525.Az

Azərbaycanda yutub kanallarına qarşı hücum var - Sosial şəbəkədə yazılanlar


 

Azərbaycanda yutub kanallarına qarşı hücum var - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şahinoğlu, politoloq:

- Ermənistan saytları xəbər yayıblar ki, "Azərbaycan Ermənistandan Qarabağa ötürülən qazı yenə kəsib". Bu məsələyə birdəfəlik son qoymaq lazımdır. Ermənistandan Qarabağa çəkilən boru xətti də, ötürülən qaz da Azərbaycan qanunlarına, o cümlədən, beynəlxalq hüquqa ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu səpgidə bəyanat yaymasına ehtiyac var ki, kimsə bizi ittiham etməsin. Boru xətti işğal dövründə çəkilib və Ermənistan Azərbaycanla razılaşdırmadan, heç bir saziş imzalamadan ərazimizə qaz ötürür. Azərbaycanda qaz mərkəzləşdirilmiş şəkildə paylaşdırılır, Qarabağın ermənilərinə anlatmalıyıq ki, qazın istifadəsini Azərbaycan qanunlarına uyğunlaşdırmaq lazımdır, əks halda Ermənistandan qanunsuz qaz ala bilməyəcəklər. Bu deyilənlər Ermənistandan Qarabağa ötürülən digər qanunsuz kommunikasiya xətlərinə də aiddir.

 

Aqşin Yenisey, şair:

- Dünən Elm və Təhsil Nazirliyinin dəvəti ilə Zəngilanın yeni salınan "ağıllı kənd"i Ağalıda və kəndin Orta məktəbində olduq. Ömrümdə ilk dəfə idi ki, Qarabağ bölgəsinə səfər edirdim. Çünki mən ilk dəfə Bakıya gələndə Qarabağ artıq Bakıda idi. Və məndə hələ Abbasqulu Ağa Bakıxanovun "Gülüstani İrəm" əsərindən təsəvvür etdiyim, Avropadan gələn orduların yaylağı, Asiyadan gələn orduların qışlağı olan bu torpaqları nə vaxtsa görəcəyimə aid heç bir ümid yox idi.

Ağalı kəndi mənə yad bir yer deyil. 44 günlük müharibədən sonra orduda qalan hərbçi qardaşım bu kənddə xidmətdədir deyə kəndin adı bizim evdə tez-tez çəkilir. 

"Ohanyan səddi!" Qətlə yetirilmiş Qarabağın torpağa çəkilmiş silueti bu səddən başlayır və adamı məcbur edir ki, özünü hadisə yerinə baxış keçirən müstəntiq kimi aparsın. Bu xətti yarmaq üçün necə oğulların qurban getdiyini düşünmürsən orda, canlı görürsən. Hər tərəf zamanın və məkanın dağıntıları ilə doludur. Qarabağlıların əsl taleyi bu dağıntıların altında qalıb. Bu dağıntılar tale qəbiristanlıqları kimi yolboyu bir-birini əvəz edir. Buralar uçub dağılmış evlərin və əyilmiş başdaşıların əsir düşərgəsidir. Ağaclar kimsəsizlikdən əcinnəyə çevrilib. Nə səmada bir quş var, nə torpağın üstündə bir böcək. İnsanlarla birlikdə Qarabağın quşları, böcəkləri də tərk edib bu torpaqları. Horadizin ağaclarında gördüyüm boş quş yuvalarına "Ohanyan səddi"ndən sonrakı tək-tük ağaclarda rast gəlmədim. Burada torpaq ümidsizlikdən ölüb.

İşğaldan azad olunan əraziləri keçdikcə, Azərbaycanın necə böyük məsafələrinin düşmən əlində olduğunu dərk etdikcə miskincəsinə vahimələnməmək mümkün deyil. Bir daha əmin oluram: Bu məsafələri görməyən, bu vahiməni yaşamayan, ölkəni ancaq televizordan, sosial şəbəkələrdən izləyən adamda dövlət düşüncəsi sağlam ola bilməz.

Bu məsafələri Azərbaycan xalqına yenidən qazandıran siyasətə də, orduya da min yol təşəkkür!

Yazar tayfası, adətən, qeydlərini dəftərə yazır, Qarabağ haqqında qeydləri isə qəlbə yazmadan bu mövzuda əsər yazmaq mümkün deyil.

Qarabağda indi reanimativ tədbirlər görülür. Bölgənin dirilməsi üçün hər tərəfdə təkərli qarışqalar işləyir. Zəngəzurdan keçəcək qatar və avtomobil yolu, demək olar ki, nəzərdə tutulan ərazinin bir addımlığına qədər uzanır.

Bu da məni "Zəngəzur dəhlizi" artıq bir addımlığımızdadır deməyə ümidləndirir.

