525.Az

"Yoxluğu məni hər gün daha çox yandırır..." - Şahanə Müşfiq yazır


 

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ARAZ CƏFƏROVUN HƏYAT YOLDAŞI MAHİRƏ XANIMIN XATİRƏLƏRİ

"Yoxluğu məni hər gün daha çox yandırır..." - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Üstündən üç ilə yaxın zaman keçməsinə baxmayaraq, 44 günlük Vətən müharibəsinin hər birimizə yaşatdığı qürur və şəhidlərimizin hüznü qəlbimizdə hələ də təzə, canlıdır. Üç minə yaxın şəhidimizi oxucularımıza daha yaxından tanıtmaq, onların həyat hekayələrinə birlikdə şahid olmaq üçün yazılarımıza davam edirik. Bu yazımızda Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən müharibəsi şəhidi Araz Cəfərovdan danışacağıq.

Araz Səmədağa oğlu Cəfərov 1993-cü il yanvarın 28-də Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. Kənd orta məktəbində təhsilini alıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmət edib. Araz Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Ağır döyüşlərdə qəhrəmanlığı ilə seçilib. O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Araz Cəfərovun nəşi tapılıb və dekabrın 2-də doğulduğu Qarazəncir kəndində dəfn olunub.

Şəhid Araz Cəfərov ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Araz Cəfərov şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

lll

Əziz şəhidimiz Araz Cəfərovu daha yaxından tanımaq üçün ömür-gün yoldaşı Mahirə xanımla həmsöhbət olduq.

Mahirə xanım deyir ki, Arazın hərbi formaya, silaha və vətəninə sevgisi o qədər böyük idi ki, məhz bu sevgi onu hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıtmağa məcbur etmişdi: "O, hərbi formasını geyinəndə tamamilə dəyişirdi, sanki başqa adam olurdu, çox sevinirdi. Onun qəlbində Vətəninə qarşı sonsuz eşq vardı. Bu eşq idi onun sənətinə, formasına da bağlılığını yaradan. Elə bu səbəbdən də Vətəninə xidmət üçün yenidən ordu sıralarına qayıtdı".

Bu gün sonsuz sevgi və dərin hörmətlə xatırlayır Arazı Mahirə xanım. Onunla keçirdiyi ağır günləri belə onsuz həyata dəyişmək istəmir. Çünki Araz varlığı, sevgisiylə onun həyatına əsl yoldaş olmağı bacarmışdı deyir gənc qadın:

"Biz Arazla ailəliyimizin ilk vaxtlarında çox çətinliklərlə üzləşdik. Onda uşaqlarımız hələ körpə idilər. Xeyli sıxıntılarımız oldu. Amma ikimiz əl-ələ o sıxıntıların öhdəsindən gəlib, hələ təzəlikcə xoş günlərə çıxmışdıq ki, Araz müharibəyə getdi və şəhid oldu.

Araz yoxluğun içində belə mənə hər şeyin ən gözəlini yaşatdı. O, hər zaman çalışdı ki, mən heç nədən, əsas da sevgidən, qayğıdan korluq çəkməyim. Ən doğmalarımdan belə görmədiyim diqqəti, qayğını Arazdan gördüm. O, mənə elə bir sevgi, elə bir xoş günlər yaşatdı ki, qalan ömrümün axırına kimi bəsimdir.

Araz mükəmməl ata idi, uşaqlara həm ana, həm də ata qayğısı ilə yanaşardı. Hərdən mən kənarda qalardım, onlar üçün lazım olan hər şeyi Araz özü edərdi. Övladları ilə bağlı çox arzuları vardı. Onların hamısını indi mən yerinə yetirəcəyəm..."

Müharibə... Ananı baladan, balanı atadan, yarı yardan ayıran o məşum gün... Məhz onun gəlişi ilə bitdi daha bir ailənin məsud günləri, məhz onunla ucaldı əbədiyyətə daha bir şəhid ruhu. Həmin günləri Mahirə xanım belə xatırlayır:

"Əvvəllər müharibə haqqında heç bir şey danışmazdı bizə. Müharibə başlayandan sonra isə imkan olduqca zəng edirdi, danışırdıq. Son danışığımız Laçında ikən oldu, məni, uşaqları soruşdu və dedi ki, anama da zəng edirəm indi. Son sözləri bu oldu. Araz mənimlə vidalaşmadı, son söz, vəsiyyət kimi mənə heç nə demədi. Adi necə danışırdıqsa, eləcə də danışdıq. Sanki heç vaxt ayrılmayacağıq kimi...  

Amma mən səsindən hiss etdim ki, təlaşlıdır, harasa tələsir...

Araz noyabrın 4-də vurulmuşdu. Amma neytral zonada qaldığından nəşini götürmək olmurdu. Dekabrın 1-də nəşi götürüldü, 2-si bizə təhvil verildi.

Onlara boş yerə şəhid deməyiblər. Həqiqətən də ailələrini, övladlarını qoyub Vətənin köməyinə tələsən, vətəni üçün canını belə verən oğullar Allahın ən sevimli qonaqlarıdır.

Şükür olsun ki, Arazı gətirəndə mən onu son dəfə gördüm, alnından öpdüm. O, elə səliqəli, elə qəşəng idi ki. Onu son dəfə canlı olaraq necə görmüşdümsə, eləcə də qalmışdı. Sanki yuxuya getmişdi, sadəcə bədəni buz kimi idi. Bir də bir az şaxta qaraltmışdı...

Arazsız həyatımız davam edir, bəli, amma onun yoxluğu məni hər gün daha çox yandırır. Onun qayğıkeşliyinə, yol göstərməyinə, özünə ehtiyacım var. O, bizim üçün elə bir şərait yaratdı ki, özündən sonra heç nəyin korluğunu çəkməyək. Bəli, bu gün biz maddi cəhətdən elə də böyük sıxıntılar yaşamırıq, amma Arazsız bunların heç biri gözümdə deyil. Bunların heç biri Arazın yoxluğunu doldurmağa, qəlbimdəki yaranı sağaltmağa yetmir. Mən bir ömür yoxsulluq çəkməyə razı idim, təki Araz yanımda olaydı. Onsuzluq çox çətindir. "Zaman yaraları sağaldır" deyə bir söz var. Amma yox, bu acını, bu yaranı zaman sağalda bilməz. Əksinə, zaman keçdikcə Arazsız həyat məni daha çox yandırır..."

Ancaq bütün məhrumiyyətlərə baxmayaraq, Arazla, onun əbədiyyətdəki varlığı ilə fəxr edir Mahirə xanım. Arazsız həyatının tək təsəllisi də məhz bu qürur hissidir, bəlkə də. Bəli, indi Vətən torpağında minlərlə Araz uyuyur, torpağın üstündə isə Mahirə kimi şəhid yarları onların əmanətlərini və xatirələrini yaşatmağa and içiblər. Allah yar və yardımçıları olsun!

 

 





16.03.2023    çap et  çap et