525.Az

Moskva postsovet məkanını itirir - Xaqani Cəfərli yazır


 

Moskva postsovet məkanını itirir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Sovet İttifaqının dağılmasından ötən müddət ərzində ilk dəfədir ki, Moskva postsovet məkanı üzərində təsir imkanlarını itirir. Əlbəttə, bu proses başa çatmayıb. Əksər postsovet respublikalarının ərazisində hələ də Rusiyanın hərbi bazası mövcuddur. Postsovet ölkələrinin bir çoxu hələ də özünün iqtisadi müstəqilliyini təmin edə bilməyib və Rusiyadan ciddi maliyyə asılılığı var. Rusiyadan idxal olunan enerjidaşıyıcılardan asılılıq postsovet ölkələrinin bəziləri üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Bütün bunlar reallıq olsa da, Rusiyanın Ukraynada məruz qaldığı hərbi uğursuzluq, beynəlxalq münasibətlər sistemindən təcrid olunması və iqtisadi sanksiyalar Moskvanın təsir imkanlarını minimuma endirib. Son günlər Moldova, Ermənistan və Gürcüstanda baş verən prosesləri məhz Moskvanın təsir imkanlarını itirməsinin göstəricisi kimi dəyərləndirmək olar.

Postsovet məkanında Rusiyadan ən çox asılı olan respublikalardan biri olan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini kvotasından imtina etdi. Erməni müxalifəti rəsmi İrəvanın bu addımını "ölkənin təhlükəsizliyinin əsaslarını sarsıtmaq" kimi dəyərləndirsə də, hər kəsə aydındır ki, heç bir dövlət Ermənistanı işğal etmək niyyətində deyil. Rusiyanın maraqlarından çıxış edən erməni müxalifəti isə Moskvanın təsir imkanlarının zəifləməsi ilə hakimiyyətə gəlmək imkanlarını itirir. Ermənistanın KTMT-nin baş katibinin müavini kvotasından imtina etməsi əslində daha böyük hadisədir. Bu hadisəni bütövlükdə Moskvanın hərbi-siyasi bloku olan KTMT-nin dağılma prosesinin rəsmiləşdirilməsi kimi dəyərləndirmək olar. 

Rusiyanı narahat edəcək digər bir proses isə Moldovada baş verir. Sovet İttifaqının dağılmasından sonra ilk dəfə Rusiya Moldovanın separatçı bölgəsi olan qondarma Dnestryanı Respublika üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşib. Fevralın 16-da Moldovanın Baş naziri Dorin Recan parlamentdə Kişinyovun Dnestryanı ilə bağlı məqsədlərini elan etdi. Kişinyov regionun demilitarizasiyasını, yəni bölgədə qeyri-qanuni yerləşdirilmiş Rusiya qoşunlarının, silah-sursatının və hərbi hissələrinin tamamilə çıxarılmasını əsas məqsədi elan etdi. Dnestryanı bölgə rəsmən Moldovanın bir hissəsi olsa da, tamamilə Rusiyanın nəzarətindədir. ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitində Rusiya Moldova ərazisindən ordusunu çıxarmaq haqqında öhdəlik götürsə də, bu günə kimi bu öhdəliyinə əməl etmir. Çünki Dnestryanı bölgədə Rusiyanın ən böyük hərbi bazalarından biri yerləşir. Hələ 2015-ci ildə moldovalı ekspertlər qeyd etmişdilər ki, Dnestryanı bölgədəki anbar Şərqi Avropada ən böyük anbarlardan biridir. Bu anbarda 20 min tona yaxın artilleriya mərmiləri, qumbaralar, patronlar, aviabombalar var.

İndi isə Moskva Dnestryanı bölgəni itirmək qorxusu ilə üzləşib. Moskvada gözəl bilirlər ki, Moldova təkbaşına Dnestryanı bölgə üzərində nəzarəti bərpa edə bilməz. Çünki bu bölgədə Rusiyanın çoxminli hərbi qüvvəsi mövcudur. Lakin Ukraynanın dəstəyi ilə Moldova çox qısa zamanda separatçı bölgəyə nəzarəti öz əlinə keçirə bilər. Rusiyanın bu bölgəyə birbaşa çıxışı olmadığı üçün Dnestryanı bölgəyə yardım etmək imkanları da məhduddur. Kreml qorxur ki, belə bir hadisə baş verərsə, Dnestryanı bölgədəki hərbi sursat Ukrayna ordusunun əlinə keçə bilər.

