525.Az

Şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş kitab təqdim olunub


 

Şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş kitab təqdim olunub<b style="color:red"></b>

Martın 13-də Beynəlxalq Muğam Mərkəzində yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidi mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunmuş "Qutsal yolçu" kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Nəfəs İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, millət vəkilləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin, eləcə də Türkiyədə 6 fevral zəlzələsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcısı MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı qeyd edib ki, Şahanə Müşfiqin müəllifi olduğu "Qutsal yolçu" kitabı şəhidlərimiz haqqında yazılmış kitabların, nəşrlərin növbətisidir. Kitab "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın dəstəyi, DGTYB-nin təşkilatçılığı ilə çap olunub.

Qeyd olunub ki, ömrünün 30 ilə yaxınını vətənin müdafiəsinə, hərb sənətinə həsr edən mayor Emin Süleymanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində artilleriyaçı olaraq iştirak edib. 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.

Mayor Emin Süleymanov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

"Nəfəs" İB-nin sədri Firəngiz Balakişiyeva çıxışında şəhid mayorun həyatına və döyüş yoluna nəzər salaraq qeyd edib ki, bu cür qəhrəmanlarımızın həyatı gələcək nəsil üçün vətənpərvərlik örnəkləridir. F.Balakişiyeva ictimai birlik olaraq hər zaman şəhid ailələrinin, qazilərin yanında olduqlarını, müxtəlif layihələrlə şəhidlərimizin adının əbədiləşdirilməsinə öz töhfələrini verməyə çalışdıqlarını deyib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva çıxışında şəhid adının ucalığına toxunaraq bildirib ki, şəhidlər ölmür, onlar müqəddəs adları ilə əbədi yaşayırlar. Xanım deputat kitabın müəllifi Şahanə Müşfiq başda olmaqla, bu nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib, bu cür kitabların daha çox çap olunmasının vacibliyini vurğulayıb.

Şəhid Emin Süleymanovun həyat yoldaşı Məhsəti Süleymanova çıxışında hər kəsə təşəkkürünü bildirib, həyat yoldaşı ilə qürur duyduğunu, bu kitabın başlanğıc olduğunu və onun adının yaşadılması üçün ailəsi olaraq əllərindən gələni edəcəklərini deyib.

"Şəhid Emin Süleymanov haqqında yazılmış bu kitab şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün etdiyimiz işlərin növbətisidir" deyən kitabın müəllifi yazıçı Şahanə Müşfiq bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib, şəhidlər haqqında yazmağın bir vətəndaşlıq borcu olduğunu vurğulayıb. Bildirib ki, "Qutsal yolçu" kitabında şəhidin ailə üzvləri, döyüş yoldaşları, əsgərləri, məktəb müəllimləri, qohumları və dostlarının xatirələri ilə yanaşı, dövri mətbuatda Emin Süleymanov haqqında çıxan yazılar, şeirlər çap olunub.

Daha sonra DGTYB-nin sədri İntiqam Yaşar, şair Manya Səxavətqızı və başqaları çıxış edərək şəhid Emin Süleymanova həsr olunmuş kitab haqqında öz fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik mövzulu mahnılarla çıxış edib.

 MEHRİ

 





15.03.2023    çap et  çap et