525.Az

Qartal zirvədən enməsin - Sevda Sultanova yazır


 

"XƏZƏR" TV-NİN İSTEHSAL ETDİYİ "QARTAL ZİRVƏDƏ" TAMMETRAJLI SƏNƏDLİ FİLM HAQQINDA QEYDLƏR

Qartal zirvədən enməsin - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Kəşfiyyat orqanlarının, güc strukturlarının peşəkar fəaliyyəti ilə bağlı müxtəlif janrlarda bədii filmlərin çəkilməsi dünya kinosunda geniş yayılmış praktikadır. Bu mövzuda saysız-hesabsız sənədli və bədii ədəbiyyat nümunələri də nəşr olunub. Bizdə isə analoji mövzularda bədii filmlərin və ədəbiyyatın sayı elə də çox deyil. Güc strukturlarının fəaliyyəti haqqında sovet dönəmində "İstintaq davam edir", "İstintaq", "Doğma sahillər", "Arxadan vurulan zərbə" və daha bir neçə film lentə alınsa da, ümumilikdə milli kinoda bu mövzunun ənənəsi zəifdir. 

Müstəqilik illərində çəkilən "Əlavə təsir" (rejissor Elxan Cəfərov), "Tərsinə çevrilən dünya" (rejissor Ənvər Əbluc) bədii filmləri isə arzuolunan bədii keyfiyyətə, dramaturgiyaya malik deyil. 

Söhbət müasir dövrdən gedirsə, filmlə müqayisədə serial sektoru bu sahədə bir neçə addım irəlidədir: haqqında çox danışılan "Əqrəb mövsümü", Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan və peşəkar zabitlərin məsləhətçisi olduğu "İfşa" serialları...

Fəaliyyətləri daha çox pərdəarxasında qalan güc strukturlarının gördüyü işləri kinonun dilinə çevirmək eyni zamanda ideoloji təbliğat, ideoloji təsir baxımından vacibdir. Ümumiyyətlə, bu xətt dövlətin kino siyasətinin mühüm hissəsi olmalıdır. Nümunə üçün deyim ki, Hollivud kino sənayesi Federal Təhqiqat Bürosu (FTB) ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləyir. FTB-nin Hollivud ilə işləyən, sənədli və bədii filmlərin, serialların, teleşouların yaranmasında iştirak edən xüsusi bölməsi fəaliyyət göstərir. "Uoterqeyt. Ağ evin dağılması", "Quzuların susması", "Conni D"  filmləri bu qəbildəndir. FTB kinoya marketinq aləti, özünün bədii obrazını formalaşdırması kimi baxır və əlbəttə ki, bu tip filmlər dövlətin bu sahədəki siyasətinin təbliğatçısı rolunu oynayır. FTB-nin ümumi qənaəti bundan ibarətdir: "Əgər biz öz versiyamızı danışmasaq, hansısa səfehlər onu bizim əvəzimizdən danışacaqlar". Maraqlı bir məqamı da deyim ki, FTB mütəxəssisləri kinoprodüserlərə pulsuz məsləhətlər verir, hətta öz fəaliyyətlərinin incəlikləri barədə yazıçı və ssenaristlərə ustad dərsləri keçirlər.

