525.Az

Yusif Qoca: "Tamaşaçını təəccübləndirmək çətinləşib"


 

Yusif Qoca: "Tamaşaçını təəccübləndirmək çətinləşib"<b style="color:red"></b>

Qazax Dövlət Dram Teatrı, uzun illərdir, böyük çətinliklərə rəğmən, əzmlə fəaliyyətini davam etdirir. Cari ildə də teatr bir sıra maraqlı tamaşaları, layihələri ilə sənətsevərləri sevindirir. Sənət ocağının hazırkı fəaliyyəti və gələcək planları haqqında Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca ilə həmsöhbət olduq:

 

- Yusif bəy, ötən həftə Milli Teatr Gününü arxada qoyduq. Qazax Dövlət Dram Teatrı bu günə necə hazırlaşmışdı və necə qeyd etdi?

- Azərbaycan Teatrının 150 yaşı tamam oldu. Bu münasibətlə adı teatrla çəkilən hər kəsi təbrik edirəm. Teatr bir məbəddir, məktəbdir, istirahətdir, mütaliədir. Odur ki, vaxtını, asudəsini səmərəli keçirən hər kəsi təbrik edə bilərik. Qazax Dövlət Dram Teatrı Milli Teatr Gününü əsl bayram kimi qeyd etdi. Teatrımıza rayon gənclərinin turu təşkil edildi. Təxminən bir saat teatrımızın fəaliyyəti, otaqlar, sexlər, repertuar planı, aktyor-rejissor heyəti ilə tanış oldular. Ardınca gənclər Altay Məmmədovun "Yadındamı?" pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izlədilər. Tamaşa sonrası gənclərlə fikir mübadiləsi aparıldı, xatirə fotoları çəkildi.

- Prezidentin Sərəncamı ilə Milli Teatrın yaranmasının 150 illiyi dövlət səviyyəsində qeyd edilir. Qazax Dövlət Dram Teatrı hansısa diqqət, mükafatlandırma gözləyirmi?

- Gözləntilər hər zaman olub, olacaq da. Hər il aidiyyatı üzrə bir neçə əməkdaşın adı fəxri ad üçün göndərilir. Amma nəticə olmur. Biz mərkəzdən çox uzaqda yerləşirik. Necə deyərlər, gözdən uzağıq. Hərdən düşünürəm ki, görəsən, hamının Qazax Teatrının varlığından xəbəri varmı? Baxın, ikinci dəfə peşəkar fəaliyyətinə 1989-cu ildə başlayan sənət ocağında cəmi 1 nəfər aktyorun fəxri adı var. Hər kəsin arzusudur əməyinin qiymətləndirilməsi. İllərini Qazaxda teatrın yaşamasına xərcləyən aktyor və aktrisalar var. Təqaüd yaşları çatanda, arzularını da ürəklərinə yığıb sənət ocağını tərk edirlər. Ümidliyik və inanırıq ki, nə zamansa bizim teatra da günəş doğacaq.

- Cari mövsümdə teatrın repertuarında hansı yeniliklər gözlənilir?

- Bütün olanlara rəğmən, teatr fəaliyyət göstərir. Öz kiçik auditoriyasını yeni tamaşalarla sevindirir. Bəzən 10 tamaşaçı üçün də səhnəyə çıxırıq. Repertuarımızda yerli və xarici klassiklərin, müasir dramaturqların əsərləri yer alıb. Bu mövsüm də 4 yeni səhnə işi hazırlanacaq. Bunlardan Slavomir Mrojekin "Mühacirlər" əsərinin məşqləri başlayıb. Tamaşa aprel ayının sonunda teatrsevərlərə təqdim ediləcək. Bundan əlavə, Ağalar İdrisoğlunun "İnan mənə" və İlqar Fəhminin "Son reportaj" pyesləri də səhnələşdiriləcək.

