525.Az

Nostradamusun görücülüyü və bu günümüz - Qəzənfər Paşayev III yazı


 

Nostradamusun görücülüyü və bu günümüz - <b style="color:red"> Qəzənfər Paşayev  III yazı</b>

NOSTRADAMUSUN MÖCÜZƏLƏRİ VII ƏSRDİR DÜNYANI HEYRƏTLƏNDİRİR

 

XX əsrin sonuna yaxın bu bənzərsiz görücünün əsərlərinə hədsiz maraq dünya Nostradamusşünaslıq məktəbinin yaranmasına gətirib çıxarmışdır. Maraqlıdır ki, Nostradamusun dördlükləri, "Açıqlama"sı və şagirdi Şavinye ilə söhbətləri İ.Nyuton, B.Paskal, İ.Kepler, D.Mendeleyev, K.Siolkovski, N.Jukovski kimi dünya şöhrətli alimlərin, İ.Höte, V.Hüqo, Jul Vern, L.Tolstoy, N.Ostrovski və digər yazıçı və şairlərin diqqətini cəlb etmişdir. Bundan belə nəticəyə gəlmək olur ki, Nostradamusun əsərləri bədii düşüncəyə təsiri baxımından da əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, fransız yazıçısı Mişel Zevako (1860-1918) "Nostradamusun həyatı və sevgisi" adlı təkrar-təkrar çap olunan, başqa dillərə tərcümə edilən böyük həcmli roman yazmışdır. Eləcə də astroloq və yazıçı Lir Qrin "Əli çubuqlu xəyalpərəst", alman yazıçısı Manfred Byörn isə "Nostradamus: həyatı və görücülüyü" adlı romanlar yazmışlar.

"Heç kəs taleyini dəyişdirə və taleyindən qaça bilməz" - deyən Höte məşhur "Faust" əsərini Nostradamusa müraciətlə başlayır və onun görücülüyünü yüksək qiymətləndirir.

 

Qaç, qaç təbiətin azad qoynuna!

Mişel Nostradamın yazdığı əsər,

Qoy olsun bu yolda sənə ilk rəhbər.

 

Bu yazımızda görücünün şagirdi Jan Şavinye ilə hakimiyyət barədə söhbətindən və mövzu ilə bağlı 2 k 9, 1 k 15, 6 k 5, 10 k 72 və 12 k 55  katrenindən danışacağıq.

Görücü şagirdinə üz tutaraq deyir: "Dostum, mən tez-tez hakimiyyət barədə düşünürəm. Ona görə yox ki, hökmran olmaq istəyirəm. Lakin hər şeyi bilmək istəyən bir adam olduğumdan özüm-özümdən soruşuram ki, nəyə görə bəzi adamlar hakimiyyətə gəlmək naminə cinayətə belə əl atmağa hazır olurlar...

Doğrudanmı, hökmranlıq şövqü o qədər güclüdür ki, qalan hər şey bu ehtiras qarşısında sönük görünür?!

Başqalarını özünə tabe etmək, onlardan daha ağıllı, daha xoşbəxt olmaq demək deyildir. Sadəcə olaraq onlara hökmranlıq etmək imkanı əldə etməkdir. Bu, nə qədər də əhəmiyyətsiz bir şeydir. Lakin bunun həsrətində olan bir çoxları son məqsdələrinə çatmaq üçün heç nədən çəkinmir.

Hökmranlıq şövqü və ehtirası barədə Nostradamusun xeyli sayda katreni (dördlüyü) vardır. Onların arasında 6 k 54 katreni örnək olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Görücü bu katrendə bəyan edir ki, Mərakeş kralı IX Məhəməd qardaşı oğlu IV Abdulla tərəfindən qətlə yetiriləcək. Övladı olmadığına görə guya öz arzusu ilə vəsiyyət etmişdi ki, hakimiyyət qardaşı oğlu IV Abdullaya keçsin.

Hakimiyyət hərisliyi IV Abdullanın gözünü örtür və taxt-tacın başqa qardaşlarının əlinə keçməsindən qorxaraq 12 qardaşının hamısını öldürmək qərarına gəlir. Qardaşlardan yalnız ikisi qaçıb canını qurtara bilir.

Qan yerdə qalmaz - deyirlər, axırda o, özü də məhv olur.

Oxucu təəccüblənə bilər ki, bu nə böyük hadisədir ki, Nostradamusun diqqətini çəksin.

Görücü belə sualların meydana gələcəyini görüb və yazıb: "Dostum, qardaş qırğınına səbəb olan müharibələr, dövlətlərin və partiyaların məhvi, xalqların tərki-vətən olması, zalım hökmdarların vəhşilikləri, dünyada bir çox böyük və kiçik faciələrin baş verməsi, məhz hakimiyyətə hərisliklə bağlı olub. Bütün bunları ona görə bəyan edirəm ki, hakimiyyətdə olanlar ibrət götürsünlər.

Nostradamus həqiqətən də möcüzə şəxsiyyət olub. Görücünün 2 k 9 katreni deyilənləri təsdiq edir.

 

Arıq hökmdarın hakimiyyəti

doqquz il əmin-amanlıqla keçəcək.

Sonra onda qan tökməyə şiddətli hərislik baş qaldıracaq.

Qanunsuzluq və inamsızlıq

ucbatından böyük xalq məhv olacaq.

