525.Az

Naxçıvanda səhnə sənəti: 140 illik şanlı tarixə bir söhbətlik baxış


 

Naxçıvanda səhnə sənəti: 140 illik şanlı tarixə bir söhbətlik baxış<b style="color:red"></b>

Bu il Azərbaycanda milli peşəkar teatrın yaranmasının 150 ili tamam olur. Əsr yarım bundan əvvəl ziyalı, mədəni inkişafa meyilli, dünyadakı yeniliklərə açıq olan maarifpərvər azərbaycanlıların sayəsində ilk teatr tamaşası oynanıldı. Təbii ki, bunda Mirzə Fətəli Axundovun timsalında ilk dramaturqumuzun yetişməsi və onun ortaya qoyduğu komediyaların rolu danılmazdır.

Hər zaman mədəniyyətə, incəsənətə böyük qayğı ilə yanaşan cənab Prezidentimiz məhz Azərbaycan tetarının yaranmasını 150 illik yubileyi ilə bağlı Sərəncam imzaladı. "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2023-cü il tarixli həmin Sərəncamında qeyd olunur ki, "Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir... Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir".

Azərbaycanda teatrın yaranmasının 10 illik yubileyi ərəfəsində isə Naxçıvanda da teatr tamaşası göstərildi və beləliklə, 1883-cü ildə Naxçıvanda insanlar teatrla tanış oldular. Bu mənada bu il Azərbaycan peşəkar teatrının 150 illiyi olduğu kimi, Naxçıvanda da teatrın yaranmasının 140 illiyi tamam olur. Biz də bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət. Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovla həmsöhbət olduq. Naxçıvan teatrının tədqiqatçısı olan alimlə keçilən yola, teatrın bugününə və gələcək perspektivlərinə nəzər saldıq...

 

- Ələkbər müəllim, bu il Naxçıvan Teatrının əsasının qoyulmasından 140 il ötür. Üç əsri əhatə edən dövrdə Naxçıvan Teatrı həvəskar aktyorların peşəkar təqdimatlarından peşəkar aktyorların mükəmməl təqdimatlarına kimi yol keçdi. Düz 100 il əvvəl "dövlət dram teatrı", 1964-cü ildə "musiqili dram teatr", ən sonda isə ötən il "milli teatr" statusunu aldı. İstəyərdim Naxçıvanda teatrın yaranması hansı zərurətdən doğdu sualına cavab axtaraq...

- Naxçıvanda peşəkar teatr yaradılmamışdan xeyli əvvəl Naxçıvan və Ordubad şəhərlərində, əhali arasında kütləvi əyləncələr, teatrlaşdırılmış səhnəciklər göstərilirdi. Bu cür tamaşalar əsasən baharda, "Novruz" şənliklərində, Naxçıvan və Ordubad şəhərlərinin küçələrində, meydanlarında, böyük kəndlərin əksəriyyətində göstərilirdi. Belə tamaşalar, adətən bir həftə, bəzən də on gün davam edirdi. Bu şənliklər zamanı bir sıra xalq oyunlarından, el nəğmələrindən teatrlaşdırılmış nümayişlər olurdu ki, bu da teatr sənətinin ilkin formalaşmasından xəbər verirdi. Şübhəsiz ki, "Novruz" şənliklərinin əsas personajları, bu oyunların qəhrəmanları olan Kosa, Keçəl və digərlərinin obrazlarını ifa edənlər elə bizim əcdad aktyorlarımız olmuşlar. Bu şənliklər zamanı göstərilən "kilimarası" oyunlar isə kukla teatrının bu gün dünyada daha çox yayılmış "şirma" növünün məhz "Novruz"dan əsasının qoyulmasına dəlalət edir.

XIX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində Naxçıvanda ilk dəfə yeni üsullu milli məktəblərin açılması, kitabxana yaradılması, qəzet nəşr olunması, ziyalı cəmiyyətləri və bir sıra mütərəqqi təşkilatların formalaşması xalqın mədəni inkişaf səviyyəsinə də təsir etdi. Hətta bir qrup ziyalı Naxçıvan şəhərində teatr yaratmağa da təşəbbüs göstərirdi.

1873-cü il martın 10-da (yeni təqvimlə 22-də) Bakıda M.F.Axundovun "Lənkəran xanı vəzirinin sərgüzəşti" komediyasının ilk tamaşası ilə Azərbaycanda milli teatrın doğuluşu və Yaxın Şərqdə ilk teatrın yaranması naxçıvanlı teatrsevər gənclərdə bu sənətə məhəbbəti daha da alovlandırmışdı.

