525.Az

Qarabağ erməniləri Bakıya dəvət olundu


 

REİNTEQRASİYA ÜÇÜN YENİ İMKAN: PREZİDENT ADMİNİSTRASİYASINDAN TƏKLİF

Qarabağ erməniləri Bakıya dəvət olundu<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması, eyni zamanda öz vətəndaşları olan Qarabağ erməniləri ilə müzakirələrə başlanması ilə bağlı təşəbbüs irəli sürdü. Bu addım ölkəmizin sülh niyyətindən, düşmənçiliyə son verilməsindən, həmçinin Qarabağda yaşayan öz vətəndaşlarına münasibətindən irəli gəlirdi.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu mövzuda rəsmi Bakının mövqeyini açıqlayıb.

Sitat: "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən, Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".

Azərbaycan öz vətəndaşları ilə birbaşa təmasa, dialoqa üstünlük verir və bu da niormal bir haldır. Çünki rəsmi Bakı bu mövzuda səmimi olaraq öz iradəsini ortaya qoyub. Bəyan edib ki, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olaraq bütün hüquqları qanunlarımıza uyğun olaraq təmin ediləcək.

Məlumat üçün bildirək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu il martın 1-də deputat Xocalı şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Görüş zamanı ölkəmizin Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Həmin görüşdən sonra Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmasların davam etdiriləcəyi vurğulandı. Dünən isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etməsi barədə məlumat yaydı. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərlə ikinci görüşün paytaxt Bakıda keçirilməsi reinteqrasiya, eyni zamanda qeyd olunduğu kimi, Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün əlbəttə ki, yaxşı bir imkandır. Çünki bu, bir tərəfdən reinteqrasiya üçün yaşıl işıq deməkdir, digər tərəfdən prosesin irəliləməsinə səbəb ola bilər. Məlumdur ki, erməni icması arasında bu prosesin tərəfdarları olanlar var. Düzdür, bölgədəki separatçılar hər vəchlə buna mane olmağa çalışırlar. Amma onu da nəzərə almaq lazımdır ki, bu gün beynəlxalq platformalarda aparılan müzakirələrdə bu məqam xüsusilə vurğulanır. Ermənilərin görüşdən imtina edib-etməyəcəklərini zaman göstərəcək. Onların imtinası həm də Qərb platformasına qarşı çıxdıqlarını göstərəcək. İstənilən halda, Bakı erməni icması ilə təmaslar üçün bütün cəhdlərini, təşəbbüslərini göstərir. Prosesin irəliləməsi üçün isə Qarabağ erməniləri də bu təmaslara müsbət yanaşmalıdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə Qarabağ ermənilərinə müraciət edib. O yazıb: "Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs (Ramin Məmmədov - red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək".

 

 





14.03.2023    çap et  çap et