525.Az

Fransa korsikalılara qarşı aqressiv siyasətindən əl çəkmir


 

Fransa korsikalılara qarşı aqressiv siyasətindən əl çəkmir<b style="color:red"></b>

Fransa hökuməti illərdir ki, korsikalıların bütün haqlarını pozur, onları təzyiq altında saxlayır. Bu, tarixi işğalçı və müstəmləkəçi siyasətə əsaslanan, cinayətlər və soyqırımlarla dolu olan keçmişinə görə utanmalı olan Fransa üçün adi bir hal sayıla bilər. Dediyimiz kimi, tarixən bu ölkə başqa dövlətlərə, xalqlara qarşı bu cür siyasət yeridib. Bu gün də digər ölkələrin, xüsusən də Azərbaycanın daxili işlərinə burnunu soxmağa çalışan Makron hakimiyyəti açıq şəkildə erməni separatçılarına dəstək verir. Ancaq öz ölkəsinə gələndə, yəni konkret Korsika adası ilə bağlı mövzuda ərazi bütövlüyü məsələsini önə çəkir. Bu məqam bir daha Fransanın ikiüzlü, riyakar siyasətinin göstəricisidir. Bu gün korsikalıların bütün haqları pozulur. Beynəlxalq qurumlar, insan haqları təşkilatları ikili standartları bir tərəfə qoyub, Fransanın təzyiqi altında əzilən korsikalıları müdafiə etməlidir. Çünki artıq onların dili də əlindən alınıb. Belə ki, Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan Korsika adası sakinlərinin bütün hüquqları əllərindən alınıb. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərinin qəzəbinə səbəb olub. Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir.

Qərarda Fransa Konstitusiyasına istinad edərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir. Dil məsələsinə əlavə olaraq, məhkəmə "Korsika xalqı" ifadəsini də faktiki olaraq Konstitusiyaya zidd hesab edib.

Qərar Korsika prefekti - adadakı mərkəzi hökumətin ən yüksək nümayəndəsi tərəfindən açılan məhkəmə iddiasından sonra verilib.

Korsika üçün muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər hökmü dərhal tənqid ediblər. Adanın icra şurasının prezidenti Jil Simeoni və Korsika assambleyasının prezidenti Mari Antuanetta Mopertyui bəyan ediblər ki, "Bu qərar Korsika parlamentinin üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etməyə bərabərdir. Bu vəziyyəti qəbul etmək bizim üçün ağlasığmazdır".

Yerli siyasətçilər hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər. Onların fikrincə, korsika dilinə fransız dili ilə yanaşı, rəsmi status da verilməlidir.

Korsika Millət Partiyasının lideri Jan-Kristof Angelini bəyan edib ki, "qərar bizim üçün təhqir kimi səslənir". O, bunu "haqsızlıq və biabırçılıq" adlandırıb.

Qeyd edək ki, Korsika Fransanın mərkəzi hökuməti ilə gərgin münasibətdədir. Yerli millətçi hərəkat bir neçə onilliklər ərzində ada üçün daha geniş muxtariyyət və hətta tam müstəqillik tələb edir. UNESCO-nun məlumatına görə, standart italyan dilinə yaxın olan və təxminən 150 min nəfərin danışdığı Korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir.

Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Keçən ay Makron Korsikanın statusunu dəyişdirmək üçün "heç bir tabu olmadığını" söyləyib. Lakin o, israr edib ki, Korsika Fransanın tərkibində qalmalıdır.

Birləşmiş Millətlər Təşkilatının Azlıqlar üzrə Xüsusi Məruzəçisi Fernan de Varen Fransa məhkəməsinin adadakı dövlət idarələrində Korsika dilinin istifadəsinin qanunsuz olduğuna dair qərarını pisləyib: "Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır".

O, müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib.

Göründüyü kimi, Makron hakimiyyəti üçün insan haqları, beynəlxalq konvensiyalar sadəcə sözdə və kağız üzərindədir. Paris bu cür qeyri-demokratik, qanunsuz addımları ilə bir daha göstərir ki, neokolonolizm siyasətini davam etdirir, onun üçün millətlərin, xalqların hüquqlarının təmini vacib deyil. Makron hakimiyyətinin belə qeyri-demokratik davranışlarının əksinə olaraq, Azərbaycanda yaşayan bütün xalqlara, millətlərə eyni münasibət göstərilir. Bütün xalqların öz dilində danışmaq, oxumaq hüququna hörmətlə yanaşılır, onların mədəniyyətinin, adət-ənənələrinin inkişafı üçün bütün şərait yaradılır. Bu gün Azərbaycanda 30 mindən çox erməni rahat bir şəkildə, Azərbaycan vətəndaşı olaraq bütün hüquqları təmin edilərək yaşayırlar. Onlara qarşı hər hansı ayrı-seçkilik yoxdur. Bütün bunlar bir daha onu göstərir ki, sözdə demokratiyadan, hüquqlardan danışan digər ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışan Fransa öz öhdəliklərinə əməl etməli, digər xalqların, etnik qrupların hüquqlarına hörmətlə yanaşmalıdır. Bu məsələdə Azərbaycanın nümunəsindən də faydala bilər.

 

 





14.03.2023    çap et  çap et