525.Az

"Məhşər" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Məhşər" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla Xalq rəssamı Əzim Əzimzadənin "Məhşər" əsərindən danışmışıq.

Çoxsaylı əsərləri və məşhur silsilələri ilə Azərbaycan rəssamlarının müxtəlif nəsilləri üçün tükənməz ilham mənbəyi olan Əzim Əzimzadə Azərbaycanın ilk Xalq rəssamıdır. Rəssamın yaradıcılığı çoxcəhətliliyi ilə fərqlənir. Əzim Əzimzadə Azərbaycanın satirik qrafika və karikatura janrının banisidir.

 

- Humay xanım, əsərin tarixçəsi haqqında nə bilirik?

- Görkəmli rəssam Əzim Əzimzadə həqiqətən maraqlı və xalqın düşüncələrini əks etdirən əsərlər yaradıb. Şübhəsiz ki, qiyamət günü hər zaman aktual mövzu olaraq istər rəssamların, istər şairlərin, istərsə də Dünya rəngkarlığının ən əsas mövzularından biri olub. Əzim Əzimzadə yaradıcılığında da bu mövzuya, yəni məhşər, qiyamət günü mövzusuna rast gəlirik. "Məhşər" əsərinin kompozisiyası, koloriti, dərin mənaları əks etdirən bir rəsm tablosudur. Əsər 1938-ci ildə ərsəyə gəlib. Qiyamət günü səhnəsini rəssam məharətlə əks etdirib. Əsərdə ölülərin dirilməsi, sorğu-sual anı, mələklərin göydən yerə enməsi əks olunub. "Məhşər" dini üslubda olan, çoxobrazlı bir əsərdir. Rəsmin texnikası sulu boya, rəngli tuş olub. Material olaraq kağızdan istifadə edilib.

- Əsərin rəng koloriti necədir?

- Əzim Əzimzadənin janr müxtəlifliyi, incə rəng duyumu, rəssamın məharəti, orijinallığı və milli koloriti möhtəşəmdir. Rəssamın "Məhşər" tablosunda arxa fon tünd mavi rəngdədir. Açıq mavi qarışığı biraz duyulur. Göydə sarı səma cisimləri öz əksini tapıb. Hurilərin geyimində açıq qırmızı, ətəklərində tünd mavi, açıq çəhrayı rəngləri müşahidə edirik. Bir tərəfdən tünd qəhvəyi rəngli libas geyinmiş şeytanı görürük. Əsərdə həmçinin yaşıl rəng tonları da öz əksini tapır, açıq qəhvəyi rəng tonlarından da istifadə olunub. Rəssamın yaradıcılığını anlamaq, dərk etmək üçün onun zəngin kolorit irsini dərindən mənimsəmək lazımdır.

- Bəs kompozisiya?

- Dini üslubda olan möhtəşəm "Məhşər" əsəri doğrudan da maraqlıdır. Çünki heç kim qiyamət gününü bilmir, amma beyində qurulan kompozisiya ərsəyə gəldikdə az da olsa təsəvvür etmək olur. Rəssam əsərin kompozisiyasını məharətlə qurub. Əsərdə ayın yerdəki dirilən insanları izləməsi, üç hurinin yerə enməsi, sorğu-sual hadisəsi öz əksini tapır.

- Tabloda müxtəlif maraqlı detallar da var. Elə tərəzi kimi. Bir az da bu detallardan danışaq.

- Rəssam məhşər gününü daha canlı təsvir etmək üçün tərəzini göstərir. Bu tərəzinin anlamı isə insanların dünyada etdikləri yaxşılıq və pislik əməllərinin tərəziyə qoyulması və ölçülməsidir. Əsərdə ilana rast gəlirik. İlanla bağlı bir sıra dini cəhətdən rəvayət var ki, pis əməl sahiblərini ilan diri-diri yeyir.

- Tərəzinin üzərində yazılı kağızlar görürük...

- Bu kağızlar kompozisiyada fikrimcə, əsas yer tutur. Çünki bunlar ölmüş insanların məhşər günündə vaxtilə etdiyi pis və ya yaxşı əməllərin yazıldığı vərəqlərdir. Göy üzərində əlində vərəqi tutub gedənlər isə sorğu-sualdan azad olaraq yaxşı insan kimi əllərində əməlləri düz olan siyahı götürüb mələyə çevrilirlər. Kənardan kompozisiyaya şeytan daxil olur. Və dərin kibirlə, nifrətlə, şeytan baxışları ilə insanları özünə cəlb etməyə çalışır. Kompozisiya çox fiqurludur və xeyli maraqlıdır.

- Əsər harada saxlanılır?

- "Məhşər" Əzim Əzimzadə adına olan ev-muzeyində qorunub saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Azərbaycan rəngkarlığına öz xidməti ilə misilsiz töhfələr verən, böyük rol oynayan Əzim Əzimzadə yaradıcılığı dünyada tanınır. Bu əsər sayəsində Əzimzadə yaradıcılığını az da olsa dərk edərək rəngarəng koloritini öyrəndim. Qiyamət, məhşər günü haqda sözləri "Məhşər" əsəri ilə təsəvvür edə bilirəm. Əzim Əzimzadə bu əsərlə insanları həyatı gözəl, səmərəli keçirməyə səsləyir. Qiyamət gününün haqq-hesabının sonunda bilinmir ki, nə olacaq. Rəssam insanları haqq yolunda olmağa çağırır. Şeytan adlanan iblisdən uzaq durmağı məsləhət görür. Yaxşı əməl insanların Allah tərəfindən dəyərləndirilməsinin, Allahın varlığının nələrə qadir olduğunu açıq şəkildə izah edir.

Aytac SAHƏD

 





15.03.2023    çap et  çap et