525.Az

"Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsini daha çox "Qalatasaray" istədi"


 

"Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsini daha çox "Qalatasaray" istədi"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la İstanbulun "Qalatasaray" komandası arasında xeyriyyə məqsədilə yoldaşlıq görüşü keçiriləcək. Matçdan əldə edilən gəlir Türkiyədə son zəlzələ zamanı zərər çəkən insanlara ayrılacaq.

Bu oyunla əlaqədar "Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Qol.az saytının suallarını cavablandırıb.

 

- “Qarabağ” - “Qalatasaray” matçının keçirilməsi ideyası nə vaxt başlayıb? Bildiyimizə görə, bu məsələ indi deyil, bir neçə ildir müzakirə olunur.

- Bəli, bu ideya illərdir var. Sadəcə müxtəlif səbəblərdən ya tarixlər, ya komandaların proqramları üst-üstə düşmürdü. Bir və digər komandanın heyətində bəzi problemlər olduğundan oyunun keçirilməsi həmişə növbəti mərhələyə saxlanılırdı. Qismət belə imiş. Matçın indiki həssas məqamda təşkili isə bəlkə də daha yaxşı oldu. Çünki əvvəl bu görüş yoldaşlıq oyunu məqsədi ilə olacaqdısa, indiki halda daha faydalı bir iş üçün - xeyriyyə məqsədi ilə keçiriləcək. Klublar arası münasibətlərimiz istər idarə heyəti, istərsə də klub rəhbərləri arasında yüksək səviyyədədir. Zəlzələdən sonra belə bir fikir irəli sürüldü ki, niyə də oynamayaq. Hər iki komanda ilkin olaraq razılaşandan sonra matçın idarə heyətləri səviyyəsində təsdiqlənməsi məsələsi bir neçə gün çəkdi. Çox qısa zamanda qərar verdik ki, bu oyun keçirilsin. Əlbəttə, məsələnin texniki tərəfi də uyğun olmalı idi. Biz də baş məşqçimizlə və texniki heyətlə məsləhətləşdik. Qarşı tərəf də öz məşqçiləri ilə danışdı. Belə qərar verildi ki, martın 26-ı hər iki tərəf üçün uyğundur və bu tarixdə qarşılaşma keçirilsin. Bütün xırda detallar müzakirə olundu. Qarşılıqlı şəkildə bir-birimizə etimad və istəklə bütün suallları rahatlıqla həll etdik və oyunun keçiriləcəyini dünən rəsmən açıqladıq. Bu oyun reallaşacağı üçün biz də sevincliyik. Çünki Azərbaycan azarkeşi ən yaxşılarına layiqdir. İllərdir çox vətəndaşımızın arzuladığı "Qalatasaray"ın "Qarabağ"la oynaması bir tarixdir.

- Almaniya və Macarıstan klubları ilə yoldaşlıq görüşü təklifi olsa da, yekunda “Qalatasaray”ın “Qarabağ”ı seçməyində hansı amillər rol oynadı?

- Bu sualı "Qalatasaray"ın cavablandırması daha düzgün olar. Burda məsələ elədir ki, biz oyunu təsdiqləyəndən sonra səmimi söhbət əsnasında bildik ki, "Qalatasaray"ın Almaniya, Macarıstan və başqa klublardan təklifləri də var imiş. Amma məqsəd qardaşlığımızı göstərmək idi. Müharibə dövründən sonra çox istəyirdik ki, bu klublar oynasınlar. İki qardaş ölkənin birliyinin təzahür edən bir futbol matçının olması artıq labüd idi və zərurətə çevrilmişdi. İndiki halda bu zərurətin həm də xeyriyyə məqsədi ilə olması sevindiricidir. İki komanda idman meydanında bir araya gələcəksə, eyni zamanda matçın zəlzələdən zərərçəkənlərə kiçik bir təsəllisi olacaqsa, bu, bizim üçün ancaq şərəfdir.