Naxçıvanlı ziyalılar, eləcə də adətən yay aylarını doğma şəhərdə keçirən Qori Seminariyasının, həmçinin İrəvan Oğlan Gimnaziyasının tələbələri demokratik ideyaları xalq arasında teatr vasitəsilə də yaymağa səy göstərirlər. Nəhayət, 1882-ci ilin sonlarında Naxçıvanın mütərəqqi fikirli ziyalılarından olan, İrəvan Oğlan Gimnaziyasının məzunu Eynəli bəy Sultanov özü ilə həmfikir olan gəncləri bir yerə toplayaraq milli teatr cəmiyyəti təşkil etmək niyyətində olduğunu bildirir. Bu məqsədlə onlar Eynəli bəy Sultanovun mənzilinə toplaşırlar. 1882-ci ildə E.Sultanov başda olmaqla müasir ruhlu, demokratik əhval-ruhiyyəli müəllimlərdən ibarət "Ziyalı Cəmiyyəti" yaranır və həmin ziyalılar şəhərdə ilk dəfə kitabxana təşkil edirlər. 1883-cü ilin əvvəllərində "Ziyalı Cəmiyyəti"nin əsasında Naxçıvanda "Müsəlman İncəsənəti və Dram Cəmiyyəti" də yaradılır. Xatirələrdən məlum olur ki, bu cəmiyyətin təşkilatçılarından biri olan Eynəli bəy Sultanov az sonra orijinal, milli dram əsəri əldə etmək üçün Tiflisə yola düşür. Məqsəd cəmiyyət üzvlərinin iştirakı ilə Naxçıvanda Azərbaycan dilində bir teatr tamaşası hazırlayıb göstərmək idi.

E.Sultanov Tiflisdəki tanışlarının köməkliyi sayəsində M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasının surətini əldə edərək Naxçıvana qayıdır. Beləliklə, "Müsəlman İncəsənəti və Dram Cəmiyyəti"nin üzvləri böyük həvəslə, E.Sultanovun rəhbərliyi altında bu tamaşanın məşqlərinə başlayırlar. Tamaşanı Azərbaycan Milli Teatrı yaranmasının 10 illiyinə təhvil vermək qərara alınır. "Azərbaycan teatrının salnaməsi" kitabının birinci cildində "1883-cü il" bölməsi belə başlayır: "11 mart. Naxçıvan. Hacı Nəcəf Zeynalovun evində Eynəli Sultanovun idarəsi altında "Müsyo Jordan və Məstəlişah" oynanmışdır".

Tədqiqatdan belə məlum olur ki, həmin tarixdə "Müsəlman İncəsənəti və Dram Cəmiyyəti" Azərbaycan Milli Teatrının yaranmasının 10 illiyini böyük təntənə ilə qeyd etmək üçün şəhərin tanınmış və nüfuzlu ziyalılarından olan, Dumanın deputatı Hacı Nəcəf Zeynalovun evini münasib bilərək burada yubiley gecəsi keçirmiş, Azərbaycanda milli, professional teatr sənətinin yaranması və inkişafı barədə çıxışlar olmuş və sonda cəmiyyət üzvlərinin hazırladıqları "Müsyo Jordan və dərviş Məstəlişah" tamaşası Naxçıvanda ilk dəfə olaraq nümayiş etdirilmişdir. Həmin tarixdən də Naxçıvan Teatrının yaranması günü Azərbaycan teatr tarixinin salnaməsinə yazılır.

1883-1890-cı illər arasında Naxçıvan şəhərində hər il 3-4 dəfə müxtəlif tamaşalar hazırlanaraq nümayiş etdirilmişdir. Böyük qürur hissilə qeyd edə bilərik ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan teatrına Eynəli bəy Sultanov, Məmmədtağı Sidqi, Cəlil Məmmədquluzadə, Böyük xan Naxçıvanski, Rza Təhmasib, Bəhruz Kəngərli, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Kazım Ziya, Əli Xəlilov, İsa Musayev, İbrahim Həmzəyev, Firuzə Əlixanova, Məmməd Qasımov və digər bu kimi görkəmli dramaturq, aktyor, rejissor, rəssam və teatr təşkilatçıları bəxş etmiş Naxçıvan Teatrının təsir dairəsi geniş olmuşdur. Müstəqil olaraq meydana gələn və 1923-cü ildə "dövlət dram teatrı", 1964-cü ildə "dövlət musiqili dram teatrı", 2022-ci ildə "dövlət milli dram teatrı" statuslarını alan 140 yaşlı Naxçıvan Teatrı milli teatr hərəkatında möhkəm mövqe tutmuş, teatr sənətimizin inkişafına daha güclü və səmərəli təsir göstərərək Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyəti tarixində öz yerini müəyyənləşdirmişdir.

