525.Az

Güney Azərbaycanda nəşr məsələlərinə bir nəzər - Esmira Fuad yazır


 

Güney Azərbaycanda nəşr məsələlərinə bir nəzər - <b style="color:red"> Esmira Fuad yazır</b>

(Əvvəli ötən sayımızda)

 

Nurəddin Müqəddəm - Aydın Duman da uşaqlar üçün ən çox əsər yazan müəlliflərdəndir. Yazarın "Tülkü, tülkü tünbəki", "Şirin dilim" (Təbriz: - "Aydın sav", 2017), "Boyaqlar", "Gözəl Təbriz", "Şirin nağıllarımız" (Təbriz: - "Aydın sav", 2018), "Mən kiməm", "Cik-cik", "Meyvələrin qonuşması" (Təbriz: - "Aydın sav", 2019), "Balım", "Hər şey bir rəsimdən başlandı" (Təbriz: - "Aydın sav", 2020)

 

Payız adlı sənətkarın sərgisinə

Biletsiz də girmək olar,

Daha dərin, daha özəl bir baxışla

Çoxlu gözəl şəkilləri görmək olar...

 

- deyən Aydın Duman uşaqlara həsr elədiyi bu kitablarda balaca oxucularının gözləri önündə bir sənətkar ustalığı ilə doğanın bütün alanlarının sərgisini düzənləyib...

İsveçdə çap olunan "Bir əsgərin xatirələri" kitabında (Malmö, 2017) Mirmusa Haşımi başına gələn olayların təhkiyəsini qurub... "Bir əsgərin xatirələri"ni ana dilində - Azərbaycan türkcəsində qələmə ala bilməməsini ən böyük kədəri sayan M.Haşımini qəmdən qurtaran və arzusuna yetirən ünlü şair və çevirmən Kərim Güləndam olur.

Təbrizin "Əxtər" yayım evi şeirləri - ədəbiyyatın dili və türkoloji alandakı aktiv fəaliyyəti ilə çağdaş milli məfkurənin gəlişməsi üçün Güneydə böyük bir məktəb yaratmış professor Əli Daşqının 2018-ci ildə "Azərbaycan tarixi", 2020-ci ildə isə "Azərbaycan və dünya tarixi", "Vətəndaş hüququ", "Kor bayquş", "Təbrizli Saib", "O da məndim, bu da mənəm" kitablarını yayınlayıb.

Daha çox dördlüklər və sərbəst şeirlər yazan Mehdi Əziminin də son çağlarda "Tərlan dərəsi" (2015) və "Döyüşdən dönməyən əsgər" (2018) adlı iki şeir toplusu oxucu sevgisi qazanan kitablar sırasında yer alıb... Fikrimizdən keçənləri, türlü-türlü düşüncələrimizi qələm rahatlıqla bu kitabların vərəqlərinə köçürüb. Qələm dəyərli oxuculara anlatmaq istəyir ki, "Ağlımızda, duyğularımızda Azərbaycan birdir. Ədəbiyyat bu mövzunu həmişə bizə doğma təqdim edir - həsrəti, əhvalımızdakı doğmalığı. Ədəbiyyat xilas nəsnəsi kimi öncə fərdin içinə gəlir. Bu mənada xalqı yetkin fərdlər təmsil edir. Ədəbiyyat adına söz deyən kəs bundan sonra daha məsuliyyətli olmalıdır. Çünki insansız, ulussuz, bəşərsiz ədəbiyyat yoxdur. Ancaq böyük söz qalır. Bundan sonra necə söz deyəsən ki, təzə olsun, insanı, ulusu yaşatsın, yaratsın. Kürəsəlləşmə dünyanı ağzına alır, dünyada ümidsizlik artır. Ədəbiyyat ümidsizliyə təkan verir, yoxsa ümidsizlikdən ötəyə çatdırır? Ədəbiyyat dünyanı, insanı mənaya çatdırmaq yoludur. Burada yeni-yeni obrazlar tapılmalıdır. Hamımıza tanış obrazlar elə çatdırılmalıdır ki, o, daim bizə doğma olsun, özümüzə, ulusumuzun sabahına olan ümidimizi, inamımızı artırsın..."

