525.Az

Ermənistanda hüquq pozuntuları: beynəlxalq qurumlar niyə susur?


 

Ermənistanda hüquq pozuntuları: beynəlxalq qurumlar niyə susur?<b style="color:red"></b>

Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarının kütləvi xarakter alması heç kəsə sirr deyil. Maraqlıdır ki, həm ölkəyə rəhbərlik etmiş əvvəlki cinayətkar hakimiyyətlərin dövründə, həm də indi insan hüquq və azadlıqlarına yanaşmada münasibət dəyişməyib. Dünyada "demokratik ölkə", "demokratik cəmiyyət" imicini yaratmağa çalışan Paşinyan hakimiyyəti əməldə bunların tam əksini edir. Əvvəlki cinayətkar xuntaların yoluna sadiq qalan Paşinyan hakimiyyəti öz qanuni haqqını tələb edən, etirazını aksiya vasitəsilə çatdırmağa çalışan vətəndaşlara qarşı Koçaryan-Sarkisyan metodlarından istifadə edir. İnsan hüquq və azadlıqlarının pozuntuları ilə tanış olmaq üçün elə Ermənistan mətbuatını izləmək kifayət edir. Ermənistan hakimiyyəti dinc etirazçılara qarşı ən sərt tədbirlər həyata keçirən ölkələrdən biridir. Necə ki, dostu Fransa üzdə "demokratiyanın beşiyi" görüntüsünü yaradır, amma əməldə sosial tələblərlə etirazlara qalxan vətəndaşlarına qarşı amansız üsullara əl atır, Ermənistan da eyni davranışı nümayiş etdirir. Ən sadə hüquqları uğrunda etiraz aksiyası keçirən insanları polis dərhal həbs edir, zorakılıq həyata keçirir, onları yerdə sürüyür, ağır xəsarətlər yetirir, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edir. Bir sözlə, Ermənistanda insanların bütün hüquqları pozulur. 2018-ci ildən bəri baş verənlərə nəzər saldıqda, Paşinyan hakimiyyətinin "demokratik dəyərlərə" necə əməl etdiyi açıq şəkildə görünür.

Amma təəssüf ki, ikili standartları əsas götürən bəzi beynəlxalq qurumlar və ölkələr bütün bunlara göz yummaqla Ermənistanın "demokratiya" imitasiyasına dəstək vermiş olur. Ermənistandan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayının artması da ilk növbədə onu göstərir ki, insanların pozulmuş hüquqları ilə bağlı şikayətlərinə ölkə məhkəmələrində düzgün və şəffaf  baxılmayıb və onlar Avropa Məhkəməsinə üz tutublar. İnsan hüquqları üzrə beynəlxalq təşkilatlar isə faktları görə-görə susurlar. Azərbaycana qarşı hər zaman ikili standartlardan çıxış edən, ən kiçik hadisəni belə şişirdib, əllərində alət edərək ölkəmiz əleyhinə bəyanatlar verən bu qurumlar  Ermənistan hakimiyyətinin öz xalqına qarşı son antidemokratik, qeyri-insani münasibəti sadəcə görməzdən gəlirlər. Səbəb bəllidir, özlərini beynəlxalq insan haqları təşkilatı adlandıran bu qurumlar öz prinsiplərini siyasi ambisiyalara qurban veriblər, nəticədə isə müstəqil, şəffaf, ədalətli olmaq hissini itiriblər. Sifariş əsasında hesabatlarını hazırlayırlar, ona görə də nə artıq nüfuzları qalıb, nə də onlara etimad göstərilir. Amma nə qədər Ermənistanın əməllərini ört-basdır etməyə çalışsalar da, yenə də buna nail ola bilmirlər. Belə ki, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatında bütün faktları üzə çıxarılıb. Hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri və s. haqqında geniş məruzə olunub. Hesabata əsasən, xüsusən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə "görülmədi". Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə həssas yanaşmağa, eləcə də ikili standartlardan uzaq olmağa çağırıb. O da məlum olub ki, Brüsseldə prezidentlərin görüşündən sonra Ermənistanda baş verən insan haqlarının pozuntuları heç bir yerdə qeydə alınmayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, Azərbaycanda stabilliyi görmək istəməyən beynəlxalq təşkilatlar hər zaman ölkəmizə qarşı ikili standartlarla yanaşıblar. Monitoriqn qrupu da bunu nəzərə alaraq hesabatları beynəlxalq təşkilatlara göndərməyi qərara alıb.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə hesab edir ki, heç bir Qərb ölkəsinin lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz. O xatırladıb ki, 2020-ci ilin axırlarında Ermənistanda xalq Baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı. Həmin vaxt Ermənistanda həbs olunan jurnalistlərə işgəncələr verilib. Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin fikirlərinə görə, Ermənistanda 802 nəfərə cinayət işi açılıb.

Monitorinq qrupu kifayət qədər geniş hesabat hazırlayıb və sənəd yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq təşkilatlara, o cümlədən, Avropa İttifaqına, hüquq müdafiə sahəsində beynəlxalq qurumlara göndəriləcək. Hər halda, dünyanın görüb göz yumduğu Ermənistanda insan haqları pozuntularına dair faktların azərbaycanlı hüquq müdafiəçiləri tərəfindən hesabat şəklində təqdim olunması bu qurumların hansı ədalətsizliyini, qərəzli və qeyri-şəffaf işlədiyini bir daha nümayiş etdirir.

 

 





16.03.2023    çap et  çap et