 

Bu katren Nostradamusun görücülüyü ilə bağlı böyük bir həqiqəti bir daha təsdiq edir. Biz "Nostradamusun möcüzəli aləmi" əsərinin girişində göstərmişik ki, Nostradamus katrenləri elə müəmmalı yazmışdır ki, hadisə baş verənə qədər nədən bəhs olunduğunu bilmək olmur. Qərb tədqiqatçılarından bəziləri bu katreni Hitlerlə bağlayırlar. Faktlar bunu təsdiq etmir.

Bunu Nostradamusun 3 k 58 katreni inkar edir. Katrenin 4-cü sətrində görücü bəyan edir: "Onun başına nə iş gələcəyini heç kim bilməyəcək". Tarix görücünün fikrini təsdiqlədi.

Bizə qalırsa, bu katren bizim zəmanəmizdən bəhs edir. Katreni eynilə Rusiyanın prezidenti V.Putinə və eləcə də ABŞ-ın prezidenti C.Buşa aid etmək olar. Onların hər ikisi arıqdır. Hər ikisi də qüdrətli dövlətin, böyük xalqın başçısıdır. Buna baxmayaraq, bu katrenin 1-ci misrası Corc Buşu inkar edir: "Arıq hökmdarın hakimiyyəti doqquz il əmin-amanlıqla keçəcək" - diqqəti çəkir.

Məlumdur ki, ABŞ-də bir nəfər iki müddətdən artıq prezident seçilə bilməz. Bu isə səkkiz il edir. Fikrimcə, katreni V.Putinə aid etmək doğru olardı. Bu baxımdan XV əsr rus görücüsü Nemçinin fikirləri maraq doğurur. Nemçin göstərir ki, Rusiyada iğtişaş dövrü olacaq. Bu vaxt ölkəyə Titan (nəhəng) və ya Ayı rəhbərlik edəcəkdir. Huşsuzluq, unutqanlıq, yaddaşsızlıq onun yol yoldaşı olacaq. Elə hey səhvlər buraxacaq. Titandan sonra hakimiyyətə bəstəboylu, cılız və "qara üzlü" adam gələcəkdir.

"Nəhəng" və ya "Ayı" deyəndə Boris Yeltsin göz önünə gəlir. B.Yeltsin prezidentlik dövrünün sonuna yetməsinə 6 ay qalmış müəmmalı şəkildə hakimiyyətdən gedir. Nostradamus müəmmalı məsələsinə də aydınlıq gətirir: "Ayılar ölkəsi"ndə hakimiyyətdəki boşluq, heysiyyətlərinin sonu görünməyənlərin başını gicəlləndirəcəkdir. Onlardan biri sağ-salamat qalmaq naminə hakimiyyətdən əl çəkərək onu başqasına verəcək".

B.Yeltsin hakimiyyətdən gedəndən sonra onu əvəz edən və prezident seçilən V.Putindir. Putinin bəstəboylu, arıq olması göz qabağındadır. O ki qaldı "qara üzlü" məsələsinə, bu, keçmişdə kəşfiyyatçı və casusların "qara üzlü adam" adlandırılmaları ilə bağlıdır. Məlumdur ki, V.Putin xeyli müddət Almaniyada Sovet səfirliyinin işçisi adı altında kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir.

O da maraqlıdır ki, tədqiqatçılar Nostradamusun görücülüyünə arxalanaraq (10 k 72) qeyd edirlər ki, 1933-cü ildə Hitler demokratik seçki yolu ilə hakimiyyətə gəldiyi kimi, 1999-cu ildə yeni bir qüdrətli hökmdar Antixrist hakimiyyətə gələcək (bax: Dmitriy i Nadejda Zima. Rasşifrovannıy Nostradamus. M., 1998, str.185).

Con Houq yazır: "Qorbaçovun ucbatından soyuq müharibə hərc-mərclik və faciə ilə əvəz olundu. Ola bilsin ki, gələcəkdə Rusiyada qatı monarxist, bəlkə də ondan da pis diktator peyda oldu. Birinci Dünya müharibəsindən sonra Hitler meydana gəldiyi kimi, Rusiyada da siyasi meydana müharibə qızışdıran diktator çıxa bilər (12 k 55).

Bizə qalırsa, 1999-cu ildə hakimiyyətə gələn və haqqında söhbət açdığımız adam Vladimir Putindir. Təbii ki, bu, bizim azad və şəxsi qənaətimizdir. Bəlkə də yanılırıq. Hər şeyi zaman öz yerinə qoyacaq. Bunları 2007-ci ildə "Nostradamusun möcüzəli aləmi" kitabımda yazmışdım.

Təəssüflə bəyan edirəm ki, hələ 2007-ci ildə yazdıqlarım dəqiqliyi ilə yerini alıb.

Nostradamus bununla əlaqədar vahimə doğuran bir məsələdən də söz açır. Görücü bəyan edir ki, 70 dövlət müharibəyə eyni vaxtda girişəndə Dünya müharibəsi başlaya bilər.

Mars Qoç və Şir bürcündə olanda (iyun-iyul 2006, 2020-2030, avqust 2034-oktyabr 2036) Dünya müharibəsinin başlanma ehtimalı çoxalacaqdır (1 k 15).

Siyasi şərhçi Xaqani Cəfərli göstərir ki, hazırda "Ukraynanın müdafiəsi üzrə təmas qrupu"nda iştirakçı dövlətlərin sayı 54-ə çatıb (bax: "525-ci qəzet", 25.02.23).

Deyəsən, Nostradamusun bu görücülüyü də həqiqətdən xəbər verir.

 





13.03.2023    çap et  çap et