525.Az

Avropa Parlamentindən Azərbaycana qarşı qərəz dolu qətnamə 


 

Avropa Parlamentindən Azərbaycana qarşı qərəz dolu qətnamə <b style="color:red"></b>

Avropa Parlamentinin Azərbaycana yönəlik qərəzi illərdir ki, davam edir. Bir qrup ermənipərəst deputatın əlində alətə çevrilən bu qurum Azərbaycan əleyhinə müxtəlif qətnamələr qəbul etməklə, işğala, separatizmə, qanunsuz hərəkətlərə dəstək verdiyini sübut edir. Avropa Parlamenti yaxın günlərdə, daha dəqiq martın 14-də növbəti dəfə ölkəmizə qarşı obyektivlikdən uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Məlumata görə, qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi iddialar, eləcə də artıq arxivə düşən "Minsk qrupu", "status", "Dağlıq Qarabağda və ətrafında" kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib. Aydındır ki, layihədə əksini tapan bəndlərin heç biri reallığı əks etdirmir və birbaşa Ermənistanla normallaşma prosesinə, Qarabağın erməni icması ilə başladılan müzakirələrə ziyan vurmaqdan başqa məqsəd daşımır. AP-nin "status", "Dağlıq Qarabağ", "Minsk qrupu" və s. kimi artıq keçmişdə qalan məsələləri yenidən dirçəltmək cəhdi bu qurumun qərəzinin, qeyri-şəffaflığının pik həddidir. Digər tərəfdən, həm Avropa İttifaqı, həm ABŞ tərəfi Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı narahatlığını anladıqlarını söyləyiblər. Həmçinin, müzakirələr zamanı yuxarıda vurğulanan ifadələrin heç birini işlətmirlər. Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə silah-sursat, minalar, terrorçuların daşındığı heç kimə sirr deyil və Bakı bununla bağlı bütün faktları müvafiq tərəflərə təqdim edib. Bəs AP-nin Azərbaycan əleyhinə siyasətinin arxasında nə dayanır, niyə bu qurum sülh prosesini dəstəkləmək əvəzinə vəziyyətin gərginləşməsində maraqlıdır? İlk növbədə onu vurğulayaq ki, Avropa Parlamenti olmaqdan daha çox Ermənistan parlamentinin komitəsinə çevrilən bu qurum Ermənistan XİN-dən göndərilən layihələri notarius kimi təsdiqləyir. Digər tərəfdən, kampaniya xarakterli antiazərbaycan fəaliyyəti ilə ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Ermənistanın xeyrinə güzəştlər əldə etməyə çalışır. Azərbaycan bu gün apardığı aktiv xarici siyasətlə, Avropanın enerji təhlükəsizliyindəki rolu, qlobal təşəbbüsləri ilə beynəlxalq arenada yüksək nüfuza malikdir. AP isə korrupsiya cinayətləri, Azərbaycana qarşı qərəzli addımları ilə gündəmdədir. Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətini yada salaraq qeyd edək ki, bu, nə birinci, nə də sonuncu haldır. Kaspar Karapetyan briliant biznesindən qazandığı çirkli pullarla AP-nin bir sıra deputatlarını istədiyi kimi idarə edir. Əlbəttə ki, bu cür hallar AP kimi qurum üçün utancvericidir.

Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"nın təsiri altında olan, bəzi deputatlarının irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqelər və ikili standartlar sərgiləyən AP-nin Azərbaycana "öyüd-nəsihət" verməyə mənəvi haqqı yoxdur. Təəssüf ki, bu qurum ərazi bütövlüyünə yanaşmada da ikili standartdan çıxış edir. Yəni ərazi bütövlüyü anlayışına yanaşması ancaq Ermənistan kontekstində keçərlidir. Belə olmasaydı, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına, bir milyona yaxın soydaşımızın didərgin düşməsinə, etnik təmizləməyə məruz qalmasına, ərazilərimizin darmadağın edilməsinə göz yummazdı.

AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər də Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Məlumdur ki, 2020-ci ildə Vətən müharibəsindən sonra 300-ə yaxın vətəndaşımız mina terrorunun qurbanına çevrilib. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarını tam şəkildə Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılmasını əngəlləyir. Bütün bunlara susan AP əvəzində Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağırır, baxmayaraq ki, Ermənistan Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayır.

AP-nin Azərbaycana bu cür qərəzli münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətindəki səylərinə, bütövlükdə normallaşma prosesinə ziddir.

Qətnamə layihəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün şərtlər kontekstində Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin vacibliyi vurğulanır. Bu isə o deməkdir ki, AP beynəlxalq hüququn norma və prinsiplərinə bir daha selektiv yanaşır, Ermənistanın 30 ilə yaxın davam edən işğalına haqq qazandırır. Bu qeyri-obyektiv qətnamələr Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. Halbuki işğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunub. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Azərbaycanın dövlət başçısının dediyi kimi, işğaldan azad olunmuş ərazilər klassik urbisid, kultursid və ekosid nümunələridir. Nəhayət, Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə barışa bilməyən AP-nin bir sıra deputatları cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edir. Son olaraq, Azərbaycan öz düzgün bildiyi yol ilə davam edir, AP kimi qurumlar isə bu cür qərəzli yanaşma ilə olmayan nüfuzlarına zərbə vururlar.

 

 

 





14.03.2023    çap et  çap et