525.Az

"Gürcü arzusu"nun məğlubiyyəti - Xaqani Cəfərli yazır


 

"Gürcü arzusu"nun məğlubiyyəti - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Gürcüstan parlamentində çoxluğa malik "Gürcü arzusu" partiyası beynəlxalq ictimaiyyətin və ölkə daxilindəki təzyiqlərin qarşısında geri addım ataraq "Xarici agentlər haqqında" qanun layihəsinin qanunverici orqanın müzakirəsindən çıxarılmasına qərar verdi. Bu qanun layihəsi "Gürcü arzusu"ndan ayrılan "Xalqın gücü" hərəkatı irəli sürmüşdü. İddialara görə, açıq antiqərb və Rusiyayönlü mövqe sərgiləyən "Xalqın gücü" ictimai hərəkatının yaradılmasında məqsəd hakim partiyanı mümkün təzyiqlərdən qorumaqdır. Ona görə "Xarici agentlər haqqında" qanun layihəsi kimi təşəbbüslər "Xalqın gücü" tərəfindən irəli sürülür.

"Gürcü arzusu" isə sözdə Gürcüstanın Qərbyönümlü xarici siyasət kursuna sadiq olduğunu bəyan edir. "Xarici agentlər haqqında" qanun layihəsinin parlamentin müzakirəsindən çıxarılması ilə bağlı "Gürcü arzusu"nun yaydığı bəyanatda da qeyd edilirdi ki, "Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsində diqqətli olmalıyıq". Halbuki parlamentdəki çoxluğun dəstəyi ilə "Xarici agentlər haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdu. Əgər güclü etirazlar olmasaydı, hakim partiya bu qanunu qəbul edəcəkdi. Bu qanun layihəsi irəli sürüləndə Qərb dövlətləri xəbərdarlıq edirdilər ki, bu qanunvericilik aktının qəbulu Gürcüstanın Avro-Atlantik strukturlara inteqrasiya istəyini mümkünsüz edəcək. Bu xəbərdarlığa baxmayaraq, hakim partiya qanun layihəsini qəbul etməyə çalışırdı. Sadəcə olaraq Qərb dövlətlərinin təzyiqlərini sərtləşdirməsi, ölkədə etirazların böyüməsi iqtidarı geri addım atmağa vadar etdi. Bu hadisəni "Gürcü arzusu"nun 11 illik iqtidarı dövründə ilk məğlubiyyəti kimi dəyərləndirmək olar. Bundan öncə hakim partiyanın "U" dönüşü edərək, geri addım atması müşahidə olunmayıb. Qanun layihəsinin parlamentin müzakirəsindən çıxarılması ilə yanaşı, Gürcüstanın Daxili İşlər Nazirliyi etiraz aksiyalarında saxlanılanların hamısının azadlığa buraxılması barədə məlumat yayıb. Belə hal Gürcüstan tarixində bu günə kimi müşahidə olunmayıb. Qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı xüsusi təyinatlı polis qüvvələri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməkdən çəkinməmiş, 130 nəfərdən artıq aksiya iştirakçısını həbs etmişdi. Bütün bunlardan sonra qanun layihəsinin parlamentin müzakirəsindən çıxarılması və həbs edilənlərin azadlığa buraxılması "Gürcü arzusu" partiyasının iqtidarı dövründə ilk dəfə baş verdiyi üçün heç şübhəsiz ki, hakim partiyanın məğlubiyyəti kimi dəyərləndirmək olar. Parlamentdəki çoxluq geri addım atsa da, məqsədini həyata keçirmək üçün fəaliyyət imkanı da saxlayıb. Qanun layihəsinin parlamentin müzakirəsindən çıxarılması hüquqi cəhətdən rəsmiləşdirilməyib. Eyni zamanda, martın 7 və 8-də keçirilmiş etiraz aksiyaları ilə bağlı başladılan cinayət işlərinin istintaqı davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, parlament binası qarşısında keçirilən etiraz aksiyasında polis əməkdaşlarına hücum edən və digər zorakılıq hərəkətləri törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Gürcü arzusu" iqtidarı tamamilə geri çəkilmədiyi kimi müxalifət də tələblərini artırmaqla yanaşı, etiraz aksiyalarını da davam etdirir. Etirazçılar qanun layihəsinin parlamentin müzakirəsindən çıxarılmasının rəsmiləşdirilməsini, etiraz aksiyası ilə bağlı başladılmış istintaqın ləğvini və hökumətin istefasını tələb edir.