Güney Azərbaycan şairlərinin yazılarında bu inad, bu inam, bu doğmalıq var. Bu inad ötəri, keçici deyil. Daim zamanla çulğaşır, zamana dov gəlir, zamanın üzərində qətiyyətlə yüksəlir. Doğulduqları böyük məkanda - Güney Azərbaycanda ana dilinə basqı və qadağalar olsa da, onlar bu çətin, çıxılmaz şəraitdə dilimizi qoruyur, Ana dilində yazıb-yaradır və ardıcıl olaraq ulusal düşüncə ilə özlərini kökləməyə çalışırlar. Güney yazarları, aydınlar ulusu, xalqı maarifləndirmək yönündə bu gün də inamlı, inadlı çabalar göstərir, dirənirlər. Yol çox uzun, həm də çox çətin yoldu, amma yolçuları da inamlı, qətiyyətli, əzmkar və dönməzdirlər... Bizim olan, amma hələlik uzaqda qalan o yola varmaq, o yolu yaxın etmək üçün yolçular əzmlə irəliləyirlər... Bu yönlü işlərimizdə bir missiyamız var: Güney ədəbiyyatını daha yaxından tanımaq və bütün dünyaya tanıtmaq...

Güney Azərbaycanda yeni şeir prosesinin klassik quruluşdan tamamilə qopa bilməsə də, keçmiş məhdudlaşdırıcı lokal kulturizm kontekstindən uzaqlaşdığını, əski məzmunlu şeir ortamına nisbətən həm dil, həm gözəllik fəlsəfəsi, həm də düşüncə və dünyagörüşü baxımından gözə çarpacaq dərəcədə irəlilədiyini söyləyən tanınmış şair və eleştirmən-tənqidçi Ərəstu Mücərrədi "Güney Azərbaycan ədəbiyyatı indi" məqaləsində bildirir ki, "qıvraq addımlarla irəliləyən şeir prosesinə mərkəzin, qonşu ölkələrin, habelə dünyada gedən yeni ədəbi axımların mexanizmi təsirsiz ötməyib. Bu gün klassik şərq şeiri növü qəzəl və eləcə də qoşma janrı artıq öz yerini sərbəst (sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən azad olan) şeir formasına verib. Müasir oxucu rəğbətini qazanmış sərbəst şeir, həyat məsələlərinə və ictimai olaylara avanqard düşüncələrlə baxır və çağdaş həyat qaydalarını yeni estetika şərtləri ilə müdafiə edir və eyni halda dünyanın qabaqcıl ədəbi axımları ilə ayaqlaşmağa çalışır..."

Ə.Mücərrədi onu da vurğulayır ki, "bir çox dəyərli modern şeir yazan şairlərin - o cümlədən də, Həmid Asəfi, Hüseyn Misri, Zaman Paşazadə, İsa Zeyni, Süleyman Məhəmmədi, Qadir Cəfəri, Arəş Sai, Bəhnaz Muğanlı, Mürtəza Səlmaninin və b. əsərləri işıq üzü görməsə də, zaman-zaman şeirləri dövrü mətbuatda çap edilib, habelə ictimai şəbəkələrdə, şəxsi səhifələrdə yayımlanıb və rəğbətlə qarşılanıb. Lakin digər bir ədəbi axım da vardır ki, qoşma və çarpaz səpkili qafiyə şeirləri yazmalarına baxmayaraq, dil və içərik aspektində olduqca yenidirlər və onların yaradıcılığı intim lirika ilə yanaşı, yeni ictimai məzmunu da ehtiva edir. Əli Cavadpur ("Mənim dəli yaşıdlarım" poeması, "Səsində bir hekayə var"), Rüqəyyə xanım Haşımzadə ("Xan sənəm", "Qırmızılar", "Orda məni danışırlar") və Nadir İlahi ("Bu qəfəs də uçdu bəlkə") həmin axımın adlım təmsilçiləridir.

Güney Azərbaycanda son illərin ədəbi yekunlarına nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin olduğu apaydın görünür. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır.

Bu məqamda yenə də qəbir daşlarını daima üstümüzə kölgə saldığına görə önəmsəyən Ramin Cahangirzadənin "Daş yağışını" xatırladım...

 

Daş üstündə əyləşən qoca

Çəliyini göyə tutub

Tanrıdan yağmur istəyir.

Buludları hardasa gizlətmişdi tanrı.

