525.Az

Suya atılan səmənilər - Şahnaz Şahindən yeni esse


 

Suya atılan səmənilər - <b style="color:red"> Şahnaz Şahindən yeni esse</b>

Mart bayramlar ayıdı, fevral çıxandan bu mötəbər bayramlara hazırlıq da başlayır... Əvvəlcə 8 mart Qadınlar günü, əlbəttə - bu tarixlə bağlı bəlkə də hamı hər şeyi bilir, amma yaddaşımızı yeniləmək ziyanımıza olmaz...

1857-ci ildə Amerikanın Nyu-York şəhərində bir geyim sektorunda qadın hüquqları uğrunda başlayan, lakin polislər tərəfindən dağıdılan  etiraz mitinqi düz 51 il sonra -1908-ci il 8 mart günü  yenidən başladı. Bu dəfə daha sistemli və yüksək təşkilatçılıqla 15 min qadın Nyu-York Sosial Demokrat Qadın Təşkilatının çağırışı ilə daha az iş saatı, kişilərlə bərabər əmək haqqı və səs vermə hüququ üçün nümayişə çıxdı. Bir fərqli cəhət də vardı, bu dəfə qadınlar  "Çörək və Gül" şüarı ilə küçələrə axışmışdı, bu da qarın toxluğu və daha rahat həyat tərzini ifadə edirdi... 1975-ci ildən Beynəlxalq Qadınlar Günü kimi qəbul edilən 8 mart günü bizim də ölkəmizdə hər il qeyd edilir. Qadın xoşbəxt olarsa, dünya da gülər, evi də, dünyaya gətirdiyi körpəsi də bəxtəvər olar...

Novruz Bayramı... 2009-cu ildən YUNESKO tərəfindən  qeyri-maddi mədəni irs siyahısına daxil olan və 2010-cu ildən də Beynəlxalq Novruz Günü kimi qeyd olunan bu milli bayrama hər xalq özünə məxsus hazırlıq görür. Bayram bir çox müsəlman ölkələrində xüsusi təntənə ilə keçirilir. Novruz həm də təbiətin oyanışı, yazın gəlişi ilə yadda qalır. Baharın gəlişilə həyat sanki həyat yenilənir, ağaclar tumurcuq tutur, otlar cücərib torpaqdan boy verir, Günəş sevinclə qalxır göy üzünə, havalar isinməyə başlayır... Bax elə bizim bağımızın ən yaşlı meyvə ağacı olan alça da yazın ilıq nəfəsi dəyən kimi diksinib oyanıb. Bəlkə də son gücünü toplayaraq ayağa qalxıb, çiçəkləyib, ağappaq güllü örpəyini əsdirməklə baharı salamlayır... Bəli, təbiət dəyişir, canlanır, təmizlənir, yenilənir, insan da dəyişmə və yeniliyin sirrinə vaqif olmalıdır...

Bir yana al çəkir, bir yana yaşıl,

Dağlarda dikəldir çəmən-balışı.

Lalə yanaqlarda köztək alışır.

Sarısı, yaşılı, alı Novruzun...

Xalqımızın çox qədim tarixə malik olan və bu günədək qoruyub saxladığı Novruz adət-ənənələri var, hər il yaz gələndə evlərdə səməni qoyular, həyət bacalarda dərindən təmizlik işləri görülər, bayram şirniyyatları hazırlığı başlayar... Novruza qədər keçirilən çərşənbələrin də başqa ləzzəti var... Bəzi inanclara görə külli-kainatın yaranma səbəbi də su, od, torpaq və küləkdır...  Elə insan özü də biri digərini tamamlayan bu həyat ünsürlərinə bağlıdır. Əbəs deyil ki, təbiətdə baş verən bütün hadisələr həm də insan bədənində təkrarlanır. Yaz ağzı bəzi xəstəliklər də bu səbəbdən aktivləşir, sanki qışdan çıxmış orqanizm də vitamin və mineralları itirib zəiflədiyindən adam tez xəstələnir...

Novruzun dəyişməyən atributlarının ən sevimlisi olan Səməni... Kökü "Sem, Soma" doluluq, saflıq dayanan bu sözün türk dilində şərəf, qürur kimi dərin mənaları da var. Almanlar adətən pasxa bayramında səməni cücərdir və buna "Ostergras" deyirlər. Səməni yazın ilk əlaməti sayılır və özündə bolluq və bərəkət ifadə edir...

Qızlar həvəslə buğdanın ən təmizini, irisini və sağlamını seçir səməni qoymaq üçün. Həm də min arzu və istəklə edərlər bunu. İlk çərşənbədən başlayarlar səməni qoymağa, sevə-sevə hazırlayar və bu sözləri də sanki ilin bərəkətli olması üçün buğdanın "qulağına" oxuyarlar:

Səməni, saxla məni,

İldə cücərdərəm səni...

Novruz Bayramı axşamında süfrələrin bəzəyi olar, gəlin kimi bəzənib cilvələnər beli qırmızı lentli səmənilər...

Bayramdan sonra da ta saralıncaya qədər səmənini saxlayır və yalnız bundan sonra onu aparıb axar suya atarlar. Atanda da ürəyində hər hansı bir arzu, niyyət edərək səmənini sakitcə suyun üzünə buraxarlar. Bilmirəm, nə qədər doğrudur, amma mən Novruz sonrası Kürün suyuna atılmış yüzlərcə səməni görmüşəm...

...Bu il mən də səməni qoymuşam, ona sevgiylə qulluq edib göyərtmişəm. Novruz axşamı süfrəmizi bəzəyəcək, sonra da yüz arzu diləklə, hind filosofu R.Taqorun - "Ey xırdaca ot yarpağı, sənin addımların çox kiçikdir, amma bu addımlarla sən yer üzünü büyürüysən..." sözlərini pıçıldayıb tapşıracam onu sulara... Onu da deyirlər niyyətin qəbul olarsa, səməni suyun üzərində sevincdən "atıla-atıla" üzür...

Təbiətin öz dili var və daim insanla ixtilatdadır. Bu, sükutdur, bu dildə danışır torpaq, səma, dəniz... Bu dildə susur küləklər, bu dildə oxuyur çiçəklər, otlar, yarpaqlar... Bu dil həm də Tanrının dilidir, qoy Yaradan xoş niyyətlərinizi qəbul etsin... Ölkələr və xalqlar da bir-birinə yalnız dost mesajları yollasın, silahlar torpağa gömülsün, müharibə və savaşlara son verilsin... Yer üzündə bir dənə də münaqişə ocağı qalmasın, bu qitədən o qitəyə sevgi daşısın küləklər...

 





15.03.2023    çap et  çap et