525.Az

Nəsiman Yaqublunun araşdırması - Azərbaycan mətbuatı: həbsdə olan ilk jurnalistlərimiz


 

Nəsiman Yaqublunun araşdırması - <b style="color:red"> Azərbaycan mətbuatı: həbsdə olan ilk jurnalistlərimiz</b>

Azərbaycanda ilk gizli nəşr nümunələrinə XX əsrin əvvəllərində rast gəlirik. Bu, hər şeydən əvvəl Bakının güclü sənaye şəhərinə çevrilməsi, sosial-demokratların (Rusiya Sosial-Demokrat Fəhlə Partiyası) inqilabi fəaliyyətinin güclənməsi, təbliğat işlərinin genişlənməsi ilə bağlıdır.
 
Sosial-demokratlar Bakıda, xüsusən neft sənayesində çalışanlar arasında təbliğat işlərini gücləndirmək üçün gizli mətbəə yaradır (məsələn “Nina” mətbəəsi), qəzetlər çap edir, inqilabi ruhlu, çağırış xarakterli vərəqələr nəşr edirdilər.
 
Azərbaycanlıların nəşr etdikləri ilk gizli nəşr nümunəsi  “Hümmət”dir. “Hümmət” eyni adlı təşkilatın orqanı olaraq çap olunub. Qeyd edək ki, “Hümmət” təşkilatı Rusiya sosial-demokratlarının təsiri ilə formalaşsa da, onun müstəqil fəaliyyəti haqqında məlumatlar da yazılıb.
 
“Hümmət”in həmin illərdə nəşr olunmuş nüsxələrindən yalnız birində - 3-cü sayında (1905-ci il) M. Ə. Rəsulzadənin bir məqaləsi hələlik tapılmışdır. Həmin məqalə 1917-ci ildə “Açıq söz” qəzetinin 5 iyul tarixli sayında (N513) çap edilmişdir.
 
1904-cü ilin  sonlarında RSDFP-nin Bakı Komitəsi nəzdində “Müsəlman sosial-demokratik “Hümmət” təşkilatı yaradılmışdı. “Hümmət”in baniləri M. Ə. Rəsulzadə, Mir Həsən Mövsümov və Məmməd Həsən Hacınski idi!”.

Müsavatın yaradıcılarından olan Abbasqulu Kazımzadə, Kərbəlayi Mikayılzadə də “Hümmət” partiyasının keçmiş üzvlərindən idi”.

Lakin az keçməmiş 1905-ci ildə Rusiyada başlanan birinci inqilabi hadisələrdən sonra M. Ə. Rəsulzadə və silahdaşları bolşeviklərin məram və məqsədlərindən Azərbaycana heç bir fayda olmayacağını başa düşüb onlardan uzaqlaşdılar. 1907-ci ildə “Hümmət”in bağlanmasına qərar verildi.
“Hümmət” təşkilatı 1904-cü ildə Bakıda yaransa da, mətbuat orqanı  1905-ci ildə çap edilib. “Hümmət”in redaktorunun, bolşevik tədqiqatçılarının sovet dövründəki bəzi qeydlərinə baxmayaraq, M.Ə.Rəsulzadə olduğu yazılmaqdadır. Bu haqda həmin təşkilatın fəallarından olan  M.Ə.Rəsuloğlunun mühacirətdəki yazılarında bilgilər var.

M.Ə.Rəsulzadənin də yazılarından “Hümmət”in nəşrinə onun rəhbərlik etdiyini söyləmək olar.

“Hümmət”in gizli sayları hələlik tapılmayıb. Həmin sayların birində, 3-cü sayda çap olunmuş bir məqaləni isə M.Ə.Rəsulzadə 1917-ci ildə “Açıq söz” qəzetində çap etdirib. Bu məqalə həmin gizli saylardan əldə olunan yeganə yazıdır. 

Məlum olduğu kimi “Hümmət” sonradan, 1917-ci ilin iyulun 3-dən N.Nərimanovun redaktorluğu ilə nəşr edilməyə başlayıb.
Odur ki, bu günə qədər əldə etdiyimiz məlumatlar əsasında M.Ə.Rəsulzadənin Azərbaycan mətbuat tarixində gizli nəşrin banisi olduğunu söyləyə bilirik.
Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun da fəaliyyətində gizli nəşr nümunələrinin olduğunu qeyd etmək mümkündür.

