525.Az

Çağdaş müəllim anlayışı və təhsil modellərinə bir baxış


 

Çağdaş müəllim anlayışı və təhsil modellərinə bir baxış<b style="color:red"></b>

Bugünün müəllimi öz üzərində çalışmaq, özünü inkişaf etdirmək haqda daha çox düşünməlidir. Çağdaş reallıq, hazırkı proseslər bunu tələb edir. İlk növbədə o baxımdan ki, rəqəmsal texnologiyaların həyatımızda aparıcı rolu get-gedə artır. Uşaqlarda istifadə bacarıqları erkən yaşlardan formalaşır və zaman keçdikcə tələbat daha üst səviyyəyə qalxır. Əsasən sənayedə baş verən dəyişikliklərin təhsil modelinə təsir etdiyini nəzərə alsaq, sənaye inqilablarına bənzər dəyişikliklərin də təhsildə təzahürünü açıq-aydın görmək mümkündür.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Toğrul İbrahimov deyir ki, sənaye inqilablarına bənzər dəyişikliklər təhsilə təzahürləri bir neçə istiqamət üzrə müəyyənləşdirilir: "Təhsil 1.0: Əsas rolun müəllimdə olduğu və əzbərçiliyə söykənən bir modeldir. Bu mərhələdə məlumatın şagirdlər tərəfindən mühakimə, sorğu-sual olunmadan qəbul edildiyini, lakin gündəlik həyatda istifadə olunmadığını deyə bilərik. Eləcə də təhsilalanların daha çox müəllimlərini müşahidə edərək onları nümunə götürdüyü və eyni tip sual modeli əsasında qiymətləndirildiyi də bu mərhələnin əsas xüsusiyyətlərinə aiddir.

Təhsil 2.0: Elektrik enerjisinin sənayedə tətbiqi ilə başlayan, ikinci sənaye inqilabına söykənən bir modeldir. Bu dövrdə müəllimin rəhbərlik edən, yol göstərici funksiyası ilə birlikdə koqnitiv bacarıqlara üstünlük verildiyi və mərkəzində təhsilalanın dayandığı bir modelə keçid edilmişdir. Təhsilverən və təhsilalan arasında refleksiv və qarşılıqlı öyrənmə modeli kimi burada daha çox fərdin ehtiyaclarını nəzərə alan və onun prosesə inteqrasiyasını ön planda tutan baxış tərzi üstün olmuşdur. Xülasə, Təhsil 2.0 qismən texnologiyalardan istifadə edilərək insan ağlının daha çox təzahür etdiyi bir modeldir.

Təhsil 3.0: Bu dövr sənayedən texnologiya əsaslı cəmiyyətə keçidlə bağlıdır. Elmi-texniki inqilab olaraq da bilinən üçüncü sənaye inqilabı nəinki təhsil, eləcə də həyatın sosial, iqtisadi, ekoloji yönlərinə təsir edən, hətta onu dəyişdirib yeni formaya salan amil rolunda çıxış edir. Medianın rəqəmsallaşmağa başladığı, internetə çıxışın asanlaşdığı və geniş yayıldığı, məlumatın əlçatanlığının artdığı və virtual öyrənmənin fürsətə çevrildiyi bir dövrdür. Mənbə müxtəlifliyinin artdığı müşahidə edilən bu mərhələni biliyin istehsal edildiyi dövr kimi də qiymətləndirə bilərik.

Təhsil 4.0: Bu mərhələ informasiya və kommunikasiya texnologiyalarında baş verən intensiv dəyişiklik və innovasiyaya meyilli yanaşmaların təhsildə aparıcı rol oynadığı dövrdür. Əsasən ömürboyu təhsil fəlsəfəsinə söykənən model fərdin tənqidi təfəkkür, problem həlletmə, ünsiyyət, əməkdaşlıq, müstəqil öyrənmə və rəqəmsal savadlılıq kimi səriştələrinin formalaşdırılmasına yönəlmişdir. Xüsusilə, süni intellekt, böyükhəcmli verilənlər bazası kimi rəqəmsal anlayışların geniş istifadəyə başlandığı bu dövrdə öyrənmə tezliyi əhəmiyyətli dərəcədə artmış, zaman və məkandan asılılıq azalmışdır. Belə olduğu halda, müəllim də fərdin müstəqil öyrənməsini idarə edən şəxsə çevrilib".

