525.Az

Güney Azərbaycanda nəşr məsələlərinə bir nəzər - Esmira Fuad yazır


 

Güney Azərbaycanda nəşr məsələlərinə bir nəzər - <b style="color:red"> Esmira Fuad yazır</b>

Güney Azərbaycanda dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri bu sahədə çalışanlarla yanaşı, aydınları yaxından ilgiləndirir. Araşdırdığımız zaman kəsiyinin - 2010-2020-ci illərin çap məhsullarının sunumuna keçməzdən öncə, vurğulamaq istəyirəm ki, son çağlarda İran və Güney Azərbaycanda türkcə kitabların çapı və yayılması işində xeyli yumşalma və irəliləyiş nəzərə çarpmaqdadır. Çox təəssüflər ki, mövcud qadağalar üzündən Güneydə kitablar bəzən ili və yeri göstərilmədən, yəni gizli çap edilir...

Eyn. Urmulu adı ilə tanınan Əli Əhmədinin "Gözü yaşlı küçələr" (Tehran: "Nəxostin", 1991), İsmayıl Mədədi Ülkərin "Günəş tonqalı" (Tehran: Rudəki, 1991), Həmid Şəhanəqinin "Zəncirdə sevda" (1995), Saleh Ətayinin "Bəlkə daha deyənmədim" (Tehran: - Seda, 1997), Nazim Hikmət, Əhməd Şamlu kimi modernist şairlərin yolunu gedən Heydər Bayatın "Alma yolu" və Kiyan Xiyavın "Ölüm öpüşündən yanmış lələklər", "Ah, gözlərində doğulmaq" adlı şeir topluları XX əsrin 90-cı illərində çap olunub. Bir sıra ədəbi məclis, birlik və şeir dərnəklərinin fəaliyyəti də ədəbi aləmdə yeni-yeni imzaların parlamasına, yeni əsərlərin, kitabların ərsəyə gəlməsinə ciddi təsir göstərir. "Şəhriyar", "Sabir", "Sahir", "Füzuli gecələri", "Qara Dərnək", "Buta" və b. adlarda yaradılmış ədəbi məclis və birliklər bir çox gənc qələm sahibinin yaradıcılıq yolu üzərində yaşıl işıq yandırıb, onların bir yazar kimi formalaşmasında önəmli rol oynayıblar.

Bu tendensiya İİR-in bir çox universitetlərində də izlənir. Azərbaycan Mədəni Universitetinin Düşüncə və mədəniyyət, Zəncan Universitetinin İşraq İncəsənət və mədəniyyət, Azərbaycan Şəhid Mədəni Universitetinin Şeir və ədəbiyyat, Urmiyə Universitetinin Şeir və ədəbiyyat, Binab Universitetinin "Şeir və ədəbiyyat", Mühəqqiq Ərdəbili Universitetinin "Xətayi" dərnəkləri, Seyid Heydər Bayat və qələmdaşlarının "Füzuli gecələri" və yeni yaratdıqları "Qara dərnək" adlı ədəbi birliklərinin üzvləri tez-tez bir arada toplaşır, klassik, eyni zamanda modern ədəbiyyatla bağlı söhbətlər aparır, fikir mübadiləsi edir, şairlər, bu yola yeni qədəm qoyan gənc yazarlar yeni şeirlərini oxuyur, ustadlarını dinləyirlər.

"Avaye Ərdəbil" və "Yarpaq" (Ərdəbil), "Vəravi" (Xiyav), "Nedaye Moğan" (Muğan), tələbələrin buraxdıqları "Dan yeli", "Qartal", eləcə də "Alatoran" jurnallarının Güney ədəbiyyatı üçün bir vaxtlar etdiyi təbliğat və sunumu bu gün yaşamımıza daha dərindən sirayət edən virtual dünya həyata keçirir. Daha geniş oxucu kütləsini ehtiva edən çeşidli internet sitələri, ədəbi saytlar, bloqlar, feysbuk, son zamanlar İranda yayğın olan teleqram kanalları oxucularla sıx təmasda olmaqla güclü təbliğat işi həyata keçirirlər. Örnək üçün həmin sitələrdən bir qismini sunmağı gərəkli sayıram: araz.blogfa.com/, qocaqartal.blogfa.com/, sadaflisaz.blogfa.com/, ozan2007.blogfa.com, sasbir.blogfa.com/, ucaliq.blogfa.com/, yenilik.blogfa.com/, tabrizfizuli.blogfa.com/, radio-tabriz.blogfa. com/, asirligim.blogfa.com/, yashilmoghan.blogfa.com, yazaraz.blogfa.com, dusharge. blogfa.com, sabahayol.blogfa. com/, babek63.blogfa.com/, anjomanvarzegan.blogfa.com/, volghan59.blogfa.com, kusansazim.blogfa. com/, khazar20.blogfa.com, leylikahali. blogfa.com, bulag.blogfa.com/, uzaghyol.blogfa.com, almayolu.blogfa.com/, tonqal. blogfa.com, sheer.blogfa.com/, yasilyol.blogfa.com/, pisushaq.blogfa.com/, solgon gonash.blogfa.com/, hacilu.blogfa.com/, eldarmaku.blogfa.com/, gencashiqlar.blogfa. com, rezaartan.blogfa.com/, dilsanucan.blogfa.com kimi yüzlərlə bloq Güney ədəbiyyatının gerçək bir tribunasına çevrilib. Diqqət yetirdikdə, bu sitələrin arasında pisushaq.blogfa.com/ kimi uşaqlar üçün ayrıca sitələr, dilimizi, aşıq sənətini, poeziyanı, bütövlükdə ədəbiyyatımızı yansıdan genəl və şəxsi veb bloqlar da vardır. Bu isə onu göstərir ki, Güney aydınları üçün ədəbiyyat, həm də bir strateji önəm daşıyan alandır...    