Ə.Ağaoğlu yaxın dostları ilə yaratdığı “Difai” təşkilatının gizli vərəqələrini çap edib xalq arasında yayırdı. Bu vərəqələrin yazılmasında, nəşrində Ə.Ağaoğlunun fəaliyyətini və onun redaktoru olduğu “İrşad” qəzeti mətbəəsini qeyd edə bilərik. Bəzi hallarda Ə.Ağaoğlu cəsarətlə “Difai”nin kəskin xarakterli sənədlərini də “İrşad”da dərc etdirirdi.

Sonrakı illərdə Azərbaycan dilində olan nəşr nümunələrinə, əsası 1911-ci ilin oktyabrında M.Ə.Rəsulzadə və silahdaşları tərəfindən əsası qoyulmuş Müsavat Partiyasının fəaliyyətində rast gəlirik. Müsavatın xüsusilə Balkan savaşında, Birinci Dünya müharibəsi dövründə Türkiyənin mövqeyini müdafiə edən bəyanatlar yazıb, xalq arasında yayması ciddi hadisə idi. Bu bəyanatı isə M.Ə.Rəsulzadə və onun silahdaşları İstanbulda nəşr olunan “Səbilürrəşad” dərgisində çap etdirirdilər. 

Qeyd edilməlidir ki, Azərbaycan mətbuatına  basqılar və təzyiqlər hər zaman çar Rusiyası hakimiyyəti tərəfindən davam etdirilirdi.

Nəşrinə icazə verilmiş mətbuat orqanlarının – “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “İqbal”, “Yeni İqbal”, “Bəsirət”, “Açıq Söz” və digərlərinin səhifələrində boş yerlərə, yeri ağ qalmış sütunlara, senzura “qayçısı” ilə kəsilmiş yazılara rast gəlmək mümkündür. Bəzi mətbuat orqanlarının “bağlanıb – açılması” faktları da yox deyildir.

1915-ci ilin mayın 19-da M.Ə.Rəsulzadə “Yeni İqbal” qəzetində Bakı quberniyası Xalq Peşə Məktəbinin direktoruna aid olan bir məlumatın səhifədən çıxarılmasına ciddi etirazını bildirdiyinə görə o, Bakı şəhər rəisinin əmri ilə həbs edilir. İki aya qədər həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılır. Onun həbsi haqqında “Yeni İqbal” qəzetinin 1915-ci il, 24 may sayında (№23) məlumat vardır. M.Ə.Rəsulzadə yazırdı:”tanınmış şair və jurnalist Əliabbas Müznib Rusiya çarlığının İran Məşrutə hərəkatı üzərində icra etdiyi zülmə qarşı “Yebnəl – İvan” adı ilə Rusiya hökuməti əleyhinə bir həcv yazmış və nəticədə həbs olunaraq Sibirə göndərilmişdi. Buradan öz kəhanəti(öncədən bilmə,bacarıq) nəticəsində xilas ola bilir. O, həcvində Rusiya imperatorluğunun cəzaya düçar olacağını yazmışdı”. 
 
Qafqaz Senzura Komitəsinin azərbaycanlı əməkdaşı M.Ş.Mirzəyevin “Qafqazdakı türk mətbuat tarixi üçün materiallar” kitabında 1911-ci ilin 14 martında həbs edilmiş jurnalistlərin siyahısı da təqdim edilib: 1)“Yeni Fyuzat”ın redaktoru Əli Paşa  Hüseynov; 2)Həmin jurnalın əməkdaşı Türkiyə əsilli Əhməd Kamal;3) “Yeni Həqiqət”in redaktoru Oruc Orucov;4) Həmin qəzetin əməkdaşı Məmməd Sadıq Axundov və  Molla Ruhulla oğlu;

5)“Səhabi-Sagib” jurnalının  redaktoru, Əliabbas  Mütəllibzadə(Müznib); 6)“Səda” qəzetinin redaktoru Haşım bəy Vəzirov; 7)Bu qəzetin əməkdaşı Əbdürrəhman Hayqulov Seroqlazov;8)”Səda” qəzetinin əməkdaşı Pirqulu Mürsəlov; 9)Bu qəzetin əməkdaşı Cəfər Bünyadzadə.”.
Ümumilikdə 10 nəfərin həbsi haqqında M.Ş.Mirzəyev məlumatlar yazır.

Qeyd edək ki, M.Ş.Mirzəyevin bu xatirələri 2014-cü ildə ayrıca kitab olaraq nəşr edilib.

 Beləliklə bu şəxslər Azərbaycan mətbuatı tarixində ilk həbs edilən jurnalistlərimiz sayılır. 

 





13.03.2023    çap et  çap et