525.Az

"Bu gün də yaşayıram" - Türkan Turan yazır


 

"Bu gün də yaşayıram" - <b style="color:red"> Türkan Turan yazır</b>

Bəzən uzun illər həyatımızda olan insanı tanıdığımızı zənn edirik. Zövqlərini, hirsini, kədərini, sevdiklərini, nifrət etdiklərini bilirik və bunlara əsasən deyirik ki, vəssalam, artıq bu şəxslə bağlı məni heç nə təəccübləndirə bilməz, əlimin içi kimi tanıyıram. Sözə bax də, "əlimin içi kimi tanıyıram" necə də böyük kəlmədir, elə deyil? Hətta bu tanıma prosesi qarşıdakını gözümüzdə adiləşdirir. Çünki öyrənilən hər şey, hər kəs xam halında qalmır, mütləq yer dəyişir. Artıq hansı yönə olduğunu, arada yaşanılan təcrübə müəyyən edir. Lakin elə bir məqam gəlir və tanıdığımız zənn etdiyimiz insanın içindən elə bir canlı çıxır ki, biz yerimizdə quruyub qalırıq. Bu, çaşğınlıqdan da ola bilər, heyranlıqdan da... Deməli, 50 il eyni yastığa baş qoyduqlarımız haqqında da "mən onu tanıyıram" deməkdə tələsməməliyik. Çünki zaman şərtləri dəyişdirir, şərtlər isə insanları...

Bəzi şəhərlər də insanlar kimidir, tanıdığını sandığın anda tanımadığına şahid olursan. İstanbul bu şəhərlərdəndir. Matryoşka kimidir, açırsan içindən bir başqa mənzərə çıxır. Baxırsan, gördüklərinin əslində göründüyü kimi olmadığını anlayırsan. Labrintləri, qatları, tinləri, döngələri, hekayələri bitmək bilmir. Ötən həftə yolum şəhərin Dolapdərə səmtinə düşdü. Günorta saatları olmağına baxmayaraq, bir ağırlıq hiss edilirdi keçdiyim küçələrdə.

 

Dolapdərə canavarı, bəlalı bölgə

 

Dolapdərə uzun müddət İstanbulun təhlükəli səmtlərindən olub. Bəzi seri qatillər buradan çıxıb, bir çox cinayətlərə "ev sahibliyi" edib. Emalatxanaların çoxu buradadır. Narkotikin ən asan əldə edildiyi yerlərdəndir buralar. Davası, qırğını, qanı-qadası, hay-küyü əskik olmaz. Hətta oğurlanan malların gecə satışa çıxarıldığı bir bazarı belə var. Qısacası, bura İstanbulun ən bəlalı yerlərindən biri, bəlkə də birincisidir. Səmtə bələd olanlar deyir ki, ətrafa nə qədər az baxsan, bəlaya bulaşma şansın o qədər azdır. Dolapdərə ətrafındakı Bülbül və Yenişəhər məhəllələri də bölgənin ən sancılı yerlərindən hesab edilir.

Bu cür məhəllələrin içindən keçərkən uçuq, çürük, boyası axmış, bir-birinə yamaq kimi evləri, iki-üç mərtəbəli binaları seyr edərkən bir də görürsən önünə böyük, ağappaq, xüsusi incəliklə işlənmiş hər mənada möhtəşəm və modern bir bina çıxır. Təbii ki, ilk olaraq insan duruxur, belə bir yerdə bu cür binanın nə işi var, bura nə ola bilər?!

 

Bataqlıqda "bəyaz gül"

 

Bura Arter muzeyidir. Əslində, hər mərtəbəsinə yerləşdirdiyi mədəniyyəti, kültürü ilə bir muzeydən qat-qat artıqdır.

