525.Az

Si Cinpin partiyaları modernləşmə kursu götürməyə çağırıb


 

Si Cinpin partiyaları modernləşmə kursu götürməyə çağırıb<b style="color:red"></b>

Çin Xalq Respublikasının (ÇXR) Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpin dünya siyasi partiyalarını modernləşmənin yolunu davamlı olaraq yönləndirmək üçün öz inkişaflarını milli modernləşmə xüsusiyyətləri ilə yaxından birləşdirməyə çağırıb. 

525.az xəbər verir ki, Si Cinpin bu sözləri ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqunun açılış mərasimindəki əsas çıxışı zamanı deyib.

SİYASİ PARTİYALARIN MƏSULİYYƏTİ

Si Cinpin əsas nitqində qeyd edib ki, müasir dünyada çoxsaylı çətinlik və böhranlar bir-birinə qarışıb və bəşəriyyətin modernləşmə prosesi yenidən tarixi kəsişməyə gəlib çatıb.

Siyasi partiyalar modernləşmə prosesini idarə edən mühüm qüvvə olaraq, "hansı tərz modernləşməyə ehtiyacımız var və buna necə nail ola bilərik" kimi suallara cavab verməyə borcludur.

ÇXR-in Sədri siyasi partiyaları xalqa əsas üstünlük verməyi və modernləşmənin insan yönümlü olmasını təmin etməyə çağırıb.

O, həmçinin müstəqillik prinsipini dəstəkləməyə və modernləşməyə doğru çoxşaxəli yolları araşdırmağa çağırıb.

Cinpin “Modernləşməyə nail olmaq üçün hər bir ölkə təkcə prosesi tənzimləyən ümumi qanunlara riayət etməli deyil, daha da önəmlisi, öz milli şərtlərini və özünəməxsus xüsusiyyətlərini nəzərə almalıdır” deyib.

“Modernləşmə avtomatik olaraq əldə olunmur, bu, güclü tarixi təşəbbüs və gərgin əməyin nəticəsidir”, deyən Çin lideri eyni zamanda vurğulayıb ki, siyasi partiyalar modernləşmə yolunu davamlı olaraq yönləndirmək üçün öz inkişaflarını milli modernləşmə xüsusiyyətləri ilə yaxından birləşdirməlidirlər.

ÇKP-nin 20-ci Milli Konqresi Çin xalqının gəncləşməsini bütün müstəvilərdə Çinin modernləşmə yolu vasitəsilə davam etdirməyi məsləhət gördü.

Si Cinpin Çin tərzi modernləşmənin Çinin milli şərtləri və digər ölkələrin təcrübələrinə əsaslandığını, Çin xalqına və dünyanın ümümi inkişafına təkan verdiyini vurğulayıb.

Si Cinpin ÇKP-nin beynəlxalq ədaləti qorumağa və dünyada sülh və sabitliyə kömək etməyə davam edəcəyini söyləyib.

Modernləşməni davam etdirərkən müstəmləkəçilik və talanetmə siyasətindən istifadə etməyəcəyini, bəzi dövlətlərin gücləndikdən sonra hegemonluq əldə etmək üçün getdiyi yollardan getməyəcəyini və bunu dinc inkişafın təşviqi üçün Çinin izlədiyi düzgün yol olduğunu dilə gətirib.

QLOBAL SİVİLİZASİYA TƏŞƏBBÜSÜ

Əsas çıxışında Si Cinpin Qlobal Sivilizasiya Təşəbbüsünü təklif edib.

Təşəbbüs çərçivəsində o, sivilizasiyaların müxtəlifliyinə hörmət etməyə, bəşəriyyətin ümumi dəyərlərini müdafiə etməyə, sivilizasiyaların varisliyinə və innovasiyalarına yüksək qiymət verməyə və insanlar arasında möhkəm beynəlxalq mübadilə və əməkdaşlığı birgə müdafiə etməyə çağırıb.

Dialoqda Cənubi Afrika Respublikasının Prezidenti Kiril Ramafosa, həmçinin Afrika Milli Konqresinin prezidenti və digər 11 siyasi partiya və təşkilatın lideri çıxış edib. Onlar Si Cinpinin əsas nitqindəki təklifləri barədə danışıblar və modernləşmə prosesində aparıcı rol oynamaq üçün ÇKP ilə işləməyə hazır olduqlarını bildiriblər. 

"Biz Qlobal Sivilizasiya Təşəbbüsündə ÇXR-in Sədri Si Cinpin tərəfindən irəli sürülən dörd təkliflə tam razıyıq" deyən Kiril Ramafosa təşəbbüsün bu gün dünya üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.

“Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti” mövzusunda keçirilən dialoqda 150-dən artıq ölkədən 500-dən çox siyasi partiya və təşkilatın lideri iştirak ediblər.

 





16.03.2023    çap et  çap et