525.Az

Azərbaycan-Böyük Britaniya əlaqələri - Rövşən Ağayev yazır


 

TARİXDƏN ETÜDLƏR: FAKTLAR, HADİSƏLƏR, XATİRƏLƏR

Azərbaycan-Böyük Britaniya əlaqələri - <b style="color:red"> Rövşən Ağayev yazır</b>

 Azərbaycan-Böyük Britaniya əlaqələri tarixən coğrafi məsafə və siyasi şəraitə baxmayaraq, istər ticarət, istərsə də mədəniyyət sahəsində davamlı olaraq inkişaf edib və dövrümüzdə də bu proses davam etməkdədir.

Bu məqalədə XVI əsrdən XX əsrin əvvəllərinədək olan dövrdə Azərbaycan-Böyük Britaniya  əlaqələrinin inkişaf tarixinə dair çoxsaylı tədqiqat əsərləri əsasında, lakin müfəssəl və bitkin məlumat verilməsinə iddia etmədən ölkələrimizin siyasi, iqtisadi və mədəni əlaqələrini əks etdirən etüdlərdən bəzi fakt və epizodlar barədə söz açmaq istərdik.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafını dərindən araşdıranda bu əlaqələrin bir çox sahələri əhatə etdiyini görmək mümkündür. Qarşılıqlı əlaqələr özünü həm mədəniyyətdə, həm incəsənətdə, həm də onların inkişafını özündə əks etdirən müxtəlif əlamətdar tarixi hadisələrdə göstərir. Xüsusən XIX əsrdə və XX əsrin əvvəllərində neft sənayesinin inkişafı Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafına əhəmiyyətli təkan verib.

Qeyd edilməlidir ki, Azərbaycan-Böyük Britaniya əlaqələri Azərbaycanda Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər sülalələrinin hakimiyyəti dövründə də mövcud olub. XVI əsrin 60-70-ci illərində Səfəvilər dövləti Xəzər-Volqa yolu ilə Rusiya ərazisindən keçməklə, Avropa ölkələri ilə xarici ticarət əlaqələri qurmağa çalışırdı. Bundan istifadə edən Moskvada fəaliyyət göstərən bir ingilis şirkəti Səfəvilər dövlətinin ərazisində möhkəmlənməyə cəhd edirdi. İngiltərənin Rusiya ilə və onun ərazisi vasitəsilə isə Şərq ölkələri ilə ticarətində monopoliya quran bu şirkət Səfəvilər dövlətinin geniş ərazisindən ilk növbədə ingilis mahud parçalarının ticarəti üçün sərfəli bazar kimi istifadə etmək istəyirdi.

İngiltərənin Səfəvilər dövləti ilə əlaqə yaratmaq istəyinin səbəbi ingilis kraliçası Elizabet Tüdorun Şah Təhmasibə 25 aprel 1561-ci il tarixli məktubunda aydın şəkildə göstərilirdi. Həmin məktubda kraliça ingilis ticarət kapitalının nümayəndəsi Entoni Cenkinsona yoldaşları, xidmətçiləri, faytonları, aşpazları ilə birlikdə Şah Təhmasibin bütün mülklərində sərbəst səyahət etmək, yerdəyişmə etmək, istədiyi qədər qalmaq, lazım bildiyi vaxtda geri qayıtmaq üçün icazə verilməsi barədə mühafizə fərmanının verilməsini xahiş edirdi.

Conas Hanvey (1712—1786), ingilis taciri

İngiltərə kraliçası yazırdı: "Əgər belə müqəddəs qonaqpərvərlik və xeyirxah ümumi insani xidmətlər xoş niyyətlə bərqərar olarsa, özümüz tərəfindən, dövlətlərimiz və təəbələrimiz tərəfindən səmimiyyətlə dəstəklənərsə, bunlara möhkəm riayət edilərsə, o zaman biz ümid bəsləyirik ki, Uca Tanrı bizə yardımçı olacaq. Bizim üçün şərəf və zinət baxımından və xalqlarımızın böyük faydası naminə bu kiçik başlanğıcdan böyük nəticələr yaranacaq".