Axı bir zamanlar

Daşlarla tanrının arasında

Böyük bir müharibə gedirdi.

Min illərdir daşlar

Tanrıya qalib gəlmişdi.

Tanrı daşların acığına

Yağdırmadı buludlarını...

Görəsən, daşlar

Yenə ayağa qalxacaqlarmı?!!

 

Doğrudan da, misraların alt qatındakı mənaları asanlıqla anlayan oxucunun içində istər-istəməz belə bir sual doğulur və cavabını almaq istəyir: - Görəsən, daşlar yenə ayağa qalxacaqmı?! Və daşların qalibiyyəti bağrı çatlamış torpaqlara məlhəm yağışı yağdıracaqmı?! Güney xalqı bir daha azadlıq nəğməsini oxuya biləcəkmi?! Qəribədir, bu məqamda Türkan Urmulunun "Hələ də ən sevdiyim" şeirini oxuduqdan, gənc bir yazar qızın sətirlərin arasından boy verən böyük Azərbaycan sevgisinə, öləsiyə Ana dili sevdasına tanıq olduqdan sonra, bir daha əmin oldum ki, əlbəttə, Güney xalqı azadlıq nəğməsini bir daha, özü də əbədi olaraq oxuya biləcəkdir!

Sözardı: Dörd il öncə hələlik bu yazını bitirdiyim günlərdə Təbrizdə doğulub böyümüş söz adamı, mənim də çox təqdir etdiyim yöndə - klassika ilə çağdaşlığı bir araya gətirərək maraqlı əsərlər qələmə alan Qulamrza İbrahim oğlu Danişvər Azəryarla görüşdüm, onun ağrı-acılarla dolu həyat hekayəsini dinlədim və yaradıcılığı ilə tanış oldum. Azəryarın gözəl səsindən və qüsursuz şeir oxusundan çox etkiləndim... Onu dinləyir və düşünürdüm: Bir xalqın el-obasının əsir alınması, dilinin yasaqlanması onun ən böyük, daim sızlayan, sağalmaz yarasıdı... Və o xalq nə qədər ki, öz bağımsızlığına qovuşmayıb, dili yasaqlardan qurtulmayıb, onun Azəryar kimi şairləri hələ çox yaranacaq, "Lalam mən" kimi şeirlər yazacaq, doğal haqq və hüquqları uğrunda savaşacaqlar:

 

Yenə payız şəhərimə çəkdi rəng,

İl başladı mədrəsələr çaldı zəng.

Haray gəldi mədrəsədən dəng-dəng

Çantamı mən götürmüşəm əlimdə,

Eyvay, yenə dilim qaldı evimdə.

Dərs verilir dünyanın hər yerində

Uşaqlara öz ana dillərində

Hərə oxur öz baba tarixin də

Mənsə burda özgə dildə ağlıram,

Dəftərimi tərsədən varaqlıram.

Əvvəl günü, düşdü dilim dəyərdən,

Atalara pedər deyildi birdən

Ana oldu madər, yuxu oldu xab

Hər sözümə tərsədən aldım cavab.

Başlandı fikrimdə o gündən əzab

Anam yalancıdır, yoxsa müəllim?!

Doğrusu hansıdır bəs mənim dilim?!

Nədən yasaq olub mənim öz adım?!

Niyə çatmır elə, səsim, fəryadım?!

Azəryaram, öz dilimə bağlıyam.

Yeri vardır, vay deyəm, qanağlıyam,

Bu dərdə mən, bir ömürdür dağlıyam.

Odda yanır, ayım, günüm, ilim də!

Eyvay, yenə dilim qaldı evimdə!

 

Ədəbi proses bu gün Güneydə bütün hızıyla davam edir, yazarlar ordusu yeni-yeni əsərləri ilə öz sevgili oxucularını sevindirməkdə, Azərbaycan türkcəsini "lal"lıqdan qurtarmaq uğruna çaba göstərməkdədirlər... Və bu ardıcıl çabalar öz bəhrəsini sözsüz ki, verəcək. Əslində son zaman İranda baş verən olaylar və artıq aylardır davam edən kütləvi etiraz dalğaları Güney xalqının Uluyurd hərəkatına başlamağa qadir olduğunun göstərgəsidir. O gün isə uzaqda deyil...

 

 





16.03.2023    çap et  çap et