525.Az

Naxçıvanda səhnə sənəti: 140 illik şanlı tarixə bir söhbətlik baxış


 

Naxçıvanda səhnə sənəti: 140 illik şanlı tarixə bir söhbətlik baxış<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 

- Naxçıvan Teatrının Azərbaycan səhnəsinə və kinematoqrafiyasına bəxş elədiyi simalardan da oxucularımıza məlumat verməniz pis olmazdı.

- Naxçıvan Teatrı Azərbaycan səhnəsinə bir sıra müqtədir sənətkarlar bəxş etmişdir. Eyni zamanda milli kinomuzun ən gözəl nümunələrində də biz Naxçıvan Teatrından pərvazlanan, həmçinin ömrünün sonunadək bu qədim sənət ocağında fəaliyyət göstərən aktyorlarımızın simalarına rast gəlirik. Elə böyük sənətkarımız Rza Təhmasibdən başlayaq. Onun həm rejissor olduğu "Arşın mal alan" (1945) filmi dünyanın 134 ölkəsində nümayiş etdirilmişdir. Bir kinorejissor kimi məşhurlaşan R.Təhmasib eyni zamanda "Fətəli xan", "Qanun naminə", "Bakıda küləklər əsir", "Ən vacib müsahibə" filmlərində müxtəlif xarakterli obrazlar yaratmışdır. Tamaşaçılar isə onu ən çox Qaloş obrazı ilə tanıyır.

Əli Xəlilov da R.Təhmasibin rejissorluğu ilə çəkilmiş "Onu bağışlamaq olarmı?" filmindəki primus düzəldən - Şahmar rolu ilə məşhurlaşmış, sonralar isə bir çox filmlərdə epizodik rollara çəkilmişdir.

"Nəsimi" filmində Əmir Teymurun baş məsləhətçisi Mövlana Əli obrazını Naxçıvan Teatrının aktyoru, o vaxt MSSR-in Əməkdar artisti Yusif Haqverdiyev canlandırmışdır.

Teatrımızın daha bir məşhur aktrisası, Xalq artisti Zəroş Həmzəyeva 1986-cı ildə lentə alınmış "Yay gününün xəzan yarpaqları" filmində Səməngül roluna çəkilmişdir.

1960-cı illərin ortalarında ali ixtisas təhsillərini başa vurub təyinatla Naxçıvan Teatrında bir neçə il fəaliyyət göstərdikdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru olan, Xalq artisti Tariyel Qasımov və indiyədək "Azərbaycanfilm" Kinostudiyasında çalışan Əməkdar artist, "Əhməd haradadır?" filmindəki şofer Əhməd obrazı ilə məşhurlaşmış Elxan Qasımov sonralar bir çox filmlərdə yaddaqalan, maraqlı rollara imza atmışlar.

- 140 illik bir sənət məbədindən danışırıq. Teatrın müxtəlif illərdə yubileyləri keçirilib və bir tədqiqatçı kimi Siz bunlardan daha əhatəli xəbərdarsınız...

- Teatrın ilk yubileyi - 40 illiyi, 1923-cü ildə keçirilib və bu münasibətlə "dövlət dram teatrı" adını alıb. 50 illiyi kollektiv səviyyəsində, səthi, 60 illiyisə Naxçıvan Vilayət Partiya Komitəsinin xüsusi qərarı ilə İkinci Dünya Müharibəsinin sonlarına yaxın - 1944-cü ildə qeyd olunub. 70 illiyi 1953-cü ildə Stalinin ölümü səbəbilə təxirə salınıb. 80 illiyinini ndiki, möhtəşəm binasında, böyük təmtəraqla keçirilməsi nəzərdə tutulsa da, yeni binanın açılışı bir il gecikməklə, muxtar respublikanın 40 illik yubiley təntənəsi münasibətilə, 1964-cü il oktyabr ayının 15-də baş tutub. Doqquz gün sonra, oktyabrın 24-də teatrın yeni binada pərdələri ilk dəfə olaraq "Məhsəti" tamaşasının premyerası ilə açılmışdır. Bu tarixi hadisə də teatrın 80 illiyinin qeyd olunması kimi qiymətləndirilmişdir. 90 illiyisə demək olar ki, bu münasibətlə keçirilən müxtəlif tədbirlərdə - teleradio verilişlərində, o cümlədən, teatrın yaradıcı qruplarının tarlalarda kolxozçularla, fabrik və zavodlarda fəhlələrlə, təhsil müəssisələrində tələbə və şagirdlərlə, muzey və kitabxanalarda ziyalılarla görüşlərində xatırlanmışdır.