Ötən il "Xəzər" televiziyasında istehsal olunmuş, Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən bəhs edən "Qartal zirvədə" tammetrajlı sənədli filmi son illər bu sahədə ekranlaşdırılmış azsaylı uğurlu işlərdəndir. "Uğurlu işdir" deyəndə hər şeydən əvvəl filmin kinematoqrafik keyfiyyətlərini, vizual, səs həllini nəzərdə tuturam. Çünki milli dokumentalistikada ən ciddi problemlərdən biri müəllifin mövzuya təsviri yanaşma, adekvat struktur tapa bilməməsidir. Nəticədə müasir sənədli filmlərimizin dili, üslubu kinoestetikaya xitab eləmir, daha çox sözdən, danışan başlardan (müsahibələrdən) ibarət olur.  "Qartal zirvədə" filmində müəlliflər (quruluşçu rejissor Elgün Bayramlı, rejissor Aslan Qarayev, ssenari müəllifi Elnura Nağıyeva) mövzuya doğru vizual yanaşma tapa biliblər: ilk epizodlardan başlayaraq dinamik, gərgin tempo-ritm, atmosfer diqqəti çəkir. Məxfi xidmət orqanlarının fəaliyyətinin əks olunduğu filmlərə xas təhlükə duyğusunu aşılayan, həyəcan dolu ritm sonadək qırılmır, təsvirlər təkcə informasiya ötürmür, eyni zamanda estetik zövqlə qurulub. Kadrarxası mətni səsləndirən (Tural Əzizov) səsin sərt xarakteri, nüfuzedici intonasiyası vizual kontenti tamamlayır. Xüsusən, DTX-nın Xüsusi təyinatlılarının iştirakı ilə hadisə yerində peşəkarlıqla çəkilmiş bədii səhnələrin keyfiyyəti (operator Aslan Qarayev), uyğun seçilmiş detal planların sürətli montajı süjeti triller səviyyəsinə qaldırır, söz və təsvir orqanik şəkildə sinxronlaşır. Kəşfiyyat fəaliyyəti məqsədilə texnoloji avadanlıqlarla təchiz olunmuş məkan görüntüləri, əməliyyat-axtarış tədbirlərinin kritik fraqmentləri, düşmənin izlənilməsi anları və bu kimi zəruri detallar atmosferin yaranmasında əhəmiyyətli rol oynayır.

Beləliklə, yaradıcı heyət filmin əvvəlində deyilən, Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi təyinatlı bölmələrinin "Operativ, qəfil və peşəkarcasına... düşmən ən qısa zamanda gözlənilməz hücumla və nə baş verdiyini anlamadan zərərsizləşdirilməldir" devizinin tonallığına uyğun ritm, montaj həlli seçir.

Məlumdur ki, DTX məxfilik əsasında fəaliyyət göstərən qurumdur. Ona görə ssenari ictimaiyyətə açıqlana biləcək məhdud saylı informasiyalar üzərində qurulub. Əlçatan informasiyalar səliqəli ardıcıllıqla nizamlanıb və tamaşaçı icazə verilmiş sərhədlər daxilində DTX-nın gördüyü əhəmiyyətli işin ancaq az bir hissəsiylə tanış olur. Bununla belə, təklif olunan məlumatlar qurumun İkinci Qarabağ müharibəsində oynadığı rol haqda bütöv təsəvvür yarada bilir. Birinci Qarabağ müharibəsindən sonra DTX tərəfindən toplanmış ardıcıl və sistemli məlumatlar, onların analizi ildırım sürətli əməliyyatların keçirilməsində əhəmiyyətli gücə malik idi. Düşmənin işğal etdiyi ərazilərdə yaratdığı müdafiə rayonlarının əsas hədəfləri məhz DTX-nın verdiyi koordinatlar əsasında məhv edilib.

Filmdə DTX-nın fəaliyyətinin hərtərəfli, geniş spektri əhatə etməsi konkret faktlarla deyilir və göstərilir. 2016-cı ildə Ermənistan ordusunun istifadə elədiyi psixoloji təsir mexanizmlərinin, sosial şəbəkələrdəki fəaliyyətinin dərindən öyrənilməsi səbəbindən artıq  44 günlük müharibədə əks-kəşfiyyat fəaliyyəti tamamilə fərqli üslubda icra olunmağa başladı. Nəticədə o baş verdi ki, Ermənistan tərəfi hansı məlumatların həqiqət olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkirdi. Müharibə dövründə efir məkanının bağlanması, düşmənin məlumat toplamasının və məlumat ötürmə sisteminin məhdulaşdırılması, əks tərəfin internet şəbəkəsinin çökdülürməsi, bank əməliyyatlarının dayandırılması, onların məlumatı telefon zəngi vasitəsilə ötürməyə məcbur edilməsi, ordumuzun izləmələrinə mane olması qurumun gördüyü mühüm xidmətlərdəndir. Çoxsaylı kiberəməliyyatlar nəticəsində Ermənistana məxsus 300-dən çox kamera nəzarətə götürüldü, 3 mindən çox internet ötrücüsü qurğusu sıradan çıxarıldı, vergi, səhiyyə, xüsusi xidmət oqranlarına aid məlumatlar ələ keçirildi.