Güney ədəbiyyatını zənginləşdirən kitablar sırasında 2010-cu illərədək dərc olunmuş "Mavilər" (Həmidə Rəiszadə Səhər), "Talanmış Günəş" (Nasir Merqati), "Gözü yaşlı küçələr" (Əli Əhmədzadə Adə//Ə.Urumlu), "Günəş tonqalı" (İsmayıl Mədədi Ülkər), "Bəlkə daha deyənmədım" (Saleh Ətayi), "Hər rəngdən" (Həmid Nitqi), "Zəncirdə sevda" (Həmid Şəhanəqi), "Cızıq" (Fəranək Fərid İpək), "Ölüm öpüşündən yanmış lələklər" və "Ah, gözlərində doğulmaq" (Kiyan Xiyav), "Təbrizin al təbimi" (Rüqəyyə Kəbiri) və s. adlı şeir topluları ədəbiyyat tarixində  önəmli yerini qoruyub saxlamaqdadır.

2010-cu illərdən sonrakı dönəmlərdə yayımlanan "Qanadlılar", "Susmaz mahnı" (Əziz Səlami), "Sən olmasan, gözəlim özgürlük" (Ərgin Avşar, Bakı), "Barişa inanma, Fərihcəm" (Hadi Qaraçay, Bakı), "Qurşun və şeir (Məsud Haray, Türkiyə)", "Bu gecə mahnılanacaq ay sən üçün" (Yaqub Nami), "...Və qadın danışır" (Səhər Xiyavi), "Ölməzlik", "Tanrı bilsin, bir də könül (Bakı)", "Yalqız yarpaq" (Rəsul Qədiri), "Bıçaqlanmış heyva" (Alma Muğanlı) adlı şeir topluları, Rüqəyyə Kəbirinin "Bu qapı heç çalınmayacaq" (2011) hekayələr toplusu, "İçimdəki qız" (2013), "Evim" (2013), "Yerdən uca torpaq" (2014) romanları da oxucu marağına görə öncül yerdədir.

Məsumə Elqızının 2011-ci ildə Təbrizin "Əxtər" yayın evində "Qartal qanadlım" poeması ayrıca kitab kimi, "Anas" yayım evində isə "Küllənməz köz" adlı şeir toplusu (2014) çap olunub və rəssam kimi mükəmməl rəsmlər çəkən xanım yazarımızın sevənlərinin çevrəsini daha da genişləndirib... 

2011-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Güneyin tanınmış modern şairi Ülkər Ucqarın "Balıqçı əllərinə doğru" adlı ilk şeirlər kitabı da nəşr edilib. Ülkərin şeirlərini başqalarından fərqləndirən başlıca cəhətlər: özünəxas ifadə bacarığı, mövzu çeşidinin genişliyi, məna açarının çox vaxt kənar mətnlərdə - xüsusən Azərbaycan şifahi xalq yaradıcılığında və mifoloji qaynaqlarda olmasıdır. Həm Güney, həm də Quzey Azərbaycanda daha çox xarici ölkələr ədəbiyyatından örnəklərin, kitabların ana dilimizə çevirisini önəmli ədəbi olay kimi dəyərləndirmişik, amma dilimizdə yaranan ədəbiyyatın xarici dillərə çevrilməsi və yetərincə oxucu auditoriyası qazanması ikiqat dəyərlidir. S.Behrəngi, F.Vəfi, Q.İmamizadə, R.Kəbiri və Ülkər Ucqarın əsərlərinin xarici dillərdə oxunması Güney ədəbiyyatının uğurudur. Son illərdə Ülkər Ucqarın şeirləri Parisdə fransız dilində nəşr olunan nüfuzlu jurnallarda fransızcaya tərcümə edilərək dərc olunub. Fransız dilindən fars və türk dillərinə tərcümə etdiyi əsərlər isə Tehranda çap edilib.