Bildirim ki, Qazax Teatrının da müstəqil binası yoxdur. Biz, illərdir ki, müvəqqəti olaraq Qazax Mədəniyyət Mərkəzində fəaliyyət göstəririk. Ümidvarıq ki, bizim də teatr binamız olacaq.

- Prezidentin müvafiq Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Bu il münasibətilə teatrınızda hansısa tədbir və ya tamaşalar nəzərdə tutulubmu?

- Əlbəttə. Dediyimiz 4 yeni səhnə işindən biri də Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Bu münasibətlə Qazax Dövlət Dram Teatrında Aydın Murovdağlının "Türkün alın yazısı" əsəri səhnələşdiriləcək. Həmçinin, il ərzində nəzərdə tutulmuş tamaşa ilə yanaşı, Teatr Xadimləri İttifaqının təşkil etdiyi müsabiqədə iştirak edəcək, eləcə də Mədəniyyət Nazirliyinin nəzərdə tutduğu festivalda iki tamaşa ilə teatrımızı təmsil edəcəyik.

- Qazax Teatrının qastrolları olacaqmı? Xüsusən, işğaldan azad olunmuş bölgələrdə tamaşa göstərmək planınız varmı?

- Qastrollar hər zaman arzu olunur. İstər ölkədaxili, istər işğaldan azad olunmuş torpaqlarımıza, istərsə də ölkə xaricinə səfər etmək bizim üçün bayram olar. Teatrın işi tamaşa nümayiş etdirməkdir. İstədiyimiz məkanlarda, istədiyimiz tamaşaları oynaya bilmirik. Çox sağlam, istedadlı kollektivimiz var. Təəssüf ki, doğma Qazaxda belə teatrın mövcudluğundan xəbəri olmayan sakinlər tapılır.

- Bilirik ki, xalqımızın qədim bayramlarından olan Novruz ənənələrini daha çox təbliğ edənlərdən biri teatrlarımızdır. Hazırda Novruz bayramı ərəfəsindəyik. Qazax Dövlət Dram Teatrı əyalət teatrı olaraq bayramla bağlı hansı tədbirlər həyata keçirir?

- Novruz Bayramı sırf tamaşalar üzərində qurulub. Novruzun adət-ənənələri tamaşa dili ilə çatdırılır. Təbii ki, təqdimat üçün tələbat lazımdır. Bu kimi şənlikləri teatr təqdim edəndə daha keyfiyyətli, daha məntiqli və səviyyəli iş ortaya çıxır. İnsanları aldatmaq olmaz, hərənin öz işi var. Hamı öz işini görməlidir, müğənni müğənnilik etməli, aktyor tamaşa oynamalıdır və sair.

Tamaşaçı çox ayıqdır, onu təəccübləndirmək çətinləşib. Dövlət tədbirlərində əlimizdən gələnin ən yaxşısını edirik, keyfiyyətli şəkildə iş ortaya qoyuruq. Bu Novruzda da hər hansı təklif olsa, dəyərləndirərik. Teatr yerindədir, yaradıcı heyət işinin başındadır. Biz işimizi görürük, kimsə bunu görmürsə və ya görməzdən gəlirsə, o zaman ilahi ədaləti gözləməliyik.

- Bildirdiniz ki, Qazax Dövlət Dram Teatrının varlığından belə xəbərdar olmayan insanlar var. Onlar indiki zamanda teatrın fəaliyyəti və repertuarı haqqında hardan məlumat əldə edə bilərlər?

- Fürsətdən istifadə edib, teatrsevərlərə bildirmək istəyirəm ki, Qazax Dövlət Dram Teatrında mütəmadi tamaşalar olur. Teatrımızın feysbuk, instaqram hesabları aktivdir, daimi anonslar verilir. Bütün məlumatları oradan əldə etmək mümkündür. Sizin kimi media nümayəndələrinə də təşəkkür edirik ki, bizi daim diqqətdə saxlayırsınız. Biz hər zaman hər şeyin yaxşı olacağına ümidliyik və bu ümidlə də çalışırıq.

 

 





14.03.2023    çap et  çap et