Ağalı kəndi indi Azərbaycanda tayı-bərabəri olmayan bir kənddir. Yalnız Bakının özü ilə müqayisə etmək olar.

Bu düşüncələrlə də gecə geri dönürük. Salyanın yolüstü çayxanalarının birində əlimi yuyanda sol tərəfimdə yuyunan bir adamın əlləri güzgüdə diqqətimi çəkir. Adamın qolunda qandal var. Həbsxanadanmı qaçıb? Qəfildən qapının ağzında peyda olan polis nəfəri özünü sualıma cavab olaraq nümayiş etdirir. Əllərimi uzun-uzadı yuyuram ki, dustağın əhvalatının necə başa çatdığını görə bilim. Ancaq qandallı adam da tələsmir, əli ilə bərabər qandalını da yuyur. Birdən ağlıma gəlir ki, mənim sonunu görmək istədiyim şey onun müvəqqəti azadlığıdır. O, indi azadlığının odunu söndürüb külü ilə oyanır.

Qarabağ səfərim bu görüntü ilə başa çatır: Azadlığınızın odundan muğayat olun!

 

Fərid Pərdəşünas, texnobloger:

- Azərbaycanda yutub kanallarına qarşı hücum var. Mənə verilən məlumatlara görə, son həftələrdə artıq bir neçə məşhur yutub kanalı kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "bitcoin" qarşılığında hərracda satışa çıxarılır. Hazırkı hədəf yerli media orqanlarıdır.

Bir neçə günlük araşdırmalarım və sorğular əsasında müəyyən etdik ki, hazırda edilən hücum növü fişinq və sosial mühəndislik üsulu deyil. Zərərçəkənlər qeyd edir ki, heç bir linkə daxil olmadıqları təqdirdə, ən üst səviyyə qorumaları aktiv olduğu halda belə kanalları oğurlanıb.

Bu oğurluq növü məşhur növdən olan brauzerin kuki fayllarının oğurlanmasıdır. İllərdir bu metod kibercinayətkarlar tərəfindən istifadə edilir. Kompüterə salınan zərərli bir proqram vasitəsilə brauzerin bütün kuki faylları oğurlanır və cinayətkar da heç bir şifrə, mail daxil etmədən hesabları ələ keçirir. Quqlun Təhdid Analiz Qrupu məlumatı təsdiqləyib. 2021-ci ildən belə bir hücum növü geniş yayılmağa başlayıb.

Əgər əməkdaşlarınız arasında saxta əməliyyat sistemi, saxta proqram təminatı istifadə edən varsa, kanalınız təhlükə altında ola bilər. Bu hücum növündən qorunmağın yeganə yolu pirat proqram təminatlarından və əməliyyat sistemlərindən uzaq qalmaqdır. Hansısa pullu məhsulu kimsə sizin üçün pulsuz verirsə, bu, xeyirxahlıq üçün olmur.

 

Elçin Əfəndi, təhsil eksperti:

- Dövlət İmtahan Mərkəzi dəfələrlə xəbərdarlıq edir ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqini mütləq gətirin, amma təəssüf ki, bəzi abituriyentlər səhlənkarlığa yol verirlər. İmtahana gələrkən sənədlərdən hansısa yaddan çıxır. Bu isə imtahana buraxılmamaqla nəticələnir.

Belə halla rastlaşan, eləcə də istər 5 mart, istərsə də bu gün keçirilən buraxılış imtahanında üzrlü və üzrsüz səbəbdən iştirak edə bilməyən abituriyentlərin və onların valideynlərinin nəzərinə!

Narahat olmayın. Bu kimi məqamları Dövlət İmtahan Mərkəzi nəzərə alır. Belə ki, siz 2 aprel tarixində keçiriləcək imtahanda iştirak edə bilərsiniz. O vaxta kimi şəxsiyyət vəsiqənizi yeniləyin (vaxtı keçib və ya itibsə), bununla yanaşı, DİM Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadənin adına ərizə ilə müraciət edin ki, 2 apreldə keçiriləcək buraxılış imtahanında iştirakınıza icazə versin.

P.S. Digər xəbərdarlıq isə imtahana telefon və digər vasitələrin gətirilməməsilə bağlıdır. Təəssüf ki, bu gün keçirilən imtahanda da yenə də bir neçə abituriyent buna cəhd edib. Əziz abituriyentlər, belə hallara yol verməyin.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan "Azercell" ötən ilin yekun hesabatını açıqlayıb

Bununla bağlı açıqlamaya, təqdim edilən statistikaya, infrastruktura və texnologiyalara, investisiya xərclərinə diqqət yetirdikdə, "Azercell" dövlət şirkətinə çevriləndən sonra bəlkə də ilk dəfə olaraq müşahidə etdim ki, vəziyyət müsbətə doğru dəyişib.

