525.Az
Kannda Azərbaycan Günləri çərçivəsində silsilə tədbirlər keçirilib
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günləri yeni tədbirlərlə davam edib.
Kannda Festivallar və Konqreslər sarayında bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub. Fonddan verilən məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirdə çıxış edən Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks bildirib ki, artıq ikinci ildir Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Kler-Ann Reks şəhərə gələn çoxsaylı turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini qeyd edib.Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib: “Artıq iyirmi ildən çoxdur ki, Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq qurulub. Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq və maraq əsasında qurulub və inkişaf edir. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Bu yaxınlarda Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və bu zala Məhsəti Gəncəvinin adı verilib. Əminəm ki, atılan bütün bu addımlar xalqlarımızı və ölkələrimizi biri-birinə daha yaxın edib, daha sıx dostluq əlaqələri yaradıb. Bu sırada keçən il Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərini xüsusi qeyd etmək istərdim. Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük maraq və hörmətlə qarşılandı. Biz bu şəhərə ürəkdən bağlandıq və mədəniyyət günlərimizi ənənəvi olaraq hər il burada keçirmək istərdik.
Mən fürsətdən istifadə edərək, bizə yardım göstərən və bütün tədbirlərimizdə bizə dəstək verən hər bir insana, xüsusilə Kann şəhərinin keçmiş meri cənab Bernar Broşana və hazırkı meri cənab Devid Lisnarda dərin minnətdarlığımı çatdırıram”.
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monsel rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib: “Assosiasiyanın üzvlərinin sayı getdikcə artır və bu da Fransada Azərbaycana olan maraqdan irəli gəlir”. O, bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Daha sonra sərgi ilə tanışlıq olub.
Heydər Əliyev Fondu yarandığı gündən xaricdə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etmək məqsədilə müxtəlif layihələr reallaşdırır. Hər il minlərlə turistin ziyarət etdiyi Kannda bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılışı da bu istiqamətdə Fondun atdığı növbəti addım olub.
Sərgidəki bölmələrdən birində rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. “Fransa Azərbaycan rəssamlarının gözü ilə” adlı bölmədəki əsərlərdə bu ölkə, onun regionları və paytaxtı Paris təsvir olunub. Burada fırça ustalarımız özlərinə məxsus bədii üslubda maraqlı sənət əsərlərini təqdim edirlər. Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunur.
Sonra Kannın Festivallar və Konqreslər Sarayında Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.
S.ABDULLAYEVA
12.07.2014
çap et