Onun sözlərinə görə, hazırda yaşadığımız dövr Təhsil 4.0 ilə müqayisə edildikdə dərin fərqlər ortaya çıxsa da, eyni zəmin üzərində qərarlaşır. Nəticə olaraq bu model 4-cü sənaye inqilabının yaratdığı reallığa söykənir. Yəni bu mərhələdə süni intellekt, maşın öyrənməsi və böyükhəcmli verilənlər bazasından, eləcə də yuxarıda sözügedən səriştələrdən istifadə edilərək robot-insan qarşılıqlı təsirinə əsaslanan təhsil modeli yaranır. Təhsil 5.0 modelində texnologiya və rəqəmsallaşma təməl ünsürlərdir. Buna baxmayaraq, təhsil sistemi rəqəmsallaşmağa doğru getdikcə səriştələrin əldə olunmasını daha da asanlaşdırmalı və çevik hala gətirməlidir. Məlum olduğu kimi, bu prosesdə beynəlxalq təşkilatların istiqamətləndirici rolu olduqca əhəmiyyətlidir. Bu mənada iqtisadi, sosial və ictimai məsələlərin müzakirə edildiyi Davosda keçirilən Dünya İqtisadi Forumunda 2020-ci ilin yanvar ayında təhsillə bağlı 8 vacib məqam vurğulanıb. Qlobal vətəndaşlıq bacarıqları, yenilik və yaradıcılıq bacarıqları, texnologiyadan istifadə bacarıqları, kommunikasiya bacarıqları, fərdiləşdirilmiş və müstəqil öyrənmə bacarıqları,  əlçatan və inklüziv öyrənmə, probleməsaslı və əməkdaşlıqda öyrənmə, ömürboyu və şagird mərkəzli öyrənmə: "Göründüyü kimi, sözügedən  məqamlar bütün təhsil modelləri əsasında təcrübəyə əsaslanaraq gəlinmiş nəticədir. 2006-cı ildə Avropa Şurası tərəfindən insanın yiyələnməli olduğu kompetensiyaların siyahısında da yuxarıda sözügedən məqamlar qeyd olunmuşdur. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" (2020) sənədində müəyyənləşdirilən səriştələr də bu bacarıqlarla səsləşir. Daha çox qloballaşma və vahidliyə əsaslanan bu model bütün dünyada bərabər imkanların yaradılmasını və dayanıqlılığını tələb edir. Texnoloji imkanların gətirdiyi fürsətlər nəticəsində təhsildə zaman, məkan məfhumlarını aradan qaldıraraq qlobal, ortaq və sərhədi olmayan təhsil anlayışı kimi Təhsil 5.0 üçün əsas amillər belə ümumiləşdirilə bilər: Tədris proqramı dəyişkən, dinamik və gələcəyə istiqamətlənən olmalıdır".