"Qartal zirvədə" filminin prodüseri "Xəzər" TV-nin rəhbəri Murad Dadaşovdur və hiss olunur ki, filmin keyfiyyətli alınmasından ötrü yaradıcı heyət həvəslə çalışıb. Əməliyyatların baş verdiyi ərazilərdə aparılan çəkilişlər, DTX əməkdaşlarının peşəkar rəyi əsasında və onların iştirakı ilə əməliyyatların necə həyata keçirilməsini əks etdirən quraşdırılımış təsvirlər bu qəhrəmanlıq hekayəsində struktur zənginliyi yaradır. Hadrutda erməni təxribat qrupunun zərərsizləşdirilməsi əməliyyatının başlanmasının, detalların təsviri, yaxud Şuşada yerləşən qondarma rejimin təhlükəsizlik xidmətinin binasından çəkilişlər, erməni tərəfinin döyüş vaxtı çarəsizliyini və narahatlığını göstərən sənədli kadrlar filmin dinamikasını, dramatikliyini təmin edir.

DTX-nın müharibə dövründə həyata keçirdiyi bir sıra əməliyyatlar, vətən müharibəsindəki qəhrəmanlıqların bədii kinoda təbliğ edilməsi üçün əlverişli materialdır. Belə əməliyyatlardan biri hərbçilərimizin Cəbrayılda mühasirəyə düşməsi və Xüsusi təyinatlıların onları mühasirədən çıxarmasıdır. Filmdə DTX yetkililərinin verdiyi məlumata əsasən, döyüşün ilk günlərində Ermənistanın Gorusda yerləşən birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları və Hadrut diviziyası Azərbaycan hərbçilərini mühasirəyə salmaq üçün plan qurmuşdu. Hətta Ermənistan ordusunun komandanlığı siyasi rəhbərliyi tam əmin etmişdi ki, plan sayəsində böyük qələbə qazanacaqlar. Məhz DTX-nın fəaliyyəti sayəsində onların planının qarşısı alınmış və nəticədə düşmən özü mühasirəyə düşmüşdü.

Yaxud Hadrut azad olunandan sonra erməni hərbi rəhbərliyi ərazini ələ keçirmək üçün xüsusi plan hazırlanması qərarını vermişdi. Lakin plan həyata keçirilməyə başlamazdan DTX tərəfindən onun qarşısı alınmışdı. Və erməni terrorçularının təmizlənmə əməliyyatı zamanı 62 nəfər saxlanmışdı.

Digər maraqlı hadisə Şuşa işğaldan azad ediləndən sonra baş vermişdi. Xankəndi istiqamətində bir neçə dəfə Şuşaya hücuma cəhd göstərilsə də, onun qarşısı ordumuz tərəfindən alındı. Xankəndində ermənilərin böyük canlı qüvvəsi və texnikası yerləşsə də, onların hücumlarının lokal xarakterli olması DTX-nın diqqətini cəlb edir. Bəlli olur ki, bu hücumlar kəşfiyyat xarakteri daşıyır, onlar Şuşada atəş nöqtələrini, ordumuzun zəif və güclü tərəflərini müəyyənləşdirmək istəyirlər. Aparılan taktiki gedişlər nətciəsində erməni ordusu mühasirəyə alınaraq, darmadağın edildi.

DTX-nın fəaliyyət istiqamətlərindən biri Ermənistan tərəfinin təbliğat metodlarının ifşasıydı. Filmdə bu haqda da geniş danışılır. Müharibə dövründə məhv edilən erməni hərbçilərinin üz-gözü ermənilər tərəfindən tanınmaz hala salınaraq, onlara azərbaycanlı hərbçilərin geyimləri geyindirilmiş, videoya çəkilərək təşviş yaratmaq məqsədilə yayılmışdı. Və ya erməni tərəfi orduda say azlığının qarşısını almaq üçün 13-16 yaşlı uşaqları, eyni zamanda narkotik istifadəçilərini döyüşlərə cəlb edirdi.

Livan, İspaniya, Fransa, Belorus vətəndaşları olan ermənilərin Qarabağda vuruşması, onlar haqda əldə olunan sənədlər, terrorçuların həbs olunaraq dindirilməsi də filmdə yer alıb. 