Amma mobil sektorda ən yüksək bazar payına - 48 faizdən çox paya sahib olan "Azercell" maraqlıdır ki, yenə də gəlirlərini açıqlamayıb.

Hesabatla bağlı açıqlamadan anlaşılmır ki, qurum ötən ili zərərlə başa vurub, yoxsa mənfəət əldə edib.

Ümumiyyətlə, diqqət cəlb edir ki, "Azercell" "dövlətləşəndən" sonra gəlirləri və xərclərini açıqlamaqda xəsislik edir.

Hansı ki, bu, normalda əksinə olmalıydı, "dövlətləşəndən" sonra cəmiyyətin daha çox marağında olan qurumun hesabatlılığı, şəffaflığı daha da artmalıydı.

Əvvəlki hesabatlara nisbətən bu açıqlama daha dolğun olsa da, görülən işlər, layihələr və tədbirlər daha çox gözə çarpsa da, digər bir çox əhəmiyyətli məqamlara da aydınlıq gətirilməyib.

Açıqlanan geniş məlumatda abonent bazasındakı dəyişiklik (açıqlanan faizdən görünür ki, azalma olub), hər mobil istifadəçiyə görə orta gəlirlər, səs danışığından və mobil internetdən əldə olunan gəlirlər, datanın dinamikası, istifadə olunan trafik həcminin 4G/3G/2G arasında bölgüsü, rominqlə bağlı gəlirlər, xidmətlərlə - məsələn "Asan imza"dan əldə olunan  gəlirlər və s. bu tip ictimai faydalı məlumatlar yoxdur.

Ümid edirəm ki, hesabat tam açıqlananda və sayta yerləşdiriləndə ictimai əhəmiyyət kəsb edən məlumatları görə biləcəyik.

Xatırladıram ki, 2018-ci ilin martında RİNN  yanında "AzInTelecom" MMC Maliyyə Nazirliyinin ayırdığı 450 milyon manat vəsaitlə "Azercell"in səhmlərinin 51.3 faizini satın alıb.

Bundan sonra "Azercell" "AzİnTelecom" daxilində olmaqla dövlət şirkətlərinin reyestrinə daxil edilib.

 

İlqar Rəsul, jurnalist:

- Doğrudanmı qüsurlu yalnız lağ elədiklərimizdir?

Bir aktrisanın tələbələrlə görüşü niyə bu qədər qıcıq yaradır, anlamıram. Məncə, rejissorlarımızın, aktyorlarımızın, sənət adamlarımızın belə görüşlərini tez-tez təşkil etmək lazımdır.

Əgər problem görüşü təşkil edəndədirsə (?), məncə, bu da haqq vermir aktrisanı aşağılamağa. Ümumiyyətlə kiməsə lağ eləmək nə deməkdir? İnsan vaxtını belə şeylərdənsə, özünütəstiqə sərf etsə, daha yaxşı olmazmı?

Əvəzində insanın sənətilə şəxsi həyatını toqquşdurmaq, müzakirə obyektinə çevirmək nə dərəcədə düzdür? Doğrudanmı qüsurlu yalnız lağ elədiklərimizdir?   

Sovet dövründə hər bir sənət adamına hər cür dövlət dəstəyi var idi. Amma indikilər özləri ayaqda durmaq məcburiyyətindədilər. Çünki yeni düzən bunu tələb edir. Onlara dəstək olmaq daha yaxşı olmazmı? Bəzən sadəcə linç eləməməklə dəstək olmaq həm də.

 

Ənzulə Pərvizqızı, jurnalist:

- Niyə də olmasın? Kimə zərəri var? Əksər paylaşımlar və şərhlər Naxçıvan Universitetində "Blogerlik və incəsənət" mövzusundakı seminarda Oksana Rəsulovanın əsas qonaq qismində çıxışını qınayır.

Mən normal qəbul edirəm. Hər iki tərəf normal müzakirə edirlərsə, niyə də yox?

Mən Oksana xanımın adını eşidəndə "Xoşbəxt sabahlar" verilişini xatırladım.

 Siz niyə yalnız keçmişdə qalırsız, yalnız bəyənmədiklərinizə fokuslanırsınız? Həyat davam edir, insan inkişafı seçibsə, təqdir etmək öncə sizə yaxşıdır.

İnsan dünənindən fərqlidirsə, inkişafdadırsa ona niyə şans vermirsiz? Rahat olun. Bu dünyada hər kəsə yer var.

İfrat qadağalar, ayrı-seçkilik, sərhədlər, "olmaz"lar... nəyə yarar? Kifayət qədər neqativ yayılan dünyamıza bir az da siz "töhfə" verməyin.

İnsanları təbəqələrə bölmək, aşağılamaq bizə heç nə qazandırmayacaq. Sakit olun.

 

 

 

 

 

 

 

 





14.03.2023    çap et  çap et