Əzəməti, memarlığı, xidməti, ən xırda detalları ilə uzun fikir mübadiləsinin, düşüncənin və əməyin bəhrəsi olduğu göz önündədir. Ətrada yaşayanlar, təmir-tikinti işləri gedərkən hesab edirdi ki,bu xarabalıqdan üç-dörd köynək uzaq olan bu məhəllənin mərkəzində yerləşdiyinə görə, ərazi muzeyin dizaynına uyğunlaşdırılacaq ya da içəridən baxarkən görünən əldən düşmüş mənzərənin önü qapadılacaq. Ancaq düşünülən kimi olmur. Muzey memarları və rəhbərliyi uçuq-sökük mənzərəyə arxa çevirib, onu görməzlikdən gəlməyiblər, əksinə, məhəlləyə baxan mənzərəni tamamilə şüşədən ediblər, hətta düz ortada bir kafe məhəlləyə açılan bir qapı da istifadəyə veriblər, qarşıdakı Yenişəhər məhəlləsini bütün çılpaqlığı ilə muzeydən görmək mümkündür. Hətta ziyarətdən sonra oturub həmin evlərə xeyli baxdım. Qarmqarışıq duyğulara qapıldım. Modern, dayanıqlı, işıqlı, qüsursuz bir memarlıq abidəsinin içindən beş-altı ballıq zəlzələ qədər canı olan evlər seyr etmək də ayrı təzaddır.

Açıldığı gündən bəri muzeydə məhəlləlilər üçün ödənişsiz ziyarət var. Ətrafda yaşayan sakinlərə "qonşu kart" verilib. Bununla onlar sərgiləri ödənişsiz ziyarət edə bilir, kitab evində, kafedə endirimlərdən yararlana, uşaqları təşkil edilən kurslardan faydalanırlar.

Arter muzeyi "Koç Holding"in tərkibindədir. İstanbulda belə bir muzeyin açılma fikri onlarla muzeyin yaradılmasında əməyi və dəstəyi olan Ömər M.Koça aiddir. 2005-ci ildə "Koç Holding" kültür və sənətdə necə bir yol qət edəcəyinə dair tərtib etdiyi strategiyada Arter Muzeyinin əsası qoyulur, hərəkət planı hazırlanır və ilk olaraq Sadbərk Xanım Muzeyinin Arxeoloji və İslam əsərləri kolleksiyasına çağdaş sənətin daxil olmasına qərar verilir. 2010-cu ildə İstiklal Caddəsində "Meymenet Xanda" Arter Muzeyi açılır. Müxtəlif sərgilərə ev sahibliyi edən muzeyə olduğu yer dar gəlməyə başlayır. Hal belə olunca yeni yer axtarışına çıxılır. Layihənin həyata keçməsi üçün şəhərə çox uzaq olmayan ərazidə bina qrafikləri hazırlanır. Ancaq uyğun yer tapmaqda çətinliklər olur.

Sonra Dolapdərədə səmtindəki "Koç Holding"ə aid "Ford Servis" binasına qərar verilir. Ancaq mövcud binanı təmir etmək yerinə məşhur bir memarın imzasını daşıyacaq, şəhərə damğasını vuracaq memarlıq abidəsini ərsəyə gətirmək üçün tender elan edir.

Qazanan isə İngiltərənin dünyada məşhur olan memarlıq firması "Grimshaw Architect" olur. 2015-ci ildə inşası başlayır. Bina 18 min kvadratmetrlik qapalı əraziyə, 6 mərtəbədən ibarət qalereyaya, terrasa, iki performans zalına sahibdir. "Sevgi Könül" auditoriyası mövcuddur. Burada konsertlər, canlı performanslar, teatr, film, rəqslər nümayiş etdirilir.

Arter sənətin bir çox yönünü geniş kütləyə xüsusilə, gənclərə hesablayıb. Muzey qurularkən məqsəd bu olub; hər kəsin, ən başda uşaqların və gənclərin sənətlə sərbəst bir şəkildə məşğul olacaqları bir mərkəzi yaratmaq. Muzeyi 24-yaşdan aşağı ziyarətçilər ödənişsiz gəzə bilər. Əslində bu, tələbələr və məktəblilər üçün əla fürsətdir.

 

Saat neçədir?

 

Hazırda başda Çingiz Çəkil olmaqla bir çox yerli və xarici memar və rəssamların əsərləri nümayiş etdirilir. Muzeyin iki mərtəbəsində Ç.Çəkilə aid əsərlər sərgilənir. Türkiyədə konseptual sənətin ilk sırasında yer alan Çingiz Çəkil 1970-ci ildən etibarən əsərlərində gündəlik istifadə edilən əşyalardan yararlanıb. Hazır nəsnələri götürüb üzərində işləyərək dərin mənalı əsərlər ərsəyə gətirib.