Ermənistan xüsusi xidmət orqanlarının millətçilik hisslərini qızışdırmaq məqsədilə göstərdiyi fəaliyyətin qarşısını almaqda da DTX-nın rolu əvəzsizdir.

Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə casusluq edən Azərbaycan vətəndaşı Aydın Zəkiyevin etirafları da filmdə əks olunub. Aydın Zəkiyev Azərbaycanın ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək, Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqda köməklik göstərib və onun dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşdirilib.

Filmin vizual stilistikasının uğurlu detallarından biri DTX Xüsusi təyinatlılarının müasir texnoloji cihazlarla təmin olunmuş, məğlubedilməz, əzəmətli obrazının bir hərbçinin simasında yaradılması və film boyu həmin obrazın epizodlararası mərkəzi qəhrəman kimi istifadəsiydi. Bu obraz döyüşkənliyi, düşmənə meydan oxumanı, qorxmazlığı, vətəni müdafiəyə çağırışı vurğulayır.

DTX əməkdaşlarının üzlərinin göstərilməməsi, əvəzində dinamik əl hərəkətlərinə və siluetlərinə vurğular, səslərinin dəyişdirilməsi, məxfilik hissi aşılayan yarıqaranlıq, soyuq geometrik interyerlərdə müsahibələr, təhlükəni ifadə edən, həyəcanı artıran silah və naturadakı səslər, ümumiyyətlə, səs effektləri, sərt, amma minimal musiqi, kəskin rəng kontrastları filmi daha da dramatikləşdirir. 

Finalda deyildiyi kimi, bu sənədli filmdə qeyd olunan, açıqlanan hadisələr, DTX-nın Vətən müharibəsində, eləcə də savaşdan sonra həyata keçirdiyi yüzlərlə əməliyyatdan yalnız bir neçəsidir: "Vətən müharibəsi ilə bağlı DTX-nın arixivində elə məqamlar və sirli fəaliyyətlər var ki, həmin sənədlərin üzərində "Tam məxfi" qrifi, hələ uzun illər götürülməyəcək".

Filmin müəllifləri hərtərəfli araşdırma ilə DTX-nın ümumi obrazını yaratmağa çalışıblar.

Çəkilişlər Hadrutda, Zəngilanda, Xocalıda, Şuşada və digər rayonlarda aparılıb.

Filmin layihə rəhbəri İnqilab Məmmədov, müəllifi Rüstəm İbadov, montaj rejissoru Polad Elmanoğlu, səs rejissoru Atatürk Xıdırov, səs effektləri Rəhman Hacıyevindir.

Eyni mövzuda Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" İctimai Televiziya ilə birlikdə "Görünməyən qəhrəmanlar - DTX" qısametrajlı sənədli filmini çəkib. Bu film "Görünməyən qəhrəmanlar" silsiləsinə aiddir və hər film müxtəlif qoşun növlərinin zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi döyüş yolundan bəhs edir.

Burada da "Qartal zirvədə" sənədli filmində söz edilən eyni hadisələrdən danışılır. Müqayisə edildikdə, "Xəzər" televiziyasının bədii məhsulunun daha effektli, təsirli çəkildiyini deməliyəm. Məsələ ondadır ki, "Görünməyən qəhrəmanlar" filmində daha çox ümumi döyüş kadrlarından istifadə olunub. Bundan başqa, yumşaq musiqi sərt təsvirlərlə üst-üstə düşmür, başqa cür desək, musiqi və vizual mətnin uyumsuzluğu hiss edilir. Üstəlik,ümumi məlumatlar çoxdur, nəinki konkret informasiyalar. Yaradıcı heyət materiala vizual yanaşma, təqdimat tapmaqda çətinlik çəkiblər. Dramaturji və təsvir həlli baxımından mümkün qədər sadə yolla gedərək, sıradan bir televiziya filmi alınıb. Əgər "Qartal zirvədə" filmində müsahibələrin işlənməsinə kinoestetik üslub xasdırsa, "Görünməyən qəhrəmanlar"ın müsahibə epizodları standart televiziya formatındadır. Filmin ssenari müəllifləri Bəhruz Qədirov, Rasim İsmayılov, rejissoru Bəhruz Qədirov, prodüseri Fariz Əhmədovdur.

 

 





13.03.2023    çap et  çap et