Bu ssenarinin qarşısını almaq üçün Moskvanın yeganə çıxış yolu Moldovada Qərbyönümlü hakimiyyəti devirərək Moskvaya loyal bir iqtidarın yaranmasına nail olmaqdır. Ötən ay Moldova hökuməti Moskvanın ölkədə sabitliyi pozmaq planlarının mövcudluğuna dair sübutlara malik olduğunu açıqladı. Oxşar məlumatı Ukraynanın rəsmi qurumları da səsləndiriblər. Fevralın sonlarından başlayaraq Moldovada Rusiyayönümlü qüvvələr etiraz aksiyalarına başlayıblar. "Xalq Uğrunda Hərəkat" adı altında birləşən qüvvələr hökumət binasına daxil olmağa çalışsa da, hüquq-mühafizə qüvvələri onların qarşısını alıb. Etirazçılar prezidentin və hökumətin istefasına nail olmağı hədəfləsələr də, dövlət başçısı Maya Sandunun qətiyyətli mövqeyi Rusiyayönümlü qüvvələrin məqsədlərinin gerçəkləşməsinə imkan verməyib. Rusiya bu qüvvələrə hərbi dəstək verməkdə tərəddüd edir. Moskvada qorxurlar ki, bu zaman bütün dünyada demokratik yolla seçilmiş qanuni prezident kimi tanınan Maya Sandu yardım üçün Ukraynaya və Rumıniyaya müraciət edə bilər. Belə bir müraciət NATO-nun üzvü olan Rumıniyanı və Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlı olan Ukraynanı hərəkətə keçirə bilər. Ukraynada son 9 ay ərzində heç bir uğur qazana bilməyən, üstəlik, Xarkov və Xersonda ağır hərbi məğlubiyyətlə üzləşən Rusiyanın ikinci cəbhəyə yönəltməyə hərbi qüvvəsi yoxdur. Lakin Rusiyanın qərarından asılı olmayaraq Ukrayna ilə Moldova Rusiyanın nəzarətində olan separatçı rejimə son qoya bilər. Bunu bir neçə ay əvvəl heç kim ağlına gətirə bilməzdi. Amma indi hər ötən gün belə bir hadisənin baş vermə ehtimalı artır. Bu ehtimal gerçəkləşsə, Rusiya Qərb istiqamətdə çox böyük bir mövqe və Moldovaya qarşı əsas təsir imkanını itirəcək. Əminliklə demək olar ki, Moldovanın Rusiyanın təsir dairəsindən çıxması artıq başlayıb.

Gürcüstanda son günlər baş verən prosesi də Rusiyanın təsir imkanlarını itirməsi kimi dəyərləndirmək olar. Son 10 ildə Qərbyönümlü qüvvələr ilk dəfə Rusiyayönümlü "Gürcü arzusu"nu geri addım atmağa vadar etdi. İqtidarda olan "Gürcü arzusu" partiyasından və ona bağlı "Xalqın gücü"  ictimai hərəkatından deputatların səsi ilə birinci oxunuşda qəbul edilmiş "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi parlamentin müzakirəsindən çıxarıldı. Bütün dünyada bu hadisə Qərbyönümlü qüvvələrin 10 illik fasilədən sonra ilk qələbəsi kimi dəyərləndirildi. Bu qanunvericilik təşəbbüsü əsasən Qərbdən maliyyələşən vətəndaş  cəmiyyəti institutlarına qarşı yönəlmişdi.

Moldova, Ermənistan və Gürcüstanda baş verən proseslər postsovet məkanında Rusiyanın təsir dairəsinin dağılmasının başlanğıcıdır. Rusiyanın Ukraynada məruz qaldığı hər bir hərbi uğursuzluq bu prosesi daha dərinləşdirəcək.

 

 

 





16.03.2023    çap et  çap et