525.Az

Ağır gün-güzara dözüb - Qalib Şəfayət yazır


 

Ağır gün-güzara dözüb - <b style="color:red"> Qalib Şəfayət yazır</b>

Qalib ŞƏFAHƏT

 

İRƏLİ

50 yaşa ithaf

 

Düzlər-düzənlər dolaşdın,

dərədən keçdin,

təpədən aşdın. 

Nəfəsin təngiyəndə

neçə çeşmələrdən

əyilib su içdin.

Gəlib çıxdın əlli yaşın

yan-yörəsinə, 

sıxıla-sıxıla,

yıxıla-yıxıla...

Gözünün ucu ilə

dörd bir yanına

baxa-baxa,

boynu bükük,

tək-tənha dolaşırsan.

Anamın yetim balası.

Hələ arxaya boylanıb,

Gözlərin çox dolacaq

Qəlbin, ruhun öz odunda

alovlanıb yanacaq.

Çünki

əlli yaşda yetimsən.

Eh! Bu nə yerişdi,

hərdən irəliləyirsən,

hərdən yolu çaşırsan.

İrəli get bir azdan

Səssiz-səmirsiz

əlli yaşı aşırsan.

Bir azdan,

arxaya boylanıb,

Yanlışlara baxıb,

özünü qınayarsan

Uduzduğun ömrün,

Ağır havasını udarsan.

Çiyinlərin əyilər

Ciyərlərin sıxılar,

Ürəyin çırpınar,

sıradan qalma geri

addımla irəli.

 

BÖYÜDÜR

Anam Nəzakətin əziz xatirəsinə

 

İndiyədək sən böyütdün,

İndən belə dərd böyüdür.

Sən bir oğul böyütmüsən.

O, bir igid, mərd böyüdür.

 

Ağır gün-güzara dözüb,

Azara-bezara dözüb.

Sərt şaxtaya, qara dözüb,

Döha möhkəm, sərt böyüdür.

 

Gündə yandı üzüm, anam,

Eynək taxır gözüm, anam,

Dərd içində sözüm, anam,

Qəlbimdə möhnət böyüdür.

 

MƏLƏK ÇIXIB

 

Tüfəng axtarırdı, yazıq hərifin

Başının altından min kələk çıxıb.

Şeytanın oyunu qatıb başını,

İblis bildikləri bir mələk çıxıb.

 

Ürəklə sevmədim, mən ürək qoydum.

Qurağa tuş gəldi, günəş qovurdu.

Külümlə oynadım, odumda yandım.

İstisi, hənirini külək sovurdu.

 

Bəlkə göylərdən daş düşməliydi,

Agac budağından bir yarpaq düşür.

Bədənin üstündən baş düşməliydi.

Başlar əyildikcə ta papaq düşür.

 

BAĞIŞLA

 

Unutmaq,

sən deyən qədər,

asan deyilmiş.

Özündən uzağa

daş atmaq kimi.

Ya da,

qəflətən yuxudan

adam oyatmaq kimi.

Səbrin tükənməyi,

Dilin qısalmağı,

Qəlbin sınmağı,

Umidin ölməyi,

Hələ, adamın,

qəflət yuxusundan

oyanmağı var.

Eşqın önündə mərd-mərdanə

dayanmağı var.

Bağışla, sənə

yad kimi baxmaq olmur.

Gecələr yerinə girib

heç nəyi düşünmədən

rahat-rahat yatmaq olmur.

Üz-üzə gələndə,

üzünü yana çevirsən də,

arxanca boylanıb

baxmamaq olmur.

Beləcə özümlə,

vuruşa-vuruşa, dalaşa-dalaşa,

ömru sürükləyib gətirdim

bu saata, bu günə,

bu qarlı qışa...

Bağışla,

səni unutmağa

vaxtım olmadı.

 

GEDƏCƏM

 

Arxayın ol məndən!.. Gedəcəm daha!

Bilirəm, nə olsun yolum uzaqdı?!.

Buralarda yenə ilişib qalsam,

Taleh üz döndərib uzadacaqdı...

 

Ya atlanım gedim, ya piyada mən,

Bircə yola çıxıb, getməyim gərək.

Yanında qaldıqca üzürəm səni,

Uzaqlaşıb gözdən itməyim gərək...

 

Sən də fikir çəkmə, ömrünü sür get.

Yığıb aparası bir şeyim yoxdu.

Nəyim qalsa sənə, halalın olsun,

Günahım üstündə haqqımdan çoxdu.

 

Nə olsun xəstəyəm, əlacım yoxdu,

Ümidsiz ölməyə haqqım çatmır ki.

Onsuzda mənimtək xəstələr çoxdu,

Mən öləsi olsam, dünya batmır ki!

 

Nə vaxtsa səninlə görüşə bilsək,

Üzə üz tutmağa üzümüz ki var.

Birgə baxammadıq dünyaya, neynək?!

Özümüzə baxaq, gözümüz ki var...

 





16.03.2023    çap et  çap et