Toğrul İbrahimov bildirib ki, indiki vaxtda iş, ümumiyyətlə, məktəbdən sonra axtarılır. Biz tələbələrin təcrübə müddətində işəgötürülən və işçilərin bir-birini seçə bildiyi dövrə doğru sürətlə irəliləyirik. Nəticə etibarı ilə hələ məzun olmayan tələbələrimiz təcrübələrini çox yaxşı dəyərləndirməli və məzun olduqda işləyəcəkləri iş yerində təcrübə müddətinə qəbul olunması üçün səy göstərməlidirlər. Dəyişən iş dünyasına və peşə xüsusiyyətlərinə uyğunlaşmaqla yanaşı, biz uşaqları bu dəyişikliyə rəhbərlik etmək üçün lazım olan bacarıqlarla təchiz etməliyik. Oksford Universitetinin 2017-ci ildə dərc etdiyi hesabata görə robotlar, kompüterlər və avtomatlaşdırılmış sistemlərin həyatımıza daxil olması nəticəsində 20 il ərzində İngiltərədəki işlərin 35 faizi insan gücü ilə görülməyəcək. Qədim tarixə malik və olduqca həyati peşə sahibləri həkimlər belə bəzi prosesləri özləri etməyəcəklər. Hazırda ixtisaslaşmış 3D printerlərdə çap edilən orqanlar, bəzi əməliyyatların müəyyən bir mərhələsi bu prosesin ilkin addımları hesab edilə bilər. Gələcəkdə daha çox əməliyyat və tibbi müalicələrin 80 faizə qədərinin robotlar və avtomatik sistemlərlə icra ediləcəyi ehtimal olunur. Bu və ya digər səbəblərdən tədris proqramı müasir ixtisaslara malik kadrların yetişdirilməsini əlverişli hala gətirməlidir: "Varislik qorunmalı, köhnə-təzə bütün tədris resursları birlikdə istifadə olunmalıdır. Təhsilalanların dövrün tələblərini yerinə yetirə bilmələri üçün onlar keçmişdən indiyə müqayisəli təhlil nəticələrindən xəbərdar olmalıdırlar. Öyrənmə prosesi e-öyrənmə istiqamətində sinifsiz və mobil öyrənmə kimi yeni yanaşmalar əsasında fərdi və komanda işlərində tətbiq olunaraq reallaşdırıla bilər. Müəllimin rolu şagirdlərə təhsil proqramında nəzərdə tutulanları öyrətməkdən üstün olmalıdır. Çünki Təhsil 5.0 dövründə öyrənmənin yeganə mənbəyi proqram deyil. Şagirdlər bir-birilərindən, içərisində yaşadıqları cəmiyyətdən, mütəxəssislərdən, internetdən və s. mənbələrdən fasiləsiz olaraq öyrənmə imkanına malikdirlər. Doğrudur, indi məlumat axtarmaq və tapmaq asandır, lakin onlardan necə istifadə edəcəyini bilmək daha dəyərli bir bacarıqdır. Şagirdlər sadəcə məlumatı alıb qavrayan deyil, onları yönləndirə bilən, öyrədən vasitələri seçə bilən, öz səriştələrinin fərqinə vararaq, yollarını müəyyənləşdirə bilən olmalıdırlar. Təhsil 5.0-da insanların istifadə etdiyi texnoloji vasitələr müəllim və şagirdlə sanki yerini dəyişdirir. Yəni burada süni intellektin tətbiqinin nəticəsi kimi kompüter və avtomatlaşdırılmış sistemlər bir şagird kimi öyrədilir, yetişdirilir və istifadəyə buraxılır. Son günlərdə istifadəyə verilmiş süni intellektli söhbət robotu Chat GPT Open Aİ bunu izah etmək üçün yaxşı nümunə ola bilər".

O qeyd edib ki, şagirdlərin təhsil sisteminə inteqrasiya edilməsi əvəzinə, təhsil sistemi şagirdlərin qabiliyyət və xüsusiyyətlərinə görə uyğunlaşdırmalı və rəqəmsal ünsürlərlə zənginləşdirilməlidir. Təhsil 5.0-da öyrənmə yalnız məktəbdə reallaşdırılmır, öyrənənlərin məkanı, dilləri və keçmişləri təhsil almağa problem yaradan amil kimi hesab edilmir. Bu universitetlərarası, ölkələrarası rabitəni təmin edən qarşılıqlı təsirin müşahidə edildiyi bir modeldir. Dünyada aparılan rəqəmsal islahatların fonunda yuxarıda qeyd olunanlar təhsilin məzmununda, öyrənmədə və tədrisin təşkilində keyfiyyəti əhəmiyyətli dərəcədə artırmağa istiqamətlənib: "1850-ci illərdən sənayeləşmə ilə güclənən ölkələrin həmişə qalib gəlmək, daha çox istehlak etmək ehtirasının ətraf mühitə vurduğu ziyan bəşəriyyəti "Qlobal istiləşmə" və ondan nəticələnən bir sıra böhranlarla üz-üzə qoymuşdur. Bu səbəblə 2016-cı ilin yanvarında Yaponiya hökuməti "Cəmiyyət 5.0" anlayışını istifadə etdi. "Cəmiyyət 5.0" texnologiyanın cəmiyyətlər tərəfindən təhlükə deyil, yardım kimi qəbul edilməsi fikrini irəli sürür. Bu çərçivədə rəqəmsallaşmanın sosial və iqtisadi təsirlərini nəzərə alaraq, insanlar və maşınlar arasında əməkdaşlığın qurulmasının zəruriliyi vurğulanır. Belə olduqda yeni sənaye inqilabının daha təhlükəli formada təzahür etməsinin və şərh olunmasının qarşısının alınması və müvafiq təhsil modeli ilə yeni nəslin təlimləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Təhsil 5.0 modelinin əsasında Cəmiyyət 5.0 anlayışı dayanır. Təhsil 5.0 modelində də əsas faktorun texnologiyalar deyil, insan olduğunu qeyd etmək lazımdır. Çünki burada bütün səylər insanların rifahına və daha yaxşı cəmiyyətin formalaşdırılmasına yönləndirilir".

Sevinc QARAYEVA

 

 





13.03.2023    çap et  çap et