Ümumiyyətlə, həmin dövrdə ingilislər Azərbaycana 6 dəfə səfər etmişdilər, lakin şirkət agentlərinin Tomas Benister və Cefri Duketin rəhbərliyi altında 1568-ci ildən 1574-cü ilə qədər davam edən beşinci səfəri bunlardan ən məhsuldarı olmuşdu.

Səfəvilər dövlətinə gəlincə, təbii ki, İngiltərə ilə ticarət əlaqələrinin genişləndirilməsi onun üçün də sərfəli idi. Məhz buna görə də Şah Təhmasib ingilis ticarət kapitalının nümayəndələri ilə danışıqlar zamanı ticarət əlaqələrinin inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirirdi.

Bu mənada Şah Təhmasibin 1566-cı il mayın 29-da Moskvadakı ingilis şirkətinin nümayəndəsi Artur Eduardsla apardığı danışıqlar xarakterikdir. Həmin danışıqları təsvir edən ingilis səyyah göstərirdi ki, şah bizdə hansı malların olduğunu və hansı malları almaq istədiyimizi soruşdu. O, Britaniya ilə qonşu olan digər ölkələr, onların malları, eləcə də Kral Filip ilə də maraqlandı. Şah həmçinin İngiltərənin Rusiyada və Moskoviyada (Moskvada) çoxdanmı ticarət etdiyini, İngiltərədən Rusiyaya nə qədər vaxta gəlmək lazım olduğunu, Kolmoqoryadən Həştərxana səyahətin neçə həftəyə və başa gəldiyini soruşdu.

Şah Təhmasib Moskvadakı ingilis şirkətinin nümayəndələri ilə danışıqlardan sonra xüsusi Fərmanla ingilis tacirlərinə böyük imtiyazlar verdi. Şah fərmanına uyğun olaraq ingilislər Səfəvilər dövlətinin bütün ərazisində sərbəst, rüsumsuz ticarət etmək və ticarət məntəqələri yaratmaq hüququ qazandılar. Eyni zamanda, ingilis tacirləri dövlətin himayəsi altına alındı.

XVI-XIX əsrlərdə Azərbaycanda olmuş digər ingilis səyyahlarının, ticarət nümayəndələrinin təəssüratlarını əks etdirən bir sıra materiallar var. Onlardan biri 1580-ci ilin mayında Bakıda və Dərbənddə olmuş Moskvadakı ingilis şirkətinin əməkdaşı Kristofer Berrounun öz səfərinin təfərrüatları haqqında ətraflı qeydləridir. Belə qeydlərdən biri XVI əsrdə Azərbaycanda olmuş yuxarıda adı çəkilən Entoni Cenkinsonun Abdulla xanın Şamaxıdakı yay iqamətgahında gördüyü qızıl və gümüş saplarla toxunmuş xalça haqqında verdiyi məlumatlardır.

Buradaca qeyd etmək lazımdır ki, XVI əsrdə Azərbaycanda çoxlu fırça ustaları yetişmişdi və onlar sənət emalatxanaları - "karxana"lar təşkil etmişdilər. O dövrdə Səfəvilərin bütün malikanələrində böyük hörmətə malik görkəmli miniatürçülərin bütöv nəsli  yetişmişdi. Həmin sənətkarlar arasında miniatürləri London muzeylərində saxlanılan Sultan Məhəmmədi xüsusi qeyd etmək lazımdır.

Yeri gəlmişkən, Təbrizdə toxunan Ləçəkturunc kompozisiyalı məşhur Şeyx Səfi xalçası (sahəsi 56,12 kvadratmetr, 1539) bu gün də Londonun Viktoriya və Albert Muzeyində (Dekorativ və Tətbiqi Sənət Muzeyi) saxlanılır. Bu eksponat ornamental xalçaların ən yaxşı nümunələrindən biri və Təbriz xalçaçılıq məktəbinin bənzərsiz incisidir.

