunub. Dövlət başçısı öncə Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürünü bildirib.

Sitat: "Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir".

Prezident dünyada baş verən proseslərə ölkəmizin yanaşması, qlobal böhran şəraitində atdığı addımlar, pandemiya dövründə gördüyü işlər, Ermənistanın uzun illər davam etmiş işğal siyasəti, onun acı nəticələrindən söz açaraq, hazırda sülh üçün vaxt yetişdiyini söyləyib: "Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar".

Azərbaycan dünyada həm də multikulturalizm, tolerantlıq mərkəzi kimi tanınır. Ölkəmizdə bütün dinlərin, xalqların nümayəndələri həmrəylik və birlik şəraitində yaşayırlar, hər hansı ayrı-seçkiliyə yol verilmir. Dövlət başçısı forumda bu mövzuya da toxunaraq, xüsusilə Qarabağda yaşayan erməni azlıqla bağlı məsələyə diqqət çəkib. Prezident bildirib ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir: "Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq".

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu yalnız regional deyil, eyni zamanda, bir sıra qlobal məsələlərin müzakirəsi baxımından mühüm platformaya çevrilib: "Builki Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə kifayət qədər böyük maraq var. Burada çoxsaylı məsələlərin müzakirəsi, eyni zamanda, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsi bir daha ondan xəbər verir ki, Bakıda yeni çağırışlara uyğun olaraq təkliflərin təqdim olunmasını müşahidə edirik. Bu, təbii ki, bütövlükdə Azərbaycanın geosiyasi mövqeyini gücləndirən faktorlardan biridir. Çünki belə qlobal forumlar platformadır. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır".

 





13.03.2023    çap et  çap et