- Oyuna biletlər nə vaxtdan satışa çıxarılacaq? Qiymətlər neçə manat arasında dəyişəcək?

- Oyuna biletlərin martın 16-ı satışa çıxarılması planlaşdırılır. Çox qısa zamanda oyunun Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verildi. Ona görə də bəzi texniki məsələlər var idi ki, biz onları "İticket" şirkəti ilə yoluna qoyuruq. Onlara da təşəkkür edirik ki, bu oyunu onlar da xidmət haqqı almadan – təmənnasız yardıma dəstək olacaqlar. Martın 16-ı açıqlanacaq saatda bilet satışına start veriləcək. Azarkeşlərimizin rahatlığı üçün həm onlayn satış, həm də məntəqələrimizin sayını maksimum dərəcə çox etməyə çalışdıq. Biletlərin qiyməti bütün kateqoriyalar üzrə çox aşağı qiymətə etdik ki, insanlar üçün bu gözəl qardaşlıq oyununun izlənilməsi əlçatan olsun.  Biletlərin qiyməti 3-5-30-50 manat təşkil edəcək. VİP biletlərin qiyməti isə 100 manat olacaq.

- Biletdən gələn gəlir tam olaraqmı zəlzələdən zərər çəkənlərə xərclənəcək? Qarşı tərəfin səfər xərcləri, stadionun icarə məsələsində “Qarabağ”a hər hansı güzəşt nəzərdə tutulurmu?

- Təkcə biletlərdən yox, oyundan əldə olunacaq bütün gəlir zərərçəkənlərə xərclənəcək. "Qalatasaray"ın Azərbaycanda çəkiləcək bütün xərclərini komandamızın baş sponsoru "Azərsun Holdinq" öz üzərinə götürüb. İş adamlarının mümkün ianələri, skybox və bilet satışı, klubumuzun marketinqinin stadionətrafı reklam satışından əldə edəcəyi bütün gəlirlər zərərçəkənlər üçün ayrılacaq. Oyunun tərəfdaşı olacaq şirkətlər, iş adamlarına bizim tərəfimizdən stadionda elan edilməklə təşəkkür olunacaq, reklam lövhələrində adları yazılacaq. Klubumuz adından da onlara təşəkkür ediləcək. Bundan başqa TV yayım, TV reklam gəlirləri ilə bağlı telekanallarla danışırıq. Gələn gəlir Türkiyədə zərərçəkən bacı-qardaşlarımıza sərf olunacaq. Çalışdığımız maksimum məbləğ toplamaqla daha çox zərərçəkmişin az da olsa yarasına məlhəm olmaqdı. Bunu da birlikdə - hamılıqla edəcəyimizə əminəm. 

- “Qarabağ” klubu olaraq matça neçə min azarkeşin gəlişini gözləyirsiniz?

-Əlbəttə, biz Tofiq Bəhramov adına Respublika stadionunda oynaya bilərdik. Sağ olsun ki, bütün UEFA bayrağı altında keçrilən oyunlarımızda Gənclər və İdman Nazirliyi bizə bütün şəraiti yaradır. Fürsətdən istifadə edib, belə bir oyunun keçirilməsinə razılıq verdiyi üçün də dövlətimizə təşəkkür edirik. İstər hörmətli nazirimiz, istərsə də Nazirliyin bütün əməkdaşlarının hər zaman dəstəyini hiss edirik. Matçın Bakı Olimpiya Stadionunda keçirilməsini daha çox "Qalatasaray" klubu istədi. Biz də qardaşlarımızın istəyini nəzərə aldıq. Bildiyiniz kimi, biz ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçiririk, o stadion evimiz kimidir. Amma stadionun tutumu və gələcək gəlirin həcminə baxdığımızda "Qalatasaray" komandasının da Olimpiya Stadionunda oynamaq istəməsi başadüşüləndir. Olimpiya Stadionu da sağ olsun ki, icarə məsələsində bizə güzəştə getdi, stadion icarə haqqı tələb etmədilər. Orada oynamağımız üçün maksimum dərəcədə şərait yaratmağa çalışırlar. Düzdür, oyunun təsdiqlənməsinin üzərindən bir gün keçib. İstər Olimpiya Stadionu, istərsə də klubumuzun oyunun hazırlığında xidmətlər göstərəcək digər qurumlar olsun, çalışırıq ki, UEFA-dan yüksək qiymət aldığımız oyunlar kimi bu matçı da eyni keyfiyyətlə təşkil edək. 