Çəkil, əsərlərində dönəminin sosial, siyasi, iqlimini müəyyənləşdirən modernləşmə, şəhərləşmə, sferik, istifadə kültür faktlarını tənqidi və yumoristik bir üslubla ələ alır. Yerli və gündəlik məsələləri mücərrəd formalarda bir araya gətirərək ölüm, enerji, zaman və inanc kimi qavramlarla bağlı düşünməyə vadar edir. Sənətçi əsərlərinin önəmli bir bölümündə yer alan saatlar, qəzetlər, təqvimlər vasitəsi ilə gündəmi, gündəlik hadisələri və dönəmin hakim düşüncə sistemlərini ortaya qoymaqla qalmır, zamanın önəmini və nələrə qadir olduğu haqda da fikirləşdirir. Saatlar bölümündə 2000-ci illərin qəzetləri asılıb. Manşetlərə göz atanda zamanın necə su kimi axıb getdiyini, surətlə yaşlandığını, keçmişdən kim bilir nə qədər uzaqlaşdığını, ölümə Allah bilir nə qədər yaxınlaşdığını hiss edirsən. Sonra bəzi adlar sataşır gözünə, iri punktlarla yekə başlıqlar yazan jurnalist və siyasətçilərin bu gün hansı mərtəbə və mövqedə dayandıqlarını görürsən, çərçivələnən qəzetlərdən boylanan bir çox siyasətçinin, aktyorun, sənətçinin aradan keçən 23 ilin udduğu, yox etdiyi ilə üzləşirsən. Çəkilin "Saat neçədir" bölümündə çox qaldım, lap çox. Ruh olaraq, beyin olaraq, bədən olaraq özümü oradan götürüb çıxa bilməyəcək qədər çox...

Sənətçinin əsərlərində xüsusilə, 1980-ci illərdən sonra önə çıxan məzar və məbədgaha bənzəyən abidələrlə birlikdə qurban, dua-cadu  motivli ünsürlərlə, bir yandan şiddət və qorxu yolu ilə təhdidkar cəmiyyəti səhmana salmaq istəyərkən, bir yandan da insanlıq üçün axan zamana eyham vuraraq bütün incikliyi və ötəriliyi ilə həyata məna qatma ehtiyacına diqqət çəkir.

Çingiz Çəkilin bu günə qədər gerçəkləşən ən böyük sərgisi sənətçinin "Güncə" adlı əsərinin təsiri ilə "Bu gün də yaşayıram" adlandırılıb. Çəkil bu əsəri üçün dəftərə iki ay boyunca hər gün yaşadığı tarixi işarələyib və "Bu gün də yaşayıram" deyib. Dəftərin son səhifəsində isə "Əsgərə gedirəm" qeydi yer alır.

 

"Dönüş yoxdur"

 

Muzeyin digər mərtəbələrində yerli və xarici sənətçilərin əsərləri ilə də tanış olmaq mümkündür. Bəziləri var ki, insanı valeh edir. Onlardan insanı iliklərinə qədər titrədəni Leyla Tara Suyabatmaz və Murat Arif Suyabatmazın "Paramparça" əsəridir. Üçüncü mərtəbədə böyük bir salonda yerə sərilmiş 288 parçadan ibarət qızılı rəngə boyanmış qəliblər insanı dəhşətə gətirir. Əllər, ayaqlar, döşlər, qollar, çiyinlər, başlar, üzlər, alınlar və digər orqanlar parçalanmış halda sərgilənir. Bu, indiyə qədər gördüyüm ən təsirli əsərlərdəndir.

Conatan Monkun "Qəribə cütlük", "Dəsmallarla dünya", Maaria Uirkkalanın "Səhnə arxası", Gabriela Vanganın "Heç tərəddüd etmədən", Sai Hua Kuanın "Dönüş yoxdur" əsərləri də önündən çəkilməkdə çətinlik çəkdiyim əsərlərdən oldu.

Əslində, bir modern muzeydən ruh və duyğu olaraq bu qədər təsirlənəcəyim ağlıma gəlməzdi. Çünki insanı incidən keçmiş, qayğılandıran gələcəkdir. Bu gün isə mövcuddur, var. Sabahı düşünmədən, dünəndə qalmadan var. Deməli, məsələ modern çağda deyil, önəmli olan yaşadıqlarını istər dünəndə, istər bu gündə, istərsə də gələcəkdə nə qədər idrak etməyindir!

 





13.03.2023    çap et  çap et