1983-cü ildə qədim sənət ocağının 100 illiyinə hazırlıq prosesinin getdiyi bir zamanda bir qrup şəxs tamamilə uyğunsuz faktlara əsaslanan "dəlillər"lə muxtar respublika rəhbərliyinə yanlış məlumat verərək teatrın yaranma tarixinin 1886-cı ilə aid olduğunu "sübuta" yetirib yubileyin təxirə salınmasına nail oldular. Üç il sonra Azərbaycan KP Mərkəzi Komitəsinə edilən müraciət əsasında Naxçıvan teatrının 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olundu. Bu münasibətlə teatr binasının əsaslı təmiri səbəbindən saxtalaşdırılmış yubiley 1987-ci ildə qeyd olundu. Bu "yubiley"ə qədər isə teatrın neçə-neçə sənətkarı dünyasını dəyişdi.

1990-cı illərin ortalarına qədər Azərbaycanda, o cümlədən, muxtar respublikadakı ictimai-siyasi vəziyyət səbəbindən 110 illiyin qeyd olunması da mümkün olmadı. 2006-cı ilin əvvəllərindən teatr rəhbərliyi yenə də yanlış tarixlə 120 illiyin keçirilməsi üçün Azərbaycan Respublikasını Mədəniyyət Nazirliyinə müraciət hazırlamaq istəyirdi. Həmin məsələ teatrın Bədii Şurasında müzakirə olunarkən Şura üzvü kimi etirazımı bildirib bu dəfə qədim sənət ocağının yubileyini dəqiqləşmiş tarixi faktlar və sənədlər əsasında qeyd olunmasını təklif etdim. Bu təklif səs çoxluğu qazanmadı və respublika Mədəniyyət Nazirliyinə teatrın 120 illiyi barədə məktub hazırlanması qərara alındı.

"Xalq qəzeti"nin 2006-cı il 26 mart tarixli nömrəsində "Milli teatrımızın doğuluşu, yaxud Naxçıvan Teatrının neçə yaşı var?!" adlı məqaləm dərc olundu. Bundan sonra uzun müddətdən bəri Naxçıvan Teatrının tədqiqilə məşğul olduğumdan onun yaranma tarixini dəqiq göstərən faktları, sənədləri və fotoşəkilləri Muxtar Respublika Ali Məclisinin tələbinə əsasən oraya təqdim etdim. Muxtar respublika rəhbərliyi tarixi faktlar və sənədlər əsasında Naxçıvan Teatrının 120 illiyinin ötdüyünü vurğulayaraq, 2008-ci ildə tamam olacaq 125 illiyə hazırlıq görülməsi barədə tapşırıq verdi. Respublika Prezidentinə ünvanlanmış məktub əsasında möhtərəm cənab İlham Əliyev 2008-ci ilin yanvarın 31-də "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi haqqında" tarixi Sərəncam imzaladı. Lakin təəssüf ki, tədbirin təşkilatçılıq tərəfi bu Sərəncamın layiqincə həyata keçməsinə, arzuolunan nəticəni əldə etməyə imkan vermədi. Həmin ilin sentyabrında qeyd olunan 125 illik sanki üç əsri əhatə edən bir sənət məbədinin yubileyini deyil, hər hansı bir tədbiri xatırladırdı. Teatrın keçdiyi yol barəsində hazırlanmış bəsit məruzədən sonra, heç bir əlavə çıxış, təbrik sözü olmadan S.Vurğunun "Fərhad və Şirin" tamaşası göstərildi. Yubileyə Azərbaycanın dövlət teatrlarından və respublikanın mədəniyyət nazirliyindən, həmçinin Teatr Xadimləri İttifaqından bir nəfər belə dəvət olunmamışdı.

Sonrakı illərdə isə teatrın 130 və 135 illiklərinin xatırlanmaması belə müəmma olaraq qalmaqdadır.

- Bu il isə Naxçıvan Teatrının 140 illik yubileyidir...