XVI əsrdə Azərbaycanda olmuş ingilis ticarət agenti Cefri Duket yazırdı ki, Bakı ətraflarında hasil edilən "nafta" adlanan qara yağ karvanlarla, qatır və eşşəklərlə daşınır ki, bu da o zaman Abşeron yarımadasının yataqlarından xeyli həcmdə quyu neftinin çıxarılmasından xəbər verir. 1689-cu ildə Şirvana səfər etmiş ingilis missioneri ata Villot qeyd edirdi ki, Səfəvi şahlarının Bakı neftindən əldə etdiyi illik gəlir 7 min tumən təşkil edir.

1741-ci ildə ingilis-rus ticarət şirkətinin direktorlarından biri olmuş Conas Hanvey Bakıya göndərilmiş və ona burada neft mədənlərindəki vəziyyəti yerində öyrənmək tapşırığı verilmişdi. C.Hanvey Bakıdan qayıdandan sonra 1754-cü ildə "Xəzər dənizində ingilis ticarətinin tarixi icmalı" adlı geniş əsər yazmışdı. Burada o, Bakı regionunda neft hasilatının hazırkı vəziyyətini geniş təsvir etmişdi. O, əsərdə "əbədi məşəli" olan Suraxanı məbədini də ətraflı təsvir edərək, burada 40 və ya 50 atəşpərəst missionerin olduğunu vurğulamışdı. O, həmin insanları induslar adlandırır və qeyd edirdi ki, induslar (hindlilər, əslində həmin insanlar Hindistanın Multanı vilayətindən Bakıya gəlmiş atəşpərəstlər idi - R.A.) öz ölkələrindən gəlmiş və burada cüzi gəlirlə dolanırlar.

C.Hanvey yazırdı: "Yerli induslar inandırırlar ki, məşəl daşqın dövründən bəri həmişə mövcud olub və onlar əmindirlər ki, o, yalnız dünyanın sonu gələndə sönəcək və onun bu yerdə çıxmağına maneçilik törədilərsə, o, başqa yerdə zühur edəcək... Onların burada məşğuliyyəti təkcə özlərinin deyil, başqa insanların da günahlarının bağışlanması üçün dua etməkdir və onların burada olma müddəti dua etmək üçün öhdəlik götürdüyü şəxslərin sayından asılıdır. Onlar alınlarına zəfəran sürtür və sarı-qırmızı inəyə böyük hörmətlə yanaşırlar. Çox az libas geyinərlər və xüsusi mömin imtiyazı ilə fərqlənən şəxs bir qolunu başı üzərinə və ya bədəninin digər hissəsinə uzadaraq davamlı olaraq eyni vəziyyətdə saxlayır".

1747-ci ildə bölgəyə başqa bir ingilis səyyahı - Rusiyanın Persiyadakı səfirliyində cərrah işləyən Con Kuk səfər etmişdi. O, "Atəşgah"ı (söhbət hazırda Suraxanıdakı atəşpərəstlərin dini məbədindən gedir. R.A.) belə təsvir edirdi: "Fevralın 11-də elçimiz öz məiyyətinin bir çox insanları ilə bu məşhur məşəli görməyə getdi. Harada ki, necə deyərlər, heyrətamiz binalar görmək olar, bizim dəstəmiz yalnız bir acınacaqlı vəziyyətdə olan zal və dindarların yaşadığı başqa bir həddən artıq  acınacaqlı vəziyyətdə olan otaq gördü. Onların sayı həmin vaxt 40-dan çox olmazdı. Bizim adamları indi qeyd etdiyim otağa çox həvəslə buraxdılar. Orada protestant kilsələrində bizim xorlar üçün arası kəsilmiş yerə bənzər bir yer var idi ki, həmin yeri mehrab adlandıra bilərik...."

Britaniyanın “Faydalı Biliklərin Yayılması Cəmiyyəti”nin 1844-cü ildə buraxdığı xəritə

İngilis Corc Foster 1782-1784-cü illərdə Kəlküttədən Kəşmir, Herat, Xorasan, Mazandaran, Xəzər dənizi vasitəsilə Həştərxana və daha sonra Rusiyadan keçərək İngiltərəyə səyahət etmişdi. Fosterin öz səyahətinin tam təsviri onun ölümündən sonra işıq üzü gördü. Onun Bakı, neft mədənləri, "əbədi məşəllər"dən bəhs edən təsvirləri maraq doğurur, həmçinin Şirvan və Şamaxı haqqında məlumat verilir.