- Teatrın yaranmasında Eynəli bəy Sultanov, təşəkkülündə Cəlil Məmmədquluzadə və Məmmədtağı Sidqi, formalaşmasında Böyük xan Naxçıvanski, Rza Təhmasib və Bəhruz Kəngərli kimi görkəmli ziyalı və sənətkarların adını çəkdiniz. Bu ziyalılar teatrda repertuarın tənzimlənməsində nə kimi rol oynadılar? İstər öz əsərlərilə, istərsə də sənətkarlıq fəaliyyətlərilə özlərindən sonra gələn nəslə nələri öyrədə bildilər, təbliğ etməyə nail oldular?

- Əvvəldə söhbət açdığım kimi, sözün əsl mənasında teatr fədaisi olan Eynəli bəy Sultanovun ilk yerli dramaturq kimi, ilk quruluşçu rejissor, həmçinin bir aktyor kimi Naxçıvan Teatrının əsasının qoyulmasında və təşkilatlanmasında məxsusi xidməti vardır. Qısacası, bu böyük şəxsiyyət Naxçıvan Teatrının banisidir.

Lakin onu da etiraf etmək lazımdır ki, C.Məmmədquluzadə 1894-cü ildən etibarən - Naxçıvan şəhərində daimi məskunlaşdığı ildən Naxçıvan Teatrının təşəkkülündə müstəsna xidmətlər göstərmiş, yeni-yeni pyeslərin əldə edilib səhnəyə qoyulmasında bir rejissor və aktyor kimi fəal iştirak etmişdir. Məhz həmin ildən Naxçıvan şəhərində özünün "Tərbiyə məktəbi"ni yaradan məşhur pedaqoq Məmmədtağı Sidqi də Naxçıvan Teatrı ilə mütəmadi əməkdaşlıq etmiş və Mirzə Cəlilin ən yaxın köməkçisi olmuşdu. Bu iki böyük şəxsiyyətin teatrın dirçəldilməsində xidmətləri əvəzsizdir.

Demək olar ki, təxminən 1905-ci ildən Naxçıvanın teatr kollektivinə ümumi rəhbərlik işini əvvəllər polis məmuru kimi fəaliyyət göstərmiş, əslində isə səhnə sənətinə dərin ehtiram və məhəbbət bəsləyən Böyük xan Naxçıvanski yerinə yetirmişdir. Məhz onun bilavasitə təşəbbüsü və köməkliyilə 1909-cu ildə bir qrup gənc dram cəmiyyətinə, yəni Naxçıvan Teatrının heyətinə daxil olur. Bu gənclərin arasında teatra sonsuz sevgilə bağlanan Rza Təhmasib də var idi.

R.Təhmasib bir rejissor və aktyor kimi 10 ilə yaxın bir müddət ərzində ilk milli teatr rəssamlarımızdan olan Bəhruz Kəngərli ilə bərabər, Naxçıvan Teatrının formalaşmasında, bura yeni, istedadlı gənclərin cəlbində, Türkiyənin tanınmış dramaturqlarının əsərlərinin tamaşaya qoyulmasında və ən əsası 1915-ci ildə Azərbaycan teatrı tarixində məhz Naxçıvanda Mirzə Cəlilin "Ölülər"inə  ilk səhnə həyatı verilməsində danılmaz xidmətlər göstərmişdir.

İkinci sualınıza cavab olaraq deyə bilərəm ki, E.Sultanov Naxçıvanda yerli dramaturqların yetişməsində, C.Məmmədquluzadə milli dramaturgiyamızın nəinki klassik, həm də o dövr üçün müasir pyeslərin repertuara daxil edilməsində, M.Sidqi və B.Naxçıvanski məktəbli gənclərdə səhnə sənətinə sevginin əxz olunmasında, R.Təhmasib yerli peşəkar rejissorluğun rüşeyminin yaradılmasında, B.Kəngərli Naxçıvan Teatrında ilk dəfə səhnəqrafiyanın formalaşmasında bir vəsilə olmuşlar.

(Ardı var)

 





14.03.2023    çap et  çap et