26 fevral 2012-ci ildə Güney Azərbaycanda xalqın milli haqq və hüquqları uğrunda ardıcıl mübarizə aparan milli hərəkat fəalları "Susma!" adlı dərginin birinci sayını nəşr etmişlər. Dərginin ilk sayı Xocalı soyqırımına həsr olunub və bununla da milli hərəkat fəalları dərginin səhifələrində o tayla-bu tayı, Güneylə Quzeyi birləşdirərək öz olağanüstü fəaliyyətlərinə başlayıblar. Yaradıcı heyətin bildirdiyinə görə, İran rejimi maneçilik törətməsə, hər ay nəşr olunacaq dərgidə əsasən Güney Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzular üstünlük təşkil edəcək, bu ana mövzulara həsr olunmuş yazılara, tədqiqat işlərinə, publisistik məqalələrə geniş yer veriləcəkdir... Sayğıdəyər şairimiz Səid Muğanlının da yaxından iştirakı ilə "Yaşmaq" dərgisinin, eyni zamanda Güneydə çağdaş mətbuat tarixində ən uzunömürlü nəşr nümunəsi olan "Varlıq" dərgisinin yayımı da öz axarı ilə davam edir.

Güney Azərbaycanda beş min tirajla nəşr edilən "Xudafərin" jurnalının 100-cü sayının çap olunması və Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin təşəbbüsü, Birliyin üzvləri, yazar və qəzet redaktorlarının iştirakı ilə təqdimat mərasiminin keçirilməsi 2012-ci ilin mühüm ədəbi-publisistik hadisələri sırasındadır. Toplantıda çıxış edən Xalq şairi Fikrət Qoca jurnal haqqında geniş məlumat verib. Bildirib ki, jurnal 10 il öncə işıq üzü görüb. Güney Azərbaycan ədəbiyyatının təzyiqlər, zindanlar şahidi olduğunu deyərək, bildirib ki, "Xudafərin" jurnalı Güney və Quzey  Azərbaycanla bağlı mütəmadi olaraq yazılar dərc edir. Tehranda çap olunmasına baxmayaraq, jurnalda Quzey Azərbaycandan olan ziyalılara da geniş yer verilir. Jurnalın baş redaktoru, vətənsevər şair Hüseyn Şərqi Soytürk məlumat verib ki, bütöv Azərbaycanda baş verən ədəbi-bədii, elmi-ictimai hadisələr, ədəbi-mədəni mühit jurnalda öz əksini tapır. Hüseyn bəy ayda bir dəfə işıq üzü görən dərgidə güneyli və quzeyli aydınlara fərq qoymadığını da bildirib.

2012-ci ildə İsmayıl Mədədi Ülkər Osalının "Məni başdan yaradana" adlı şeir kitabı oxuculara ən gözəl töhfə olub. 

2013-cü ilin çap məhsulları içərisində Nəbi Kobotarianın "İran Azerbaycanı Aşık destanları. Şikari destanı" (Türk Dil Qurumunun nəşri) Güneydə xalqın yaratdığı böyük türk mədəniyyəti xəzinəsinin ən dəyərli incilərindən sayıla bilər. "Dədə Qorqud" ənənələrini davam etdirən və dörd nəsil aşığın sinəsindən qopub günümüzədək gəlib çatmış "Şikari dastanı" motiv və mövzu zənginliyi ilə də diqqət çəkir. "55 saat ərzində dinlənilərək səsli fayllardan götürülən dastanda 18 ustadnamə, 225 qoşma və 65 bayatı mətni qeyd olunub.

Dastanda hadisələrarası ustadnamələr, eləcə də aşığın həvəslə söylədiyi bu və ya başqa hadisəyə münasibətini ifadə edən süjetdənkənar nümunələr əsasən Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mənsur, Xəstə Bayraməli və başqa aşıqların şeirlərindən götürülüb".

Türk dünyasının ən iri həcmli dastanı kimi dəyərləndirilən "Şikari dastanı" mövzu dairəsinə görə də Türkiyənin Anadolu bölgəsində yaranmış iki söz sənəti nümunəsi - "Battalnamə" və "Danişməndnamə" dastanları ilə bənzərdir və əsas hədəfi Türkləşdirmək və İslamlaşdırmaqdır.

Güneydə 2013-2014-cü illərdə onlarla kitab çapa hazırlanmış və nəşr üçün mətbəələrə təqdim olunub. Seyid Heydər Bayatın "Alma Yolu" adlı şeirlər toplusu Təbrizin İrşad idarəsinin icazəsi ilə işıq üzü görüb.

"Ağ Atım", "Günəş" adlı kitabları ilə sevilən və çağımızın milli şairi kimi tanınan Huşəng Cəfərinin isə üçüncü kitabı "Qanlı çiçəklər" Zəncan "Nikan Kitab" Yayım evində nəşr sırasını gözləməkdədir.

(Ardı var)

 





14.03.2023    çap et  çap et