Persiyadarus xidmətində işləyən şotlandiyalı həkim Con Bell 1715-1718-ci illərdə Azərbaycana tez-tez səfər edirdi. Onun qeydlərində Azərbaycan torpaqları, o cümlədən, Şamaxı, Bakı, Təbriz, Dərbənd və s. şəhərlər haqqında mühüm məlumatlar var idi. XVIII əsrin əvvəllərində ingilis səyyahı Piter Henri Brüs də Azərbaycanda olmuş, xatirələrini qələmə almışdı.

1838-ci ildə Britaniyanın Faydalı Biliklərin Yayılması Cəmiyyəti "Thepennycyclopdia" ensiklopediyasını nəşr etdi, həmin ensiklopediyaya  görə, o dövrdə Qarabağın müsəlman əhalisi ermənilərdən təxminən 10 dəfə çox olmuşdur. Həmin ingilis mənbəsində həmçinin Rusiya hakimiyyət orqanları tərəfindən o zaman Qarabağ torpaqlarında İrandan köçürülmüş ermənilərin kütləvi şəkildə məskunlaşdırılması da təsdiq edilir. Qeyd olunan mənbəyə görə, "1832-ci ildəki rəsmi gəlir bəyannaməsinə görə, Qarabağın əhalisi bəzi nestorilər və qaraçılardan başqa, 13965 müsəlman türk və 1491 xristian erməni ailəsindən ibarət olub".

Britaniyanın "Faydalı Biliklərin Yayılması Cəmiyyəti" tərəfindən 1835-ci ildə tərtib edilmiş və 1844-cü ildə nəşr hazırladığı memorandumda Azərbaycan haqqında məlumat verərək qeyd edirdi ki, XIX əsrin 60-cı illərinə olunmuş xəritədə də Azərbaycan əraziləri, o cümlədən, Ermənistan Respublikasının indiki əraziləri daxil olmaqla, göstərilir.

1864-cü ildə İngiltərənin Təbrizdəki konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyəti üçün qədər hətta Persiya və Türkiyədən İrəvan, Naxçıvan və Qarabağa bir neçə yüz min  erməninin köçürülməsindən sonra belə buraların əhalisinin əksəriyyətini hələ də müsəlman türklər (azərbaycanlar - R.A.) təşkil edirdi.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın çar Rusiyasının tərkibində olduğu illərdə Böyük Britaniya ilə Azərbaycan arasında XIX əsrin sonu-XX əsrin əvvəllərində formalaşmış əməkdaşlıq əlaqələrinin inkişafına Bakıda neft istehsalının inkişafı xüsusi təkan vermişdi. Artıq XIX əsrin sonlarında İngiltərə kapitalı Bakı rayonunda özünə möhkəm yer tutmuşdu. Burada çoxsaylı Britaniya şirkətləri aktiv şəkildə fəaliyyət göstərirdilər. 1898-1903-cü illərdə İngiltərə şirkətləri Bakı rayonunun neft  47 milyon rubl həcmində sərmayə qoymuşdular. Bakı zavodlarının istehsal etdikləri neft məhsulları Londonda keçirilmiş (1881) ümumdünya sərgisində də nümayiş etdirilmiş və ekspertlərin yüksək qiymətini almışdı.

Məşhur ingilis səyyahı və yazıçısı Çarlz Marvin 1882-1883-cü illərdə Qafqaz, Bakı, Xəzər sahillərinə səfər etmiş, bu bölgələrdə neft biznesinin miqyasına heyran qalmış və təəssüratlarını özünün "Rusların Hindistana doğru irəliləməsi" (1882) və "Ruslar Mərv və Heratda" (1883) kitablarında təsvir etmişdi.