Qarşı tərəfin oyunun Olimpiya Stadionunda keçirilməsinə israr etməsində məqsəd odur ki, azarkeşlər stadionu doldursun. Biz 25-30 min azarkeş gözləsəydik, onda Tofiq Bəhramov adına Respublika stadionunda oynaya bilərdik. Sadəcə çoxsaylı azarkeş tələbini nəzərə aldıq. İnanırıq ki, onlar stadionu dolduracaq və sevərək iki qardaş klubun oyununu izləyəcəklər. Biletlərin tez bir zamanda azarkeşlər tərəfindən əldə olunacağına inanırıq.

Oyunun Bakı Olimpiya Stadionunda olması ilə əlaqədar ilkin olaraq DİN, Bakı Şəhər Baş Polis İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti, Bakı Nəqliyyat Agentliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlara danışıqlarımızda da Bütün qurumların oyuna hazırlıqda yüksək səviyyədə dəstək olacaqlarını vurğulamaları bizi daha da ilhamlandırdı. Onların bu oyuna yanaşmaları oyunun azarkeşlər üçün də rahat gəliş-gedişi üçün şəraitin daha yaxşı təşkili deməkdir. İnanırıq ki, azarkeşlərimiz razı qalacaqlar. 

- Oyun milli komandaların rəsmi matçları vaxtı keçiriləcək. Məlumdur ki, “Qarabağ”ın həmin vaxt xeyli oyunçusu millinin düşərgəsində olacaq. Bəs, “Qalatasaray”dan milli üzvü olmayan futbolçuların Bakıya səfəri gözlənilirmi?

- Həm "Qalatasaray"ın, həm "Qarabağ"ın əsas heyət üzvləri oynayacaq. Məlum səbəbdən milliyə dəvət edilən futbolçular meydanda olmayacaq, bu da başadüşüləndir. "Qalatasaray"dan indi ilk ağlımıza gələn istər İkardi, istərsə də Azərbaycanda sevilən, tanınan digər futbolçulardır ki, onlar ölkəmizə səfər edəcəklər. Hər iki komandanın əsas heyətinin çox gözəl futbol bayramı yaşadacağına inanırıq.

- Matç Azərbaycanla yanaşı Türkiyənin hansısa kanalı vasitəsi ilə canlı yayımlanacaqmı?

- Azərbaycan və Türkiyə kanalları ilə danışıqlarımız gedir. Dediyim kimi, hələ ki, oyunun təsdiqlənməsiinin üzərindən bir gün keçir. Həm "Qalatasaray", həm də klubumuz tərəfindən danışıqlar aparılır. Matçın hər iki ölkədə yayımlanması planlaşdırılır. 

Sonda onu qeyd etmək istərdim ki, insanların oyunun xeyriyyə məqsədi ilə olduğunu bilib, ucuzdan bahaya toplu bilet satış almaq istəkləri, tərəfdaşlıq, ianələrlə bağlı marketinqimizə müraciəti bizi sevindirir. Onlara təşəkkür edirik. İnanırıq ki, bu oyunda da bir olub Türkiyə - Azərbaycan qardaşlığının ən yüksək səviyədə olduğunu növbəti dəfə göstərə biləcəyik.

Aysel Adıgözəlli

 





15.03.2023    çap et  çap et