Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2014-cü il üçün Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” adlı növbəti müsabiqəni elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur. Təşkilatçılar Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir. Müsabiqə 3 nominasiya- “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanda turizm”, “Azərbaycan ədəbiyyatı” üzrə elan olunub. Müsabiqənin əsas məqsədi Azərbaycan mövzusunu Özbək mətbuatında daha çox işıqlandırmaq, qardaş ölkədə Azərbaycanı təbliğ etmək və ikitərəfli əməkdaşlığı möhkəmləndirməkdir.
2014-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Sənaye ili” elan olunmasını nəzərə alaraq “Azərbaycan iqtisadiyyatı” nominasiyasına müabiqədə əsas yer verilib. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Azərbaycan iqtisadiyyatı” nominasiyası üzrə ölkəmizin son illərdə iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi nəhəng layihələr barədə məqalələrə daha çox üstünlük veriləcək.
“Azərbaycanda turizm” nominasiyası üzrə ölkəmizin turizm resursları, bu sahədə həyata keçirilən nəhəng infrastruktur layihələri, müasir turizm kompleksləri, müalicəvi-istirahət mərkəzləri, həmçinin tarixi ipək yolu üzərində yerləşən Azərbaycan şəhərləri, abidələri, otel və istirahət kompleksləri haqqında məqalələrə üstünlük veriləcək. Son zamanlar Özbəkistanda Azərbaycanın turizm bölgələrinə, müalicəvi-istirahət mərkəzlərinə marağın artmasını nəzərə alaraq, bu sahədə məlumatlandırma işini gücləndirmək və qardaş ölkədə Azərbaycanın turizm resurslarını təbliğini genişləndirmək də müsabiqənin məramlarından biridir.
Azərbaycan ədəbiyyatı nominasiyası üzrə Azərbaycan ədəbiyyatının klassikləri, dünyada tanınmış dahi söz ustaları, onların əsərləri haqqında məqalələrə üstünlük veriləcək, Azərbaycan – Özbək ədəbi əlaqələri haqqında məqalələr daha çox dəstəklənəcək. Ədəbiyyat sahəsində 2014-cü il üçün Azərbaycan dilindən Özbək dilinə tərcümə edilmiş “İlin ən yaxşı tərcümə əsəri” üçün də mükafat təsis olunacaq. Bundan başqa, Azərbaycan mövzusuna ən çox müraciət edən mətbu orqan (qəzet, jurnal, sayt, elektron informasiya vasitəsi) üçün də xüsusi mükafat ayrılacaq. Müsabiqəyə 2014-ci ilin dekabr ayının 31-də yekun vurulması nəzərdə tutulur.
İlin ən yaxşı məqalələrini müsabiqənin təşkilatçıları,özbəkistanlı jurnalistlər, redaktorlar, həmçinin elm və mədəniyyət sahəsində bu ölkədə tanınmış şəxslərdən ibarət Münsiflər Heyəti müəyyənləşdirəcək.
çap et