Azərbaycanın neft sənayesi o zaman getdikcə dünya neft inhisarçısının - dünya neft ticarətində lider mövqeləri ələ keçirməyə və neft xammalı bazasını daha da genişləndirməyə çalışan ingilis-holland "Royal Dutç Şell"in ciddi səyləri ilə qarşılaşırdı. Neft sənayesinin milliləşdirilməsindən əvvəl Azərbaycanda fəaliyyət göstərən 109 səhmdar cəmiyyətindən 37-si (43,4 %) Britaniya kapitalına (100 milyon funt-sterlinq) məxsus idi. 1904-cü ildə İngiltərənin ağ neftə olan tələbatının 47%-i Azərbaycandan gələn tədarük hesabına ödənilirdi. Bir çox Avropa ölkələrinə, o cümlədən, İngiltərəyə tədarük edilən Bakı neftindən alınan sürtkü yağları Amerika sürtkü yağlarını rəqabətdə uğurla sıxışdırırdı.

Qeyd etmək yerinə düşər ki, 1901-ci ildə Bakı dünya neft hasilatının yarıdan çoxunu istehsal edirdi. İstehsal olunan neftin və ondan alınan neft məhsullarının əhəmiyyətli hissəsi Avropa ölkələrinə ixrac olunurdu.

Artıq bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, Böyük Britaniya, İtaliya, Portuqaliya, Türkiyə, İsrail və digər ölkələr bu gün də Azərbaycan neftinin daimi alıcıları sırasında qalmaqda davam edirlər. Avropada enerji böhranı və enerji çatışmazlığı riskinin artması fonunda Azərbaycan rəhbərliyi Avropa İttifaqının xahişini nəzərə alaraq, Aİ ölkələrinə mavi yanacağın tədarükünün, özü də təkcə öz istehsalı hesabına deyil, həm də tranzit hesabına, artırılması üçün tədbirlər görür. Bir sözlə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı strateji tərəfdaş kimi çıxış edir.

"2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq" - bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında bəyan etmişdi.

 XIX əsrin 80-ci illərinin ikinci yarısı - 90-cı illəri həm də ingilis sahibkarları tərəfindən Azərbaycanda biyan zavodlarının tikilməsi ilə də əlamətdar olmuşdur ki, bu da ölkənin aran rayonlarında bitən bol biyan bitkisinin emal edilməsi ilə əlaqəli idi. Belə ki, 1890-cı ildə ingilis vətəndaşı A.Urkhardt Ucarda biyan kökü emalı zavodu tikdirmiş, burada 1893-1894-cü illərdə 250 min pud biyan kökü preslənmişdi.

1890-cı ildə başqa bir ingilis sahibkarı İ.Bliss Yelizavetpol (Gəncə) stansiyasının yaxınlığında geniş bir ərazi satın almışdı. Blissin özü Türkiyədə yaşayırdı və burada biyan kökü alıb İngiltərə və Amerikaya tədarük etməklə məşğul olurdu. O, öz agentlərini Azərbaycana da göndərmişdi və onlar Yelizavetpolda biyan kökünü presləyib ondan biyan şirəsi hazırlayan böyük zavod tikmişdilər. 1892-ci ildə bu zavodda 45, 1898-ci ildə isə artıq 63 işçi çalışırdı. 1894-cü ildə Blissin şirkəti Kürdəmirdə də biyan kökü emalı zavodu tikdirmişdi. XIX əsrin sonlarında Kürdəmir zavodunda 200 min rubldan artıq məbləğdə məhsul istehsal edilmiş, burada işçilərin sayı isə 200 nəfəri ötürdü.

Beləliklə, Azərbaycanda qida və əczaçılıq sənayesi üçün çox vacib xammal olan yabanı halda bitən biyan kökünün bolluğu xarici sahibkarları buraya cəlb edirdi ki, onlar da qısa müddətdə Azərbaycanda biyan kökünün emalı üçün 4 müəssisə tikmişdilər və aran rayonlarının əhalisindən biyan kökünü çox ucuz qiymətə alaraq, onun emalı ilə məşğul olmağa başlamışdılar.

(Ardı var)

 

 





16.03.2023    çap et  çap et