525.Az

Meksika səfirliyində kitab təqdimatı


 

Meksika səfirliyində kitab təqdimatı<b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfirliyi Meksika yazıçısı Gene de Matlokun “Ey insanlar, hamınız türksünüz” və Şəmil Sadiqin “Yuxu maşını” kitablarının təqdimat mərasimini keçirib.

525.az xəbər verir ki, tədbirdə Meksika səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir çıxışında iki ölkə arasındakı mədəni əlaqələrdən söz açıb. Bildirib ki, əsas məqsədlərindən biri ədəbi əlaqələrin inkişafına nail olmaq, təkcə klassik deyil, müasir yazarların da tanınmasıdır: “Üç ölkə – Azərbaycan, Meksika, Çili arasında ədəbi əlaqələrin inkişafı ilə bağlı müəyyən planlar var. Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma da bu fikirləri bölüşür”.  
Ş.Sadıqın yaradıcılığına toxunan xanım diplomat bildirib ki, o, əsərində ikinci ölkə kimi Meksikanı seçib. Bir çox dövlət mükafatlarına layiq görülüb, elmi-ədəbi işlərin müəllifidir.

Daha sonra çıxış edən Ş.Sadıq Gene de Matlokun “Ey insanlar, hamınız türksünüz” kitabının tərcümə və çapı haqqında danışıb. Bildirib ki, kitab qurucusu olduğu “Hədəf Nəşrləri”ndə işıq üzü görüb.

Filologiya üzrə elmlər doktoru Elçin İbrahimov Azərbaycan və Meksika xalqlarının ortaq mədəniyyətinin əhəmiyyətini vurğulayıb, türk xalqının dünyanın ən qədim xalqlardan olduğunu və Gene de Matlokun da bundan ilhamlandığını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Meksika ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinin vacibliyindən söz açıb. O deyib ki, Şəmil Sadıq geniş bioqrafiyaya malikdir, rəhbərlik etdiyi “Hədəf Şirkətlər Qrupu”nun ədəbiyyata dəstəyini yüksək qiymətləndirirk.

R.Məcid əlavə edib ki, xalqların yaxınlaşmasında ədəbiyyatın mühüm rolu var. Bu yaxınlaşmada Şəmil Sadıq öz töhfəsini verə bilər. Onun Meksikaya xüsusi sevgisi var və kitab nəşrləri sahəsində uğur qazanıb.

 





15.03.2023    çap et  çap et