Gürcüstanda baş verən proseslər zamanı hakimiyyətdə parçalanmanın dərinləşməsi də müşahidə olundu. Gürcüstan prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində "Xarici agentlər haqqında" qanun layihəsinin qəbuluna qarşı etiraz aksiyası keçirən Avropaya inteqrasiya tərəfdarlarını dəstəklədi. Prezident Salome Zurabişvili üstüörtülü şəkildə hökuməti Rusiyayönümlü olmaqda da ittiham etdi.

Dövlət başçısının açıqlamaları iqtidar partiyasınının təmsilçilərini qəzəbləndirib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər haqqında" qanunun qəbuluna qarşı hərəkətləri açıq şəkildə dəstəkləyən prezident Salome Zurabişvilinin mövqeyindən çox məyus olduğunu bildirib. Parlament sədri prezidenti etirazlar zamanı baş verən zorakılıqları romantikləşdirməkdə ittiham edərək dövlət başçısının bu mövqeyindən çox məyus olduğunu vurğulayıb.

"Xarici agentlər haqqında" qanun layihəsinin parlamentin müzakirəsindən çıxarılması Qərb ölkələri tərəfindən alqışlandığı halda, Rusiyada təəssüflə qarşılanıb. Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas Gürcüstanda baş verən etirazları ABŞ və Avropa İttifaqının həyata keçirdiyi "dövlət çevrilişi" kimi qiymətləndirib.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan isə Gürcüstanda antiqərb kampaniyası aparıldığını bəyan edib: "Son 6-8 ayda Gürcüstanda ABŞ və Avropa İttifaqı ilə güclü tərəfdaşlığa xələl gətirməyə çalışan kampaniya aparılır. Bu, gürcü xalqının dəfələrlə bəyan etdiyi Avropa seçiminə ziddir". Səfir ad çəkməsə də, onun sözlərinin "Gürcü arzusu" və ondan ayrılaraq antiqərb yönümlü "Xalqın gücü" ictimai hərəkatına yönəldiyi heç kimdə şübhə doğurmur. Səfir üstüörtülü şəkildə "Gürcü arzusu" hökumətinə xəbərdarlıq da edib.

Həqiqətən də son bir neçə ayda, əsasən də Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başlayandan "Gürcü arzusu" hökuməti ilə Tbilisidəki Qərb səfirlikləri, xüsusilə də ABŞ səfiri arasında "soyuq müharibə" başlayıb. Son günlər bu proseslər daha da sərtləşib. "Gürcü arzusu" hökuməti ilə müxalifət və Qərb arasında münasibətlər daha da sərtləşəcək. Rusiyanın Ukraynadakı uğursuzluğu Moskvanın postsovet məkanına təsir imkanlarını azaldır. Belə bir vəziyyətdə Qərbin mövqeləri güclənir. Bu isə Gürcüstandakı Qərbyönümlü müxalifəti daha fəal və qətiyyətli addımlar atmağa sövq edir. Belə vəziyyətdə Gürccüstanda siyasi böhran dərinləşməkdə davam edəcək. Böyük ehtimalla söyləmək olar ki, Gürcüstan yeni inqilab və yaxud da hakimiyyət dəyişikliyi mərhələsinə daxil olub.

 

 





13.03.2023    çap et  çap et