525.Az

AUKUS-dan yeni həmlə


 

AUKUS-dan yeni həmlə<b style="color:red"></b>

Kaliforniya ştatının San Dieqo şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında prezident Co Bayden, Avstraliyanın Baş naziri Entoni Albanese və Böyük Britaniyanın Baş naziri Rişi Sunak nüvə enerjisilə işləyən sualtı qayıqların inşası ilə bağlı üçtərəfli əməkdaşlıq haqqında saziş imzalayıblar. Belə bir əməkdaşlığın ola biləcəyi haqqında bir neçə gün öncə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat vermişdi.

Sazişin imzalanma mərasimində çıxış edən ABŞ prezidenti bu layihənin Hind-Sakit okean regionunda azadlığın və sərbəstliyin təmin edilməsi yönündəki öhdəliyinin bir hissəsi adlandırıb. Prezident Co Bayden bəyan edib ki, ABŞ bu vəzifəni ən yaxın müttəfiqləri ilə birlikdə həyata keçirir.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə bildirib ki, bu layihə Atlantik və Sakit okeanda birlikdə hərəkət edən üç sualtı donanmanın okeanların azadlığını birlikdə təmin edəcəyi anlamına gəlir.

San Dieqo şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında imzalan saziş ABŞ-ın Avstraliyanı nüvə enerjisi ilə işləyən Virciniya sinfinə aid üç sualtı qayıqla təmin etməsinı nəzərdə tutur. Bu sualtı qayıqlar ABŞ hərbi sənaye kompleksinin aparıcı şirkətlərindən olan “General Dynamics” tərəfindən inşa ediləcək. Saziş Avstraliyanın bu sualtı qayıqlardan daha ikisini almaq imkanını nəzərdə tutur.

Bu saziş çərçivəsində Böyük Britaniya və Avstraliya ən son Amerika texnologiyaları əsasında öz ehtiyacları üçün yeni AUKUS sinfinə aid sualtı qayıqların tikintisinə başlayacaqlar. Tikinti işlərini “BAE Systems” və “Rolls-Royce” həyata keçirəcək. Avstraliya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, 2055-ci ilə qədər bu layihənin maliyyələşdirilməsinə 245 milyard dollar xərclənəcək.

Saziş 2027-ci ildən gec olmayaraq ABŞ və Böyük Britaniya sualtı qayıqlarının növbəlilik əsasında Qərbi Avstraliyadakı bazada yer almalarını da nəzərdə tutur. Məqsəd avstraliyalı dənizçilərin hazırlanmasına kömək etmək və çəkindirci qüvvə olmaqdan ibarətdir.

Bu sazişin imzalanmasını tarixi hadisə adlandırmaq olar. Çünki sənədin imzalanmasından sonra ABŞ ilk dəfə olaraq sualtı qayıqlar üçün nüvə mühərriklərinin yaradılması texnologiyasını başqa ölkələrlə paylaşacaq. Bu amilin özü üçtərəfli müdafiə ittifaqı olaraq Avstraliya, Birləşmiş Krallıq və ABŞ tərəfindən yaradılmış AUKUS birliyinin Vaşinqton üçün nə qədər böyük önəm daşıdığını göstərir. AUKUS mübahisəli Cənubi Çin dənizində Çinin artan təsirlərinin qarşısını almağa yönəlib.

Avstraliya nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşası barədə öncə Fransa ilə anlaşmışdı. Lakin 2021-ci ilin sentyabrında gözlənilmədən Avstraliya Fransa ilə olan müqavilədən imtina edərək nüvə enerjisilə işləyən sualtı qayıqların inşası barədə Böyük Britaniya və ABŞ ilə saziş imzaladı. Fransa bu hadisəyə çox kəskin reaksiya versə də, ABŞ və Böyük Britaniyanın mövqeyi dəyişmədi.

AUKUS üçtərəfli hərbi ittifaq və onun yeni həmləsi formalaşmaqda olan yeni dünya düzəninin göstəricisidir.

 





15.03.2023    çap et  çap et