525.Az

Macarıstan Rusiyadan üz döndərir


 

Macarıstan Rusiyadan üz döndərir<b style="color:red"></b>

Macarıstan "geosiyasi reallıqlara" görə Rusiya ilə münasibətlərə yenidən baxmağa hazırlaşır. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən iqtisadi forumda bəyan edib: "Mən müharibədən sonra Rusiya-Avropa münasibətlərinin bərpasının zəruriliyini başa düşürəm, lakin bu, reallıqdan uzaqdır. Ona görə də Macarıstan yaxın 10-15 ildə Rusiya ilə hansı münasibətlər qura və saxlaya biləcəyimizi diqqətlə düşünməlidir".

Eyni zamanda, Macarıstan hökumətinin başçısı vurğulayıb ki, Budapeşt Rusiya ilə əlaqələri saxlamaqda maraqlıdır, "çünki Macarıstan Rusiyanın enerji resurslarının təchizatından asılıdır".

Məlum olduğu kimi, Rusiyadan neft idxalatına qadağa tətbiq edən Avropa İttifaqı Macarıstan, Slovakiya və Çexiyaya "Dostluq" kəməri ilə xam neft almağa icazə verib. Bunun nəticəsində Macarıstan Slovakiya və Çexiya ABŞ və Avropa İttifaqının Rusiya neftinə tətbiq etdiyi "yuxarı qiymət" şərtindən xilas olub.

Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya qarşı müharibə başlayandan Macarıstanla müttəfiqləri arasında münasibətlərdə çatlar yaranıb. Ötən bir ildə Macarıstan dəfələrlə Rusiyaya qarşı sanksiyaların qəbuluna maneçilik törədib və onların yumşaldılmasına nail olub. Bundan başqa, Macarıstan bu günə kimi Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesi başa çatdırmayıb. Məlum olduğu kimi, Finlandiya və İsveçin NATO-ya üzvlüyü Şimali Atlantika Alyansının 30 üzvündən 28-i tərəfindən təsdiqlənib. Yalnız Macarıstan və Türkiyə parlamentləri bu günə qədər Finlandiya və İsveçin NATO-ya üzvülüyünə razılıq verməyib. Bu isə Finlandiya və İsveçin NATO-ya üzvlüyündə maraqlı olan ABŞ və Böyük Britaniyada ciddi narazılıq yaradıb.

Macarıstana qarşı həm NATO, həm də Avropa İttifaqı daxlində ciddi narazılıq var. Görünür, buna görə Baş nazir Viktor Orban "geosiyasi reallıqlara" görə Rusiya ilə münasibətlərə yenidən baxmağın zəruriliyi haqqında danışmağa başlayıb. Digər tərəfdən, Macarıstanın daxilində fikir ayrılığı dərinləşməkdədir. Macarıstan müxalifətinin liderlərindən biri, paytaxt Budapeştin meri Qergey Karaçon Baş nazir Viktor Orbandan fərqli olaraq Ukraynanın dəstəklənməsinin tərəfdarıdır. İki ay əvvəl Budapeştin meri Qergey Karaçon Polşa, Slovakiya və Çexiyandan olan həmkarları ilə birlikdə Ukraynaya səfər edərək Kiyev şəhərinin meri Vitali Kliçko ilə görüşmüşdü. Ukraynaya səfəri zamanı Qergey Karaçon Baş nazir Viktor Orbanın Ukraynaya yönəlik siyasətini kəskin tənqid etmişdi.

Rusiyanın Ukraynada məruz qaldığı hərbi uğursuzluq, beynəlxalq münasibətlərdən təcrid edilməsi Macarıstan hökumətinin başçısını da düşünməyə vadar edir. Buna görə də, "geosiyasi reallıqlara" görə Rusiya ilə münasibətlərə yenidən baxmağı təklif edir. Ukrayna hərb meydanında uğurları artırdıqca Rusiyanın mövqeyi daha zəifləyir və müttəfiqləri ondan uzaqlaşır.

 

 





14.03.2023    çap et  çap et