- Hər bir təşkilatın, müəssisənin yubileyi əlamətdar tarix, təntənəli mərasimdən başqa, hesabat, qət edilmiş onilliklərə nostalji və qürurverici bir nəzər, əldə edilmiş nailiyyətlərlə fəxarət duyğularını paylaşmaq, son uğurların mükafatlandırılması deməkdir. Teatr yubileyi də eynilə. Bütün inkişaf etmiş ölkələrdə qəbul olunmuş vahid qaydaya əsasən teatrın yubiley günündə keçirilən təntənəli mərasimdə yaradıcı heyət tam tərkibdə səhnədə əyləşir. Ölkə, şəhər rəhbərliyinə aid yuxarı təşkilatların nümayəndələrinin, fəxri qonaqların, dəvət olunmuş görkəmli sənətkarların - həmkarların təbrik nitqləri dinlənilir, teatrın veteranları tərəfindən maraqlı xatirələr söylənilir və ara-sıra əvvəlki və yeni quruluşlardan səhnəciklər nümayiş etdirilir. Sonda dövlət mükafatlandırılması varsa, onların təqdimatı icra olunur. Teatrın keçdiyi yaradıcılıq yolunu əks etdirən sərginin foyedə olması da zəruridir. Son texnologiyalardan istifadə olunmaqla məzmunlu slaydın nümayiş etdirilməsi də məqsədəuyğundur. 140 illiyi niyə də belə qeyd etməyək!

- Əvvəlki dövrlərdə teatrların respublikamızın ayrı-ayrı bölgələrinə, hətta xarici dövlətlərə qastrolları bir ənənə şəklini almışdı. Bu, teatr sahəsində işin bir parçası idi. Şəxsən mən son 10-15 ildə Lənkəran Teatrının və Türkiyənin Trabzon Teatrının Naxçıvana qastol səfərlərini xatırlayıram. Özüm də uzun illər mətbuat sahəsində, jurnalistika ilə məşğul olduğumdan Naxçıvan Teatrının son 20 ildə uzağı 5 qastrol səfərini yada sala bilirəm. Düzdür, muxtar respublikanın rayonlarına səfərlər olur, amma qastrol bir az geniş məfhumdur. Sizcə, teatrın bu istiqamətdəki fəaliyyətində nələr çatışmır?

- Əvvəla onu xatırlatmaq istərdim ki, sovet dövründə bütün müttəfiq respublikaların dövlət teatrlarında tətbiq olunan ciddi qanunlardan, eyni zamanda ənənələrdən biri də qarşılıqlı qastrolların həyata keçirilməsidir. Qastrollar adətən yay fəslində, yəni teatr mövsümü başa çatdıqdan sonra - iyun-iyul aylarında icra olunurdu. Məsələn, Naxçıvanda son tamaşa göstərilməklə mövsüm bağlanır və teatr bir həftə və ya on gün sonra Quba-Qusar-Xaçmaz bölgəsinə bir neçə tamaşa ilə qastrola gedirdi. Məhz həmin vaxtlarda Gəncə Teatrı zəngin bir repertuarla - 6-7 tamaşa ilə muxtar respublikanın qonağı olurdu. Beləcə də Azərbaycanın digər teatrları. Qastrol səfərləri iyul ayının sonlarında başa çatır və kollektivlər geri dönərək avqust ayının 1-dən məzuniyyətə buraxılırdılar. Sentyabrın ortalarında və ya sonlarında dövlət teatrlarının yeni mövsümü başlayırdı.

Müstəqillik illərinin əvvəllərində, xüsusən də 1990-cı illərin ortalarınadək qastrol səfərləri dayandırılmışdı. Lakin 90-cı illərin əvvəllərində Naxçıvan MR Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin Türkiyə Respublikası və İran İslam Respublikasının rəhbərlərilə bağladığı müqavilələrə əsasən mədəni mübadilələr zəminində Dövlət Musiqili Dram Teatrı və Dövlət Kukla Teatrı 1992-1996-cı illərdə bu ölkələrin bir neçə şəhərində qastrol səfərlərində olmuşdur.

1996-cı ildən başlayaraq "Ümid" körpüsündən keçməklə ilk dəfə İstanbul, sonra isə Ankara və Van dövlət teatrları Naxçıvan şəhərində qonaq oldular. Ən son, qeyd etdiyiniz kimi, Trabzon Teatrı burada olmuşdur. Azərbaycan teatrlarından isə Dövlət Akademik Milli Dram Teatrı iki dəfə, Lənkəran Dövlət Dram Teatrı isə bir dəfə Naxçıvana gəlmişdir.

Belə yaradıcılıq mübadilələri, yəni qastrol səfərləri qarşılıqlı olaraq teatrların kollektivlərinə yeni stimul verir, yeniliklər öyrənilir, müzakirələr aparılır və sair. Bu gün belə səfərlərin təşkili təkcə teatrların təşəbbüsü ilə deyil, yuxarı dövlət təşkilatlarının, xüsusən də mədəniyyət nazirliklərinin dəstəyilə həyata keçirilməlidir.

(Ardı var)

 





15.03.2023    çap et  çap et