525.Az

Torpağı vətən edənlər: Milli qəhrəman Elgiz Kərimov


 

Torpağı vətən edənlər: <b style="color:red"> Milli qəhrəman Elgiz Kərimov</b>

Son 3 ildə azadlığını böyük iftixarla, sonsuz qürurla qeyd etdiyimiz Qarabağ torpağı həm öz taleyi, həm də qoynunda uyutduqlarının taleyi ilə hər zaman kövrək, amma daima da əzəmətli duyğular oyadacaq. Hələ XX əsrin sonlarında Birinci Qarabağ müharibəsində yazılmışdı o torpaqların alnına minlərlə vətənpərvər, cəsur, igid gəncimizin nakam taleyi. 30 illik arayla iki Qarabağ müharibəsinə meydan olmuş bu torpaq neçə yarım qalan hekayəyə, neçə tamamlanmamış ömrə qucaq açıb, son ünvan olub.

Həmin igidlərimizdən biri də Birinci Qarabağ müharibəmizin şəhidlərindən Milli Qəhrəman Elgiz Kərimovdur. Həyat hekayəsini, döyüş yolunu özünün qələmə aldığı gündəliyindən öyrəndiyimiz, həyatı kimi gündəliyindəki qeydləri də yarıda qırılan Elgizi ehtiramla anırıq şəhadətinin 31-ci ilində...

lll

Elgiz Kərim oğlu Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1987-ci ildə orta təhsilini başa vurub və həmin il hərbi xidmətə çağırılıb. 1989-cu ildə hərbi xidmətini başa vuran Elgiz doğma yurdu Bərdəyə qayıtsa da, Qarabağ müharibəsi başlananda ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri olur. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən 20 yaşlı igidimiz 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətənin müdafiəsinə tələsir. Elgiz cəbhəyə yola düşdüyü günü övladını odun-alovun içərisinə göndərən anasının narahatlıq və qürur dolu nidası ilə təsvir edir öz gündəliyində: "Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım".

Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüşlər zamanı xüsusi fəallığı ilə seçilərək neçə-neçə erməni quldurunu məhv edir. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri olur.

Hətta 20-ci doğum gününü də cəbhədə, döyüş yoldaşlarının arasında, əlində silah keçirən Elgiz onların təkidlərinə baxmayaraq, silahı yerə qoymur, çox ağır döyüşə girir və yubileyinin ən gözəl "hədiyyəsini" alır. Həmin "hədiyyə"ni isə özü belə təsvir edir: "Bu gün 91-ci ilin yanvar ayının 5-i, ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq, uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar" - deyirdi. İkincisi, Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin". Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı".

Bəli, Elgiz və onun kimi qəhrəmanlarımızı ən çox sarsıdan da məhz bu idi: vaxtilə bir yerdə yaşadıqları, bir qabdan yemək yedikləri, xeyrinə, şərinə yaradıqları qonşuları bu gün onlarla ərazi davasına çıxır, onlara silah tuşlayırdılar. Bəs harada idi ilahi ədalət, harada idi kəsilən çörəyin müqəddəsliyi? O erməni fəhləsinin dediyi kimi, şeytan idi günahkar? Bəs şeytan kim idi? Böyük Cavidin dediyi kimi "hər kəsə xain olan insan" özü elə iblis deyildimi?

lll

Övladı 20 yaşını cəbhədə tamamlayan ananın ən böyük arzusu onun toyunu görmək idi. Bunun üçün qonşu qızın "hə"sini də alıbmış. Amma onun böyütdüyü, tərbiyə verdiyi bu vətən sevdalı oğul vətənini mənfur düşmənin əlindən xilas etməmiş geri dönməyi düşünmürdü, nəinki evlənmək...

Yoxsa Cəmilli kəndində ağır yaralanmasına, üç ay özündə olmamasına baxmayaraq, bir azca düzələn kimi yenidən cəbhəyə tələsərdimi?

"Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürdülər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi. Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralandım. Üç ay özümdə olmadım.

Yenidən silahdaşlarımızın yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi".

Buradaca yarımçıq qalır Elgizin gündəliyi. Çünki elə həmin gün o, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlir. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarılaraq döyüşçülərimiz azad edilir. Lakin bu döyüşdə Vətənimizin igid oğlu Elgiz Kərimov düşmən gülləsinə tuş gəlir. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Oğlunu bəylik kostyumunda görməyi arzulayan, toyuna hazırlaşan ana onu üçrəngli Vətən bayrağına sarınmış halda basdı bağrına, doğulub, boya-başa çatdığı Bərdədə tapşırdı balasını torpağa... Ən böyük təsəllisi isə oğlunun şəhadətindən üç ay sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə ona verilən "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı oldu.

21 yaşlı vətən sevdalı gənc adını xalqının, vətəninin tarixinə elə həkk etdi ki, martın 12-də şəhadətinin 31-ci ili tamam olmasına baxmayaraq, unudulmur, unudulmayacaq.

Qəhrəmanlarına sədaqətlə sahib çıxan, onların xatirəsini daim əziz tutan xalqımız Elgizi də unutmadı, unutdurmadı. Bərdə şəhər 4 saylı tam orta məktəb Milli Qəhrəman Elgiz Kərimovun adını daşıyır.

Xoşbəxt xalqıq ki, Elgiz kimi Birinci Qarabağ müharibəsində canını fəda edən qəhrəmanlarımız da daxil olmaqla, bu vətən, bu yurd uğrunda şəhidlik şərbətini içmiş oğul və qızlarımızın qanı yerdə qalmadı. Onların qisası 30 il sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəmizlə alındı.

Torpağı Vətən edənlərə salam olsun!

 

 





